Cığal “Molde” - Zaur Xudiyev yazır   
01 sentyabr 2020 18:08 (UTC +04:00)

Cığal “Molde” - Zaur Xudiyev yazır  

“Qarabağ” "Molde" oyunu ətrafındakı spekulyasiyalar norveçlilərin cığallığından başqa bir şey deyil.

Uzaq məsafə, isti və rütubətli iqlim şəraiti, üstəlik, hər nə qədər azarkeş amili olmasa da, "Qarabağ"ın evdə inamlı oyunu skandinaviyalıların kürkünə birə salıb.

Deməli, "Molde" ölkələrində tətbiq olunan karantin rejimini əsas gətirərək "Qarabağ"la oyunu hansısa neytral meydanda oynamaq istəyir. Səbəb də budur ki, pandemiya ilə əlaqədar Norveçə giriş edən istənilən şəxs 10-14 gün təcrid rejimində qalmalıdır. Bu, hətta Norveçin öz komandası olsa belə.

"Molde" iddia edir ki, Bakıya gəlsələr, geri qayıdanda karantinə alınacaqlar.

İndi bir neçə sual maraqlıdır.

1. Necə olur ki, Bakıya gələn komanda qayıdanda karantinə alınır, amma hansısa neytral meydanda oynayanda yox?

2. Bundan əvvəlki tur Sloveniyaya gedib "Celye" ilə oynamaq olar, Bakıya gəlib "Qarabağ"la oynamaq olmaz?

3. Norveç yığması bir neçə gün sonra UEFA Millətlər Liqasında Avstriyanı qəbul etməlidi, ardınca isə komanda Şimali İrlandiyanın qonağı olacaq. Onda nə edəcəklər?

4. "Qarabağ"a uduzsalar da, udsalar da ya ÇL-də, ya da AL-də pley-off oynayacaqlar. Orda isə oyunlar iki matçdan ibarət olacaq. Bəs o zaman neyləyəcəklər?

5. Lap tutalım ki, onu da birtəhər keçib qrupa düşdülər, o zaman nətər olacaq?

Çox absurd, çox mənasız, necə deyərlər, qarşındakını uşaq yerinə qoyub başını aldatmağa cəhd kimi qiymətləndiriləcək bir iddiadır və heç bir halda qəbul edilməməlidir.

Əgər işə UEFA qarışsa, bu halda həm AFFA, həm də dövlət bütün rıçaqları ilə "Qarabağ"ın yanında olmalıdır.

Norveç qanunları ilə bağlı problem bizim yox, "Molde"nin məsələsidir!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2881

Oxşar yazılar