705
12:19
31 Avqust 2020

Dövlət və inanclı toplum: Onlar arasında qarşlıqılı anlayış bu günlər daha qabarıqdı

Dünən bütün müsəlman dünyasında Aşura günü qeyd olundu. Bu günün islam tarixində əhəmiyyətli, özünəməxsus bir yeri var. İslam dünyasının, müsəlman şərqinin ayrılmaz parçası Azərbaycanda da bu gün və məhərrəm ayı boyunca digər matəm günləri də geniş miqyasda qeyd edilir.

Ötən illərlə müqayisədə bu il pandemiya səbəbindən bəzi ayinlərin təxirə salındı. Həcc ziyarəti də təxirə düşdü. Ramazan ayı boyunca da ayinlər məscidlərdə icra olunmadı, Qurban bayramı da bu şəkildə qeyd olundu.

İmam Hüseyn təziyəsi və Aşura mərasimləri Azərbaycanda həmişə öz izdihamı ilə seçilib. Məscidlərə toplaşan minlərlə mömin imam Hüseynin qətli ilə bağlı yas saxlayıb, əzadarlıq mərasiminin iştirakçısı olub. Yüksək intizamı ilə diqqəti çəkən bu mərasimlər ölkənin inanclı kəsiminin kədərini ifadə etmək üçün imkan olub.

Amma bu il fərqlidi. Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumatda məscidlərin açılması ilə bağlı vətəndaşların narahatlığı təbii qarşılansa da qeyd edilib ki, bu gün vəziyyət tamamilə başqadır. Bütün dünya pandemiya dövrünü yaşayır. Hazırda istər İslam, istərsə də qeyri-müsəlman dövlətləri təkcə dini sahədə deyil, bütün sahələrdə insanları bir yerə toplayan tədbirləri təxirə salıblar.

Hazırda bütün ölkələr pandemiya ilə bağlı yaradılan qərargahların qərarlarını əsas tuturlar. Bu qərarların əsas prinsipi isə insanların sağlamlığıdır.

“Bu gün biz əvvəlki dövrlərdən fərqli olaraq, internet, sosial şəbəkələr vasitəsilə alimləri dinləyib öz ailəmizin yanında da matəm mərasimi qura bilirik. Sovet dövründə belə dini mərasimlərin keçirilməsi ümumiyyətlə qadağan olunmuşdu. Bu gün isə bunun üçün hər bir şərait var. Sadəcə olaraq, pandemiyanın törədə biləcəyi mənfi nəticələri nəzərə almaq və Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək lazımdır”, – deyə QMİ-nin nümayəndəsi Ağasəid Yaqubov bildirib.

Elə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada da qeyd olunur ki, tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaqdı. “Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin dediyinə görə, hətta Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət ediblər. “Çünki insanlar orda sıx şəkildə iştirak edirlər. Bizdə də il ərzində insanlar məscidlərdə daha çox Ramazan və Məhərrəm aylarında toplanırlar deyə, vəziyyəti tənzimləmək bir qədər çətindir. Lakin insanlar bilsin ki, bu, diqqət mərkəzində olan mövzudur, heç kəs bu məsələyə biganə yanaşmır, müzakirələr gedir, lakin hazırda məscidlərin açılması mümkün görünmür”.

Siyasi ekspert Aydın Quliyevin dediyinə görə, dövlətlə dini icmaların, o cümlədən müsəlman toplumu arasında münasibətlər o qədər şəffaf və anlaşıqlıdır ki, dövlətin təhlükəsizliyi, cəmiyyətin sağlamlığı və daha sabit gələcək naminə atılan addımlar inamlı insanlar tərəfindən birmənalı dəstəklənir. “Cəmiyyətimiz aydın görür ki, bəzi dini mərasimlərin müvəqqəti məhdudlaşdırılmasına məcbur olan dövlətimiz ən qədim müsəlman məscidinin bərpasına, demək olar ki, bütün kəndlərdə, hətta bəzən bir neçə möhtəşəm məscidlərin tikintisinə böyük diqqət və qayğı göstərir, məscidlərə milyonlarla insanın başqaları ilə birlikdə mənəvi kamilliyin və insanlığın zirvəsinə yüksəldiyi əvəzolunmaz məkanlar kimi baxır. Dini ekstremist qüvvələr pandemiya ilə daha uğurlu mübarizənin tələbləri baxımından bəzi mərasimlərin məhdudlaşdırılmasından sui-istifadə etməyə cəhd etsələr də cəmiyyətdən heç bir dəstək görmədilər və iflasa uğradılar. Cəmiyyətimiz Azərbaycan hakimiyyətinin və şəxsən prezidentin dini siyasətinin əsaslarını əla qavrayır və müdafiə edir. Dövlət və inanclı toplum arasındakı qarşılıqlı anlayış bu günlərdə özünü daha qabarıq büruzə verir. Azərbaycanda hər bir insanın ölümcül xəstəliklərdən qorunması və dini mərasimlərin şəraitə uyğun mümkün icra formalarının tətbiqi arasında gözəl balans yaradılıb. Azərbaycan xalqı yüksək dəyər verir ki, eyni vaxtda həm cəmiyyətimiz koronavirusdan etibarlı mühafizə edilir, həm də milyonlarla müsəlmanın öz dini mərasimlərinə bağlılığı ziyan görmür”.

Dİgər xəbərlər