3067
21:07
13 Avqust 2020

“Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycanda olarkən gördülər ki, öz Vətənindədirlər” - İlham Əliyev

“Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olub: “Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir”.

Dövlət başçısı əlavə edib ki, bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önəmli hadisədir: “Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac var. Əminəm, bizim qardaşlarımız - Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənindədirlər. Əminəm ki, onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz”.