5 il qarmon dərsinə gedən “professor”: “O an gözlərimin önünə uşaqlarım gəldi...” - TAYM-AUT
13 avqust 2020 11:57 (UTC +04:00)

5 il qarmon dərsinə gedən “professor”: “O an gözlərimin önünə uşaqlarım gəldi...” - TAYM-AUT

Lent.az bu gündən yeni layihəyə start verir. “Taym-aut” adlanan bu rubrikada Azərbaycan idmanında sözünü demiş şəxslər öz həyat hekayələrini dilə gətirəcəklər. İlk həmsöhbətimiz Azərbaycan yığmasının sabiq futbolçusu, ölkə çempionatının qızıl medallarını hamıdan çox qazanmış, “professor” ləqəbli Mahmud Qurbanovdur.

 

“Dəcəl, hərəkətli uşaq olmuşam”

“1973-cü il, mayın 10-da Gəncədə, fəhlə ailəsində anadan olmuşam. Ailədə 6 uşaq olmuşuq: 3 oğlan, 3 qız. Evin ikinci övladıyam. Bir bacım məndən böyükdür. Uşaqlıq illərim Gəncədə keçib, orada boya-başa çatmışam. Atam tekstil fabrikində fəhlə işləyirdi, anam isə xalça kombinatında. Xalça kombinatı evimizin yanında yerləşirdi, buna görə də işləməsi anamın bizə baxmasına o qədər də çətinlik yaratmırdı. O evdə olmayanda qayğımıza böyük bacım qalırdı. Dəcəl, hərəkətli uşaq olmuşam”.

 

“Pəncərəni qırmışam, başıma su töküblər”

“İdmana böyük marağım var idi. Əvvəlcə güləşlə məşğul oldum. Sonra baxdım ki, məhəllədə hamı futbol oynayır, mən də onlara qoşuldum. Belə-belə futbolun vurğununa çevrildim. Səhərdən axşama kimi məhəllədə top dalınca qaçırdıq. Daşları qoyub qapı düzəldirdik. Qonşunun pəncərəsini qıran vaxtlarımız olub. Buna görə üstümüzə qışqırıblar, başımıza su da töküblər. Çox hay-küy salırdıq, bu da qonşuların narazılığına səbəb olurdu. Xüsusilə, yaşlı qonşular gedib valideynlərimizə bizdən şikayət edirdilər. Uşaqlıqdan uduzmağı sevməmişəm. Futbol oynayanda az dalaşmamışam. Xüsusən digər məhəllələrlə oyunlar prinsipial keçirdi”.

 

“Qalstukla futbol oynayırdıq”

“Gəncədə 18 nömrəli şəhər məktəbində oxumuşam. Məktəbimiz çox böyük idi və arxasında stadion yerləşirdi. 2-ci sinifdə oxuyardım, dərsdən sonra stadionda futbol oynayırdıq, özü də məktəbli formasında, qalstukla. Futbola 10-11 yaşımdan getməyə başladım. 1985-ci ildə baş məşqçimiz Konstantin Abramenkonun rəhbərliyi altında ilk dəfə turnirə yollandıq - Pskov vilayətinə. Əvvəlcə qatarla Moskvaya getdik. Birinci dəfə idi ki, Moskvada olurdum, Qırmızı meydanda, mavzoleydə şəkil çəkdirmişdik. Abramenko əsl futbol fanatı idi. İmkansız uşaqlara öz cibindən pul xərcləyib “keta” alırdı. Məşqdə cırılan topları özü tikirdi. Stadionun paltardəyişmə otağını da özü təmir etmişdi. Məşqdən sonra bizə çay verirdi, turnirlər danışırdı. Allah ona rəhmət eləsin. O vaxt Gəncə futbolundan çıxanların 99 faizi Abramenkonun yetirməsi idi”.

 

“Qarmonumu hələ də saxlayıram”

“Valideynlərim məni 2 nömrəli musiqi məktəbinə, qarmon dərsinə yazdırmışdılar. İstəyirdilər ki, qarmonun sirlərini öyrənim. 5 il oxudum, amma heç nə öyrənə bilmədim (gülür). Musiqi məktəbi stadionun yaxınlığında yerləşirdi. O qədər olub ki, evdən qarmonla birlikdə məktəbə getmək adı ilə çıxmışam, amma futbol oynamağa getmişəm. Hələ də həmin qarmonu saxlayıram, Gəncədəki evimizdədir. Di gəl, ifa edə bilmirəm. Futbola sevgim daha üstün oldu. Düzdür, qohum-əqrəbada musiqiçi yox idi, amma buna baxmayaraq, ailəm məni musiqiçi kimi görmək istəyirdi. Ümumiyyətlə, o dönəmdə bir çox valideynlər övladlarını musiqiyə yazdırırdılar”.

 

“Heç cür o fənni “tuta” bilmirdim”

“Orta məktəbdə dərslərimi pis oxumamışam. Fənlərdən ən çox coğrafiyaya marağım var idi. Xəritəyə baxanda bir çox ölkədə olmağın xəyalını qurardım. Ölkələrin harada yerləşdikləri mənə çox maraqlı gəlirdi. Ən çətinlik çəkdiyim fənn isə fizika idi. Heç cür o fənni “tuta” bilmirdim. Hansısa dərsdən “2” aldığım vaxt da olub, amma rüblükdə qiymətlərim “4”, “5” olurdu. Valideynlərim yaxşı oxumağımı tələb edirdilər. Buna görə də “2” alanda gündəliyimi gizlədirdim, onlara göstərmirdim”.

 

“İlk maaşım 85 rubl olub”

“Açığı, futbola böyük həvəsim olsa da, o vaxt futbolçu olacağımı düşünmürdüm. Onda oyunları televiziya vasitəsilə izləmək indiki kimi asan deyildi. Ancaq dünya çempionatının görüşlərinə baxa bilirdik, bir də SSRİ komandalarının avrokubok matçlarına. “Kəpəz”də belaruslu yarımmüdafiəçi var idi, soyadı Melnikov idi. Mən də həmin mövqedə oynadığımdan, onun çıxışı çox xoşuma gəlirdi. Melnikovun etdiklərini səhər məşqdə təkrarlamağa çalışırdım. Bir gün Abramenkonun komandası “Kəpəz”lə yoldaşlıq oyunu keçirirdi, mənim də 17 yaşım var idi. Oyundan sonra köhnə futbolçu Şamil Hüseynov yaxınlaşıb dedi ki, səni “Kəpəz”ə dəvət edirlər, sabah gələrsən. Həmin vaxt Əhməd Ələsgərov “Kəpəz”ə yeni baş məşqçi gəlmişdi. Getdim, məni bəyəndi və komandaya götürüldüm, maaş almağa başladım. İlk maaşım 85 rubl olub. O pulun yarısından çoxunu evə verdim. Qalanı ilə Abramenkonun komandasında birgə oynadığım uşaqlara xudmani qonaqlıq təşkil etdim. Beləcə pul qazanmağa, ailəmə kömək olmağa başladım”.

 

“Deyir ki, mən də dayım kimi futbolçu olacağam”

“Mənə qədər bizim nəsildən futbolçu çıxmamışdı. Kiçik qardaşım Rafiq də bir ara futbol oynamaq istədi, hətta MOİK-də idi. Az oynadı. Sonra jurnalistika ilə məşğul oldu, “Kəpəz TV”də işlədi, indi isə Gəncədə uşaq futbolunda məşqçilik edir. Ortancıl qardaşım isə polis sistemində idi, o da Gəncədə yaşayır. Təkcə böyük bacım Sankt-Peterburqdadır, mən Bakıdayam. Qalan qardaş-bacılarım və anam isə Gəncədədir. Pandemiya ilə əlaqədar olaraq uzun müddətdir onları görə bilmirəm. Tez-tez telefonla əlaqə saxlayıram. Sankt-Peterburqdakı bacımın oğlu “Zenit”in futbol məktəbinə gedir. 16-17 yaşı var, görək necə olacaq? Bir də Gəncədə yaşayan, balaca bacımın oğlu son vaxtlar həvəslənib. Deyir ki, mən də dayım kimi futbolçu olacağam. İndi “Kəpəz”in uşaq komandasındadır. Necə olacağını zaman göstərəcək. Oynaya bilsə, dəstək olaram”.

 

“Həyat yoldaşım qonşumuz olub”

“25 yaşında evlənmişəm. Əsl vaxtında tərpənmişəm (gülür). Həyat yoldaşım qonşumuz olub. Həm özümün, həm də valideynlərimin istəyi ilə onunla ailə həyatı qurmuşam. İki qızımız var. Övladlarım dünyaya gələndə mən Azərbaycanda olmamışam. Hər iki halda - həm 2000-ci, həm də 2002-ci ildə ölkə xaricində təlim-məşq toplanışında idim. Yalnız Azərbaycana qayıdandan sonra uşaqlarımı görə bilmişəm. Onda hər adamın mobil telefonu yox idi. Futbolçu ikən övladlarımın ad günlərində çox vaxt yanlarında ola bilmirdim. Çünki birinin ad günü yanvarda, digərinki isə fevraldadır, mən isə həmin vaxt adətən təlim-məşq toplanışında olurdum”.

 

“Hər iki qızım mənə bənzəyir”

“Yoldaşımla birlikdə övladlarımızı çox sıxan deyilik, amma həmişə onları nəzarətdə saxlamışıq. Çalışmışıq ki, uşaqların da öz fikirləri olsun, hər şeyi qavrasınlar. Bizə çox bağlıdırlar. Təhsil, ixtisasla bağlı seçimlərinə qarışmamışam. Hər iki qızım hazırda universitetdə oxuyur. Övladlarımdan razıyam. Kiçik qızım sifətdən mənə oxşayır. Xasiyyət baxımından isə hər ikisi mənə bənzəyir. Kiçik qızım çox sakitdir. Ümumi götürsək, məndə olan xasiyyətlərdən hər ikisində var. Qızlar atalarına bağlı olurlar. Balaca vaxtı oyunlarımı televizordan izləyirdilər. Mən olduğum komanda qalib gələndə sevinirdilər, məğlub olanda isə ağlayırdılar ki, atamız uduzub (gülür). Məğlubiyyətlər mənə çox pis təsir edirdi. Uşaqlar da xasiyyətimi bildiklərindən, uduzduğumuz oyundan sonra evdə sakitlik olurdu (gülür). Qələbə qazandığımız matçlardan sonra isə ilk təbriki qızlarımdan alırdım. Övladlarım həmişə sözə baxan, dərslərini oxuyan, hər şeyin yerini bilən olublar”.

 

“Əsl dost çox olmaz”

“Dostum yox, tanışlarım çoxdur. Əsl dost çox olmaz. Dost odur ki, onunla bütün sirlərini bölüşürsən, ürəyini aça bilirsən. Elə dostum 5-6 nəfər olar. Nəyi bağışlamaram? Çox şeyi bağışlamaq olmur. Yalanı, birinin digərini pis, çətin vəziyyətdə qoymasını xoşlamıram”.

 

“Gördüm ki, böyük çevrəm daralmağa başlayır...”

“Həmişə qazandığım pulu düzgün idarə etmişəm. Futbolçu karyeramda 11 dəfə ölkə çempionu olmuşam deyə, hamı düşünür ki, bunun qarşılığında çoxlu pul qazanmışam. Açığı, futbolçu kimi güclü müqavilələrim olmayıb. Əlimə nə keçibsə, Allah nə yetiribsə, onu düzgün istifadə etmişəm. Pul hər şey demək deyil. Amma yaşamaq, ailəni dolandırmaq üçün pul lazımdır. Pulsuzluq pis şeydir. Qohum-əqrəba, dost-tanış arasında məndən borc pul istəyənlər olub. İmkanım daxilində hamısına kömək etmişəm. Buna normal baxıram. Əslində, imkanın varsa, başqalarına kömək etməlisən. Sadəcə, cəmiyyətimizin psixologiyası belədir ki, üzdə olduğun vaxt tanışların daha çox olur. Futbolla vidalaşandan sonra gördüm ki, çevrəm daralmağa başlayır”.

 

“Böyük səhvə yol verməmişəm”

“Hamının həyatında səhvlər, geriyə boylananda peşman olduğu məqamlar var. Bunsuz mümkün deyil. Böyük səhvə yol verməmişəm. Amma kiçik səhvlərim olub. İndi fikirləşirəm ki, o anda başqa cür hərəkət etsəydim, daha yaxşı olardı. Futbolçu kimi bir klubdan başqasına keçəndə hiss etmişəm ki, artıq həmin komandada missiyam tamamlanıb, digərində mənə daha çox ehtiyac var. Şükürlər olsun ki, hansı klubda oynamışamsa, çempion olmuşam. Deməli, seçimi düz etmişəm”.

 

“Biri özünü “Cimi”yə, digəri “Şaka”ya oxşadırdı”

“Cəmiyyət içində olmağı xoşlayıram, çox vaxt piyada gəzirəm. Maşınla tıxaca düşəndə onu yolun kənarında saxlayıb metroya düşən insanam. Əvvəl bu baxımdan kompleksim var idi, amma indi yoxdur. Futbol oynayanda üzdə, diqqət mərkəzində olursan. Harasa gedəndə baxırdım ki, hamı baxır. Buna görə də bir az narahatlıq yaranırdı, sıxılırdım. İndi isə rahatam. Elə populyar adam deyiləm ki, hamı mütləq tanısın. Futboldan başqa domino oynamağı bacarıram (gülür). Piyada gəzməyi, futbola və tarixi kinolara baxmağı xoşlayıram. Bizim uşaqlıq dövrümüzün kinoları hind kinoları olub. Yadımdadır, hind kinolarına baxdıqdan sonra biri özünü “Cimi”yə, digəri “Şaka”ya oxşadırdı, onlar kimi dalaşmaq istəyirdi. Azərbaycanın köhnə kinolarına da baxmağı sevirəm. “Bəyin oğurlanması”, “Yol əhvalatı” və “Axırıncı aşırım” ən sevdiyim filmlərdir. İllər keçsə də, televizorda o kinoları göstərəndə baxıram. Cavan vaxtı muğamata çox qulaq asardım. İndi musiqi dinləməklə aram yoxdur. Qonaq getməkdən və qəbul etməkdən isə həmişə sıxılmışam”.

 

“Qocalmaqdan qorxmuram”

“Qocalmaq qorxusu yoxdur məndə, amma yaşlaşdığımı hiss edirəm. Futbolçu karyeramın axırıncı illərində də bunu hiss edirdim. Cəldliyim azalmışdı. Uşaqlar böyüyürsə, deməli, sən artıq yaşlaşırsan. Uşaq vaxtı ad günlərini xoşlayırdım. Amma böyüdükcə fikirləşirsən ki, yaş artır”.

 

“Fikirləşdim ki, həyatımın son saniyələridir...”

“Həmişə hündürlükdən qorxan olmuşam. Yüksək yerdən aşağı baxsam, birtəhər olaram. 5 mərtəbəli binada qalırdıq, binanın damına çıxa bilmirdim. Çıxanda da 10 metr aralıdan baxırdım. Elə bilirdim ki, ayağımı 1 metr irəli atsam, binadan yıxılacam. Bir dəfə təyyarədə elə bir hadisə ilə üzləşmişəm ki... Təyyarənin mühərriklərindən biri xarab olmuşdu. Səfərim futbolla bağlı deyildi. Şəxsi işimlə əlaqədar Dubaya uçurdum. Səmada çox qorxulu anlar yaşadıq. Fikirləşdim ki, həyatımın son saniyələridir. O an gözlərimin önünə ailəm, uşaqlarım gəldi”.

 

“Bütün qardaş və bacılarımı yerbəyer etmişəm”

“Yaxınlarımı itirməkdən qorxuram. Atam dünyasını tez dəyişdi. Ondan sonra məndə bu qorxu hissi qaldı. Atam həyatdan köçəndən sonra çalışdım ki, bütün qardaş və bacılarımı yerbəyer edim. İmkanım daxilində hər birinə əl tutmuşam. Həm toylarını etməkdə, həm işə düzəltməkdə, həm də digər məsələlərdə köməyim dəyib. Özüm üçün heç vaxt narahat olmamışam. Amma övladlarımın gələcəyi üçün narahatam, bunu hər an düşünürəm”.

 

 

 

# 24427
avatar

Rizvan Babayev

Oxşar yazılar