Dünyanın bu günü  - VİDEO
13 avqust 2020 09:06 (UTC +04:00)

Dünyanın bu günü  - VİDEO

1. FİDEL KASTRO RUS

(1926-2016)

Kuba inqilabının lideri, 1959-2008-ci illərdə Kubaya rəhbərlik etmiş Fidel Alexandro Kastro Rus 13 avqust 1926-cı ildə Kubanın Biran şəhərində anadan olub. Çilinin paytaxtı Santyaqoda katolik internatında və Havanadakı yezuit kollecində oxuyub. Sonradan Havana Universitetində hüquq təhsili alıb. 1950-ci illərin əvvəlində siyasi fəaliyyətə başlayıb. 1 yanvar 1959-cu ildə silahlı yolla mübarizə apardığı Kuba diktatoru Batistanı devirərək, hakimiyyətə gəlib. 1959-1976-ci illərdə Kubanın baş naziri, 1976-2008-ci illərdə isə dövlət başçısı olub. 1961-2011-ci illərdə Kuba Kommunist Partiyasının birinci katibi, 1979-1983 və 2006-2008-ci illərdə isə Qoşulmama Hərəkatının baş katibi olub. Saatlarla dayanmadan danışa bildiyi üçün alovlu natiq kimi də tarixə düşüb. Latın Amerikasında kommunist inqilabının simvolu sayılan "Komandante" ləqəbli Fidel Kastro 2006-cı ilin iyulunda səhhətindəki problemlərə görə hakimiyyəti müvəqqəti olaraq qardaşı Raul Kastroya təhvil verib, 2008-ci ilin fevralında isə prezidentlikdən imtina edib. Fidel Kastro 25 noyabr 2016-cı ildə vəfat edib.

2. ELMİRA RƏHİMOVA

(1941)

Azərbaycanın xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova 1941-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb, Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edən Elmira Rəhimova dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

3. AZƏR PAŞA NEMƏT

(1947)

Azərbaycanın xalq artisti, rejissor Azər Paşa Zəfər oğlu Nemət 1947-ci ilin bu günü Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə, Bülbül adına orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim, 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəlcə rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1990-cı il aprelin 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 1991-ci ildən Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədridir. 31 avqust 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, 6 yanvar 2016-cı ildən direktorudur. Cəfər Cabbarlı mükafatı, TÜRKSOY-un "Haldun Taner" mükafatı və Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azər Paşa Nemət görkəmli rejissor, əməkdar incəsənət xadimi Zəfər Nemətovun oğludur.

4. YUSİF QASIMOV

(1963-1992)

Şəhid Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində anadan olub. Gəncədəki 18 saylı orta ümumtəhsil məktəbində oxuyub. 1986-1990-cı illərdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. Ailə vəziyyəti nəzərə alınaraq, təyinatla Azərbaycana göndərilib. Azərbaycan Daxili Qoşunlarının formalaşmasında iştirak edib, N saylı hərbi hissədə vzvod komandiri olub. Dəfələrlə cəbhə xəttinə ezam olunaraq, Azərbaycan torpaqlarının müdafiəsində misilsiz xidmətlər göstərib. 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralanaraq itkin düşüb. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 17 aprel 2006-cı il tarixli qətnaməsi ilə leytenant Yusif Qasımov Qarabağ uğrunda gedən döyüşlərdə ölmüş elan edilib. Azərbaycan Prezidentinin 9 mart 2018-ci il tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

5. AYGÜN BAYRAMOVA

(1967)

Azərbaycanın xalq artisti, xanəndə və opera müğənnisi Aygün Əliqulu qızı Bayramova 1967-ci il avqustun 13-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. 1989-cu ildə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda xalq artisti Şövkət Ələkbərovanın sinfini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb. 1989-cu ildən Muğam Teatrının, 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəm rollarını böyük ustalıqla ifa edib. Aygün Bayramova bir neçə dəfə Prezident Mükafatına layiq görülüb.

6. ELÇİN ƏZİZOV

(1975)

Azərbaycanın xalq artisti, bariton opera müğənnisi Elçin Yaşar oğlu Əzizov 1975-ci ilin bu günü Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə Bakıda məktəblərarası Şən və Hazırcavablar Klubu yarışmasında çıxış edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 2000-ci ildə "Parni iz Baku" Şən və Hazırcavablar Klubu ilə Superkuboku və "XX əsrin ən yaxşı komandası" adını qazanıb. Bir il sonra "Parni iz Baku"dan ayrılıb. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin Yay Akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. 2008-ci ildə Rusiya Dövlət Akademik Böyük Teatrın ilk azərbaycanlı solisti kimi tarixə düşüb. Elçin Əzizov Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin laureatı, 9-cu Motsart Beynəlxalq Müsabiqəsinin finalçısı, Beynəlxalq Musiqi Xadimləri İttifaqının mükafatçısıdır.

7. ÇİNGİZ CUVARLI

(1913-2000)

Azərbaycanın əməkdar elm xadimi, akademik Çingiz Mehdi bəy oğlu Cuvarlının anım günüdür. O, 1 may 1913-cü ildə Gəncə şəhərində anadan olub. 1922-1931-ci illərdə orta məktəbdə və texnikumda oxuyub. 1931-ci ildə Azərbaycan Sənaye İnstitutuna qəbul olub. 1936-1938-ci illərdə "Azərbaşenerji"nin mərkəzi istehsalat-tədqiqat laboratoriyasının mühəndisi, 1936-1942-ci illərdə Azərbaycan Sənaye İnstitutunun müəllimi və elmi-tədqiqat sektorunun elmi əməkdaşı olub. 1942-1946-cı illərdə Gəncə şəhər Elektrik Şəbəkəsinin baş mühəndisi və direktoru, 1944-1947-ci illərdə Azərbaycan SSR EA Gəncə elmi-tədqiqat bazasının baş elmi işçisi, 1951-1962-ci illərdə Azərbaycan SSR EA Energetika İnstitutunun laboratoriya rəhbəri, 1954-1960-cı illərdə Azərbaycan Dövlət Universitetin professoru, 1962-1968-ci illərdə Azərbaycan SSR EA Fizika-texnika və riyaziyyat elmləri bölməsinin akademik-katibi vəzifələrində çalışıb. Elmi fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülən Çingiz Cuvarli 13 avqust 2000-ci ildə dünyasını dəyişib.

8. SƏDAYƏ MUSTAFAYEVA

(1926-2004)

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sədayə İsmayıl qızı Mustafayevanın xatirə günüdür. O, 15 iyul 1926-cı ildə Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra atası və qardaşının müharibəyə getməsi ilə əlaqədar Şəkidə fəaliyyət göstərən İpəkçilik Kombinatında işləməyə başlayıb. Sonradan Şəki və Gəncə Dövlət Dram teatrlarında çalışıb, 400-dən artıq maraqlı obraz yaradıb. “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq filmə çəkilib. “Mən ki gözəl deyildim”, “Qaynana”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, Amerika kinematoqrafçılarının istehsal etdiyi “İlk körpü” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. 2003-cü ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Sədayə Mustafayeva 2004-cü il avqustun 13-də Gəncədə vəfat edib. O, xalq artisti Məhəmməd Bürcəliyevin həyat yoldaşı, teatrşünas-tənqidçi Anar Bürcəliyevin anasıdır.

9. RİZVAN PİRNƏZƏROV

(1963-1992)

Şəhid Rizvan Məhərrəm oğlu Pirnəzərov da bu gün xatırlanır. O, 1963-cü il fevralın 15-də Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olub. 1980-ci ildə kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi Siyasi Məktəbinə daxil olub. 1984-cü ilin avqustunda təhsil müddətini başa vurduqdan sonra Əfqanıstandakı sovet ordusuna xidmətə göndərilib. Göstərdiyi cəsarət və igidliyə görə "Qırmızı Ulduz" ordeni, SSRİ və Əfqanıstanın medalları ilə təltif olunub. 1986-cı ilin sentyabrından 1990-cı ilin aprelinədək Pribaltika Hərbi Dairəsində qulluq edib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra könüllü olaraq Gəncə şəhərinə göndərilib. Qazax və Gədəbəydə gedən döyüşlərdə fəal iştirak edib. Rizvan Pirnəzərov 1992-ci ilin avqustunda Gədəbəy istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Paytaxtın Biləcəri qəsəbəsindəki 299 saylı orta məktəb və Şəmkir rayonunun 2 saylı Çənlibel kənd orta məktəbi şəhidin adını daşıyır. 299 saylı məktəbdə büstü qoyulub.

10. FARİZ CƏBRAYILOV

(1973-1992)

Şəhid Fariz Cəbrayıl oğlu Cəbrayılovun anım günüdür. O, 1973-cü il sentyabrın 18-də Hacıqabulda anadan olub. Burada 2 saylı orta məktəbi bitirib. 1992-ci ildə könüllü olaraq ordu sıralarına gedib. Baş Güneytəpə, Manikli, Drmbon, Canyataq, Sırxavənd kəndləri və Çıldıran yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 13-də batalyonun 16 döyüşçüsü Ağdərənin 7 kəndini düşməndən azad edib. Dəstə səkkizinci kəndi azad etmək üçün irəli can atarkən Fariz Cəbrayılov və döyüş yoldaşlarının olduğu zirehli texnika minaya düşüb. BTR-in örtüyünü qaldırıb çıxmaq istəyərkən düşmən gülləsi onun sinəsindən dəyib. Oxuduğu Hacıqabul şəhər 2 saylı orta məktəb indi onun adını daşıyır.

# 1618
avatar

Oxşar yazılar