“Qarabağ”dan Qarabağa - Səbuhi Məmmədli yazır
11 avqust 2020 12:24 (UTC +04:00)

“Qarabağ”dan Qarabağa - Səbuhi Məmmədli yazır

Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınmasına start verildi. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb.

Adı çəkilən dayaq bloku, SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə hazırlanmış ən böyük sualtı konstruksiyadır. Dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. Tikinti zamanı əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunub, heç bir bədbəxt hadisə baş verməyib. Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasın 3.200.000 adam/saat sərf olunub. “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir.

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində önəmli bir məqamı xüsusi ilə vurğulayıb: “Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

Dövlətimizin başçısı “Qarabağ” dayaq blokunun istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək onu da bildirdi ki, , xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır: “Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

Dövlətimizin başçısı İlham Əliyev qeyd edilən müsahibədə texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsinin Azərbaycanın qüdrətini göstərdiyini əsaslı şəkildə diqqətə çatdırdı. Qurğu Azərbaycan istehsalıdır. Azərbaycan artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkədir. Əvvəllər xarici şirkətlərin qazandığı böyük pulları indi yerli şirkətlər qazanır. Görülən işlərin maya dəyəri aşağı düşür və bundan ölkə qazanır

Ekspertlərin fikrincə, “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasını bir neçə aspektdən mühüm hadisə kimi dəyərləndirmək olar. Əvvəla bu hadisə Azərbaycanın neft və qaz sənayesinin qüdrətini, azərbaycanlı mütəxəssislərin yüksək peşəkarlığını və proqnozlarının dəqiqliyini, ölkənin siyasi rəhbərliyinin yerli mütəxəssislərə olan inamını, etimadını nümayiş etdirir.

Dayaq blokunun Azərbaycan mütəxəssisləri tərəfindən inşa edilməsi onu da sübut etdi ki, pandemiya dövründə bir çox ölkələrdə, xüsusilə də enerji sektorunda irimiqyaslı layihələrinin icrası dayandırıldığı halda, Azərbaycan yoluna davam edir, bütün digər sahələrdə olduğu kimi, enerji sektorunda da nəzərdə tutulan layihələr ardıcıllıqla, təxirə salınmadan həyata keçirilir.

Və yenidən diqqət Prezidentin dediklərinə:

 “Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur”.

Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Hə, çox az qalıb; “Qarabağ”dan Qarabağa...

 

# 1945
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar