Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur"
06 avqust 2020 13:26 (UTC +04:00)

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur"

Deputat Aqil Abbas Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edib.

APA-nın məlumatına görə, A. Abbas Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı bildirib ki, vaxtilə əlilliyi “VTEK-lər verirdi: “Öz işçilərinə inanmadılar, əlilliyin təyinatını verdilər Səhiyyə Nazirliyinə. Guya Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdır. Halbuki Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Spiker Sahibə Qafarova bildirib ki, bu gün Səhiyyə Nazirliyinin olmaması ilə bağlı səslənən fikirlər əsassızdır: “Bu gün pandemiyanın qarşısını almaq üçün Səhiyyə Nazirliyi, həkimlər əlindən gələni edir. Dövlət başçısı tərəfindən də, Milli Məclis tərəfindən də onlara təşəkkür edilib. Onlara öz hörmətimizi göstərmişik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə qeyd edib ki, əlilliyi olan şəxslərin hüququnun qorunması haqqında yeni qanun qəbul olunub: “Həmin qanuna əsasən, hazırda əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır. Əlilliyin təyin olunması məsələsinə yenidən baxılır, daha təkmil olması üçün işlər aparılır. 1-ci qrup əlilliyi olan şəxslərlə bağlı şikayətləri qəbul edirik. Nazirlikdə xüsusi komissiya yaradılıb. Həmin komissiya bu şəxsləri əyani təyin etmək üçün müayinələr aparır. Ümumilikdə isə əlilliyin təyin olunması üçün səhiyyə müəssisələrinə müraciət olunmalıdır. Şəxsin tibbi vəziyyəti qiymətləndirilməlidir. Əlilliyin ekspertizasının aparılması üçün nazirliyə müvafiq sənədlər göndərilir”.

# 3919
avatar

Oxşar yazılar