“Uşaqda ağ ciyər pnevmaniyası və s. digər xəstəliklər üzə çıxıb. Müalicəsi üçün lazımi tədbirlər görüləcək”.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov Lent.az-a Binə qəsəbəsində psixi durumu yerində olmayan valideynlərin əlində əziyyət çəkən 5 aylıq körpədən danışarkən deyib.
Onun sözlərinə görə, uşağın səhhəti ilə bağlı yoxlamalar aparılıb və hazırda ailənin mənzil şəraiti araşdırılır:
“Bu gün saat 12-də Komitə tərəfindən uşağın ailəsinin yaşadığı evə baş çəkilib. Xəzər rayon İcra Hakimiyyətinin qəyyumluq şöbəsi ilə birgə ailənin və uşağın vəziyyətini yoxlanılıb. Uşaqda ağ ciyər pnevmaniyası və s. digər xəstəliklər üzə çıxıb. Müalicəsi üçün lazımi tədbirlər görüləcək. Bundan əlavə, ailənin yaşayış və mənzil şəraiti də yoxlanılır. Ailə hansı şəraitdə yaşayır və uşaq həmin evə geri qaytarıla bilərmi, bütün bunlar yoxlamalardan sonra məlum olacaq".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə uşağın anasının hamilə olduğu halda təsərrüfatda işlədiyini bildirib:
“Hazırda 2 saylı klinikada körpənin müalicəsi davam etdirilir. Səhhəti normal stabildir. Nənəsi də uşağın yanındadır. Anası ikinci uşağa hamilədir və Türkan qəsəbəsində bir təsərrüfatda muzdlu işləyir. Çox güman ki, müqaviləsiz işçilərdəndir. Psixi durumu yerində olmayan biridir. Qonşular deyir ki, qadın əvvəl hamilə olarkən əri tərəfindən çox şiddət görüb. İndi də şiddət gördüyünü deyirlər”.
Xəbər verdiyimiz kimi, Kəmalə Ağazadə Bakının Binə qəsəbəsində 5 aylıq körpənin psixi pozğunluq yaşayan valideynlər tərəfindən ölümə məhkum edildiyini bildirmişdi. Birlik sədri faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, uşağı xəstəxanaya yerləşdirmək mümkün olmuşdu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda valideynləri tərəfindən ölümə məhkum edilən 5 aylıq uşaqla bağlı araşdırmalara başlayıb.
Bu barədə komitənin İnformasiya Texnologiyaları və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O, bildirib ki, hazırda uşaq komitənin nəzarəti altındadır:
"Həmin uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən baxış keçirilib. Əməkdaşlarımız ailənin yaşadığı evə gedib və uşağın nənəsi ilə görüşüb. Psixiatrlar tərəfindən valideynlərin psixi durumunun yoxlanılması həyata keçiriləcək. Bundan başqa, ailəyə psixoloji və sosial dəstəyin göstərilməsi, uşağın sağlamlığının yoxlanılması tamamlandıqdan sonra məsələyə hüquqi qiymət veriləcək. Hazırda aparılan araşdırmalara Xəzər rayon İcra Hakimiyyəti də dəstək göstərir".
***
Saat: 10:29
"Bakının Xəzər rayonunda 5 aylıq körpə psixi xəstəlikdən əziyyət çəkən valideynlərin əlində ölüm dirim mübarizəsi aparır".
Bu barədə məlumatı Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Birlik sədri paytaxtın Binə qəsəbəsində yaşayan ailənin 5 aylıq körpəsinin baxımsızlıq ucbatından müxtəlif xəstəliklərə tutulduğunu bildirib:
“Bu video və fotoları dünən axşamdan instaqramda mənə göndərdilər. Araşdırdım ki, həmin videonu ailənin qonşusu çəkib və o, özü uşağı 2 saylı uşaq klinikasına yerləşdirib. Uşaqda qasıq “qrija”sı var. Körpə aylarla ac saxlanıldığı üçün inkişafdan geri qalıb. Qonşunun dediyinə görə, artıq uşağın ağzında yaralar əmələ gəlib ki, bu da hansısa xəstəliyin fəsadlarıdır. Məlumata görə, valideynlər psixi durumu yerində olmayan insanlardır. Qadın ikinci uşağa hamilədir. Niyə həmin ərazinin sahə həkimi, pediatr uşaqla maraqlanmayıb? Ola bilər ailə kasıbdır, ancaq doğum olanda pediatra məlumat verilir axı. Biz bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik ki, müalicə bitdikdən sonra uşaq icra hakimiyyətinin də iştirakı ilə dövlət müəssisəsinə yerləşdirilsin”.