09:04
19 İyul 2020

Dünyada bu gün - VİDEO

VLADİMİR MAYAKOVSKİ

(1893-1930)

1. Rus sovet şairi, dramaturq Vladimir Vladimiroviç Mayakovski 1893-cü il iyulun 19-da Gürcüstanın Bağdati kəndində doğulub. Kutaisi şəhər gimnaziyasında, 5 nömrəli Moskva gimnaziyasında, Moskva Rəsm və Heykəltəraşlıq Məktəbində təhsil alıb. Müxtəlif illərdə 35 qəzet və 57 jurnalda yazılar yazıb. Futurizm hərəkatına qoşulub, burjua adətlərinə meydan oxuyan əsərlər yaradıb və dəfələrlə həbs olunub. Şeir yazmağa orta məktəbdə başlayıb. Teatrlarda pyesləri təqdim edilib, baş rejissor və rejissor kimi çıxış edib, 9 film ssenarisi yazıb. Vladimir Mayakovski 1930-cu il aprelin 14-də intihar edib və Moskvanın Novodeviçye qəbiristanlığında dəfn edilib. Ölümündən sonra doğulduğu kəndə şairin adı verilib.

DAVUD PAŞAYEV

(1940-2010)

2. Rusiya Qəhrəmanı Davud Hüseyn oğlu Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olub. Atası azərbaycanlı, anası rusdur. Ural Politexnik İnstitutunda təhsil alıb. SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinatı əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyində işləyib, birliyin Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru olub. 1993-2004-cü illərdə "Sevmaş" və digər əlaqəli istehsalat müəssisələrini birləşdirən Rusiya Dövlət Atom Gəmiqayırması Mərkəzinin baş direktoru, 2004-cü ildə isə prezidenti təyin olunub. Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü seçilib. İki dəfə Rusiyanın Dövlət Mükafatına layiq görülüb. Davud Paşayev 6 aprel 2010-cu ildə Moskvada vəfat edib və Severodvinsk şəhər məzarlığında dəfn edilib.

NƏZMİYYƏ ABBASZADƏ

(1945)

Azərbaycanın əməkdar incəsənət xadimi, ilk azərbaycanlı violonçel çalan qadın, professor Nəzmiyyə Müzəffər qızı Abbaszadə 1945-ci ilin bu günü Naxçıvanda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini, Azərbaycan Dövlət Konservatoriyasınə və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasının müəllimi, professoru, müdiri və İfaçılıq fakültəsinin dekanı vəzifələrində çalışıb. O, ilk azərbaycanlı qadın violonçel ifaçısı, Azərbaycan dilində violonçel ifaçılığı və metodikasına dair ilk dərsliklərin müəllifidir. 1965-ci ildə yaranmış ilk “Qadınlar kvarteti”nin üzvü olub. Nəzmiyyə Abbaszadə Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvü, Fakültə Elmi-Şurasının sədridir.

AYNUR SOFİYEVA

(1970)

Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster və dünya çempionu Aynur Məmmədiyyə qızı Sofiyeva 1970-ci il iyulun 19-da Qax şəhərində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hüquqşünas ixtisası üzrə də təhsil alıb. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olub. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu, 20 yaşında tələbələr arasında dünya çempionu olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb, ikinci çağırış Milli Məclisin deputatı olub. 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının Prezidenti olan Aynur Sofiyeva 2007-cı ilin mart ayından etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır. O, tanınmış futbolçu və məşqçi Yunis Hüseynovun həyat yoldaşıdır.

HƏSƏN BƏY AĞAYEV

(1875-1920)

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, jurnalist, həkim və müəllim Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayevin anım günüdür. O, 1875-ci ildə Gəncə şəhərində doğulub. Orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva Universitetinin tibb fakültəsində təhsil alıb. Gəncədə rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinin redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olub. H.Z.Tağıyevin Toxuculuq fabrikində, Qızlar məktəbində və "Seyid xəstəxanası"nda həkimlik edib. 1914-cü ildə Gəncədə Xudadat bəy Rəfibəyli ilə birlikdə ilk səhiyyə cəmiyyətini yaradıb. 1918-ci ilin dekabrında Cümhuriyyət parlamenti sədrinin müavini seçilib və sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra edib. Cümhuriyyətin süqutundan sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev 1920-ci ilin iyulunda muzdlu erməni terrorçusu tərəfindən burada qətlə yetirilib və hazırda Botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunub.

MİR ƏSƏDULLA MİRQASIMOV

(1883-1958)

Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, ilk azərbaycanlı tibb elmləri doktoru, əməkdar elm xadimi Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov da bu gün xatırlanır. O, 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1913-cü ildə Odessada Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirib. Elə həmin il əmək fəaliyyətinə başlayıb və Novo­rossiysk İmperator Universitetinin terapevtik hospital klinikasında ordinator, Odessa şəhər Yevangeliya Alman xəstəxanasında isə cərrah vəz­i­fəsində çalışıb. 1916-cı ildə Bakıya qayıdaraq əvvəlcə hərbi lazaretdə cərrah-ordi­nator, Mixaylovski xəstəxanasında baş ordinator vəzifələrində işləyib, sonra Bakı Universitetinin tibb fakültəsinə dəvət alıb, hospital cərrahiyyəsi kafedrası­na assistent təyin olunub. 1926-cı ildə Berlinə - Münhen Universiteti klinika­sına uzunmüddətli elmi ezamiyyətə göndərilib. 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahiyyəsi kafedrasının müdiri seçilib və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərib. 1945-ci il martın 31-də Azərbaycan SSR Elmlər Akademiya­sının həqiqi üzvü və bu Akademiyanın ilk prezidenti seçilib. 90-a qədər çap olunmuş elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi, 6 doktorluq, 20 namizədlik dissertasiyası işinin elmi məs­ləhətçisi və elmi rəhbəri olub. 1937, 1946 və 1950-ci illərdə I, II və III çağırış SSRİ Ali Sovetinə deputat seçilib, iki dəfə “Qırmızı Əmək Bayrağı”, “Qırmızı ulduz”, “Lenin” ordenləri və müxtəlif medallarla təltif olunub. Mir Əsədulla Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib və Fəxri Xiya­ban­da dəfn olunub. Səhiyyə Nazirliyinin Respublika Xəstəxanasına onun adı verilib və xəstə­xananın həyətində büstü qoyulub. 2014-cü ildə ilk dəfə AMEA-nın “Aka­demik M.Mirqasımov adına mükafatı” təsis edilib.

RÜSTƏM MUSTAFAYEV

(1910-1940)

Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri, rəssam Rüstəm Məmməd oğlu Mustafayevin xatirə günüdür. O, 1910-cu il fevralın 25-də Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Bakı Azad Tənqid-Təbliğ Teatrında, Azərbaycan Dövlət Akademik Dram Teatrında və başqa teatrlarda quruluşçu rəssam, Azərbaycan Dövlət Dram Teatrında baş rəssam, ömrünün sonuna qədər Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışıb. 1940-cı ildə Nizami muzeyinin qurulması onun adı ilə bağlıdır, muzeyin bədii tərtibatının müəlliflərindən biri olub. Neçə-neçə plakat və kitabların da bədii tərtibatı üzərində işləyib. Müxtəlif mükafatlara, fəxri fərmanlara və “Şərəf nişanı” ordeninə layiq görülən Rüstəm Mustafayev 1940-cı ilin iyulunda Bakıda dünyasını dəyişib. Azərbaycan Dövlət İncəsənət Muzeyi onun adını daşıyır.

AZƏR MİRZƏYEV

(1952-2014)

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Azər Əlibala oğlu Mirzəyevin də bu gün xatırlanır. O, 1952-ci il mayın 12-də Zərdab rayonunda müəllim ailəsində doğulub. Atasının işi ilə əlaqədar olaraq ailəsi ilə Sabirabad rayonuna köçüb və orta məktəbi burada başa vurub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasında, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1974-cü ildə ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib və bu teatrın səhnəsində unudulmaz obrazlar yaradıb. “Qeybdən gələn səs”, “Böyük ömrün davamı”, “Sübhün səfiri” və başqa filmlərdə rol alıb. Azər Mirzəyev 19 iyul 2014-cü ildə Bakıda vəfat edib və Sabirabad rayonunda dəfn edilib.

ARİF ƏMRAHOĞLU

(1954-2014)

Ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri namizədi Arif Əmrah oğlu Məmmədovun anım günüdür. O, 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində və Zaqafqaziya komsomol məktəbində təhsil alıb. Azərbaycan EA Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, Azərbaycan EA-nın Ədəbiyyat Muzeyində elmi işlər üzrə direktor müavini və Prezident Aparatının milli siyasət şöbəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin katibi və Bakı Dövlət Universitetinin müəllimi olub. Arif Əhmədoğlu 2014-cü ilin iyulunda Bakıda vəfat edib.

RAUF ƏLİYEV

(1973-1992)

Şəhid Rauf İsmayıl oğlu Əliyevin xatirə günüdür. O, 1973-cü il iyunun 25-də Bakının Badamdar qəsəbəsində anadan olub. Burada 239 saylı orta məktəbi bitirdikdən sonra Daxili Qoşunların sıralarında hərbi xidmətə çağırılıb. Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şücaət göstərib və məhz qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərəncamına əsasən, Rauf Əliyev ölümündən sonra Fəxri Fərmanla təltif edilib.

Dİgər xəbərlər