1831
16:26
16 İyul 2020

“Xarici İşlər nazirliyi sistemində vəziyyət sağlamlaşdırılmalıdır” - Prezident

“Azərbaycanın xarici siyasəti ilə bağlı mənim tərəfimdən dəfələrlə əsas istiqamətlər müəyyən edilmişdir və bu haqda açıqlamalar verilmişdir. Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın dünya birliyinin ləyaqətli üzvü olduğunu bildirib: “Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm”.

Dövlət başçısı qeyd edib ki, bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalı, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar”.