“Ali Baş Komandanın əmrini gözləyirik” – TOVUZUN AĞDAM KƏNDİNDƏN REPORTAJ
13 iyul 2020 23:56 (UTC +04:00)

“Ali Baş Komandanın əmrini gözləyirik” – TOVUZUN AĞDAM KƏNDİNDƏN REPORTAJ

 

Tovuz rayonunun Ağdam kəndi... Dünəndən bəri Azərbaycanda bu kəndin adını eşitməyən adam çətin tapılar. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Əsas hədəf də məhz Ağdam kəndi olub.

Ağdam işğalçı Ermənistanla sərhəd xəttinə ən yaxın kəndlərdən biridir. Ermənistanın son təxribatı zamanı bu kənd də şəhid verdi. Vətən torpağı baş əsgər Elşad Dönməz oğlu Məmmədovu qoynuna aldı.

APA TV-nin çəkiliş qrupu şəhidin dəfn mərasimində iştirak etmək məqsədilə Tovuz rayonunun Ağdam kəndində olub. Şəhidin dəfnində izdiham yaşanıb. Mərasimdə Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Qənirə Paşayeva, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin atası Dönməz Məmmədov bu ağır itkiyə baxmayaraq, oğlunun Vətən uğrunda şəhid olması ilə qürur duyduğunu bildirib:

Sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların əksinə olaraq, Ağdam sakinləri kəndi tərk etməyiblər və bu barədə düşünmürlər də. Yaşar Qurbanov bildirib ki, kənd sakinləri Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə tam güvənirlər və bu səbəbdən dədə-baba torpaqlarını tərk etmək niyyətində deyillər. Heç kəs kəndi tərk etməyib, əhali gündəlik təsərrüfat qayğıları ilə məşğuldur.

“Hərə öz işindədir. Düşmən tərəfi bizim ordumuz tərəfindən susdurulub. Biz Ali Baş Komandanın əmrini gözləyirik. Biz ordumuzla fəxr edirik”.

Çəkiliş vaxtı kənddə atəş səsləri eşidilsə də, Fərman İsmayılov atla kəndi gəzirdi. Özünün dediyinə görə, güllə və mərmi səsləri onlar üçün çoxdan adiləşib:

“Ancaq biz kənd camaatı onlardan qorxmuruq, biz Ali Baş Komandanımızın arxasındayıq”.

Qasım Hacıyev qeyd edib ki, Vətən sərhəddən başlayır. Əgər sərhəd möhkəm olarsa, hər şey nizamlı olar:

“Bu gün də biz sərhədi möhkəm saxlayırıq, ordumaza güvənirik. Mənfur düşmənlər hər zaman kəndi atəşə tutmasına baxmayaraq, kənddə böyüyündən tutmuş kiçiyinə qədər heç kim düşməndən qorxmur”.

Milli Məclisin deputatı Qənirə Paşayeva APA TV-yə açıqlamasında bildirib ki, Ağdam təkcə Tovuzun deyil, bütövlükdə Azərbaycanın ən qəhrəman kəndlərindən biridir. Buranın insanları hər zaman öz mərdliyi ilə seçiliblər.

Gördüyünüz kimi, Ağdam kənd sakinləri ordumuza, ordumuz da onlara güvənir. Ordu-Xalq birliyi sarsılmaz olanda isə düşmən hər zaman aciz qalır. Tanrı Azərbaycanı və əsgərimizi qorusun!

# 17029
avatar

Oxşar yazılar