1993
12:32
10 İyul 2020

Azərbaycan domenində 68 veb-sayta haker müdaxiləsi qeydə alındı

Bu ilin birinci yarısında ".az" ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiber hücumlar nəticəsində 68 veb resursa haker müdaxiləsi halının uğurla reallaşdırıldığı aşkarlanıb.

CYBERO Kibertəhlükəsizlik Mərkəzindən "APA-Economics"ə verlən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə hücumların 28% artdığını göstərir.

Hücum olunan veb resursların analizi göstərir ki, onların 37-si informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 31-i isə serverlərdə təhlükəsizliyin düzgün qurulmaması nəticəsində hakerlərin hədəfinə çevrilib. Bu veb resursların 12-sinə daha öncə də haker müdaxiləsi halının aşkar edilməsinə baxmayaraq, çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlərin görülməməsi onları yenidən təkrar olaraq haker müdaxiləsi ilə qarşı-qarşıya qoyub.

Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 77% "Linux" ƏS, 23% isə "Windows" ƏS üzərində qurulan resurslar olub.

Hücum həyata keçirilən informasiya resurslarının ölkələr üzrə yerləşmə (Hosting) payı isə belədir: ABŞ – 37%, Azərbaycan – 15%, Türkiyə – 12%, Rusiya – 10%, Niderland və Litva – 9%, Almaniya – 6%, Fransa – 3%.

CCOVID-19 pandemiyası dövründə bir çox işçilərin qorunan (şirkət və s.) şəbəkələrdən deyil, evlərdən çalışması hakerləri qoruması zəif olan ev şəbəkələrinə və fərdi kompüterlərə hücumlarda daha da şirnikləşdirmişdir. İnsanları hədəf alan belə kiberhücumlarda ən çox fişinq hücumlarından istifadə olunur. Belə kiberhücumlar isə rəsmi resurslara bənzədilmiş saxta domenlər ilə daha da inandırıcı hala gətirilərək saxta reklam kampaniyaları vasitəsilə kütləviləşdirilmişdir.