Vərəmin yetim qoyduğu, “cəllad”ın sevdiyi, güllələnib öldürülən xanım pianoçumuz – HƏYAT HEKAYƏTİ  
07 iyul 2020 20:15 (UTC +04:00)

Vərəmin yetim qoyduğu, “cəllad”ın sevdiyi, güllələnib öldürülən xanım pianoçumuz – HƏYAT HEKAYƏTİ  

Dünyaya gələndə əzizlərin sevinir, əzizlənirsən, boyunu sevə-sevə böyüdürlər səni, amma heç kim bilmir ki, həyat sənin üçün hansı sürprizləri hazırlayıb. O da əzizlənib, naz-nemətlə böyüdülmüşdü, ailənin 6-cı övladı olsa da arzuolunan, sevilən idi.

Azərbaycanın ilk qadın pianoçularındandır Lent.az-ın budəfəki qəhrəmanı – Xədicə Qayıbova.   

1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX əsrdə Tiflisdə məskunlaşan tatar Terequlovlar ailəsindən idi. Hər ikisi ziyalı olan valideynləri qızın yaxşı təhsil almasını istəyirdilər.  Odur ki, Xədicə ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində alır. Həmin məktəbdə həm də fortepiano təhsili alırdı.

1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N. Nikolayevin fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir.

Həmin il Tiflisdə vərəm xəstəliyi yayılmışdı. Xədicəgilin də ailəsinə vərəmli faciə gəlir. Qız gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən həmin illər təhsilini davam etdirə bilmir.  

Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu, mühəndis Nadir Qayıbovla ailə quran Xədicə bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir.

1919-cu ildə Qayıbovlar Bakıya köçür. Bakıda Xədicə üçün münbit musiqi mühiti vardı. Xanım musiqiçiyə ehtiyac böyük idi. Mərkəzində Üzeyir bəy Hacıbəyovun dayandığı bu mühitdə qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə önəm verilirdi. Xədicə də dərhal səhnəyə yol tapdı, daha doğrusu, səhnə onun üçün açıldı. Fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı.

 

Cümhuriyyət dönəmində Bakının mədəni mühitində Xədicə Qayıbovanın adı öndə idi. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının elitar təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclisləri səhərə qədər çəkərdi.

İctimai həyatda da fəal idi Xədicə xanım. Hacı Zeynalabdin Tağıyevin qadınlara təhsil verilməsi ilə bağlı keçirdiyi layihələrdə iştirak edir, qadınları təhsilə çağırırdı. 1927-ci ildə belə çıxışlarından birində deyir: "Qadın istərsə, bacarar, nail olar. Tək gərək olan savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm."

İsmailiyyə binasında bu yönümdə keçirilən konsertlərdə çıxış edən Xədicə xanıma Tağıyevin xüsusi hörməti varmış. Fəaliyyətinə görə ona üstündə öz şəkli olan servis və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıb.

Sovet işğalından sonra Xədicə Qayıbova musiqi və pedaqoji fəaliyyətindən qalmır. Yeni layihələrdə çalışırdı. Tezliklə Xədicə xanım Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır.

Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınları üçün musiqi-dram studiyası yaradılır. Həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edirdi. Ü.Hacıbəyov, R.M.Qliyer, Bülbül, H. Sarabski, M.L.Presman, L.Rudolf, Q.Primov kimi sənətkarlarla çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi.

Həm də özü təhsil alan Xədicə xanım 1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb.

Cümhuriyyətin süqutundan, sovet işğalından sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdi, ona görə də insanlar hər kəs öz sahəsində fəaliyyəti ilə məşğul idi. Elə ki aldandıqlarını, istismar olunduqlarını anladılar, etirazlar başladı. Bu və ya digər formada etirazlar isə kütləvi sürgünlər və qətllərlə qarşılanmağa başladı. Bu dalğanın içində Xədicə Qayıbova da vardı.

 

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olub. Onun həbsi və ölümü haqqında məlumat yoxdur. Yalnız o məlumdur ki, Xədicə Qayıbova ikinci dəfə ailə qurur.

İkinci həyat yoldaşı Rəşad Qayıbov 1933-cü ildə həbs edilib. Təqsiri sübuta yetirilmədiyindən azad edilib. Eyni vaxtda 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə Qayıbovanı da 3 ay müddətinə həbs edirlər. O da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad etməli oldular.

 

Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır. Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətində çalışırdı. Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.

Repressiya illərindən söhbət düşəndə çoxları bunun da öz içimizdən olan düşmənlərin işi olduğunu deyir. Düzdür, öz içimizdə olan erməni düşmənlərin işi, həm elə uzaqgörən siyasətlə edirdilər ki, nəinki işin içində adları hallanmırdı, hətta bunu Azərbaycanlıların adı ilə bağlayıb “öz içimizdən olanlar” ifadəsini də dilimizə ötürürdülər.

Xədicə Qayıbovanın da faciəsinin altından onların əli görünür. 1937-ci ildə həyat yoldaşını yenidən həbs edirlər. Bu dəfə Rəşad Qayıbov geri qayıtmır. 1938-ci ilin iyununda qətlə yetirildiyi barədə sənəd var.

16 mart 1938 tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:

"Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir".

Sonralar onun barəsində araşdırmalar aparan professor Rəfael Hüseynov Xədicə xanımın həbsi ilə bağlı qızı Alanqunun xatirələrini verir: "Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündən asılmışdı. Onu da götürdülər..."

 

Ziya Bünyadov “Qanlı illər” kitabında Xədicə Qayıbova haqqında məqalədə yazır:

“1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin 4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə xanım Şah döngəsi 16 nömrəli evdə həbsə alınmışdı (Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi)”.

 

1938-ci il martın 20-də ilk dindirilmə keçirilir.

 

Müstəntiq Xədicə xanımı əks-inqilabi fəaliyyətlə məşğul olmaqda ittiham etsə də o, ittihamları qəti şəkildə rədd edir.

 

“ – Özünüzü müqəssir bilirsinizmi?

– Mən əks-inqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm”.

 

1938-ci il martın 23-də ikinci dindirmədə:

 

“– Bakıda olan türk və ingilis qoşunlarının zabitlərindən kimi tanıyırdınız?

 – Türk qoşunlarının rəhbərlərindən biri Xəlil paşa mənə tanış idi. Onun adyutantı Cavad bəyi və təyyarəçi zabit Əşrəf Timuçini də tanıyırdım. İngilislər arasında tanışlarım yox idi.

 

– Yuxarıda adlarını çəkdiyiniz türk zabitləri ilə tanışlığınız nə ilə ifadə olunurdu?

 

– Xəlil paşa tanış kimi dəfələrlə bizim evə gəlibdi. Məni onunla qardaşım Məmməd Müftizadə Tbilisidə tanış etmişdi. Cavad bəylə məni Xəlil paşa tanış etmişdi. Aramızda heç bir şey olmayıb. Təyyarəçi zabit Əşrəf Timuçinlə məni indi xalq düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi.

 

– Müsavat ordusunun zabitlərindən sizə kim tanış idi?

 

– General Əliağa Şıxlinski. Mənim keçmiş ərimin qohumudur. General Usubov İbrahim də ərimin qohumudur. Zabit Sultan Hüseynzadə bir zaman mənə bənd olmuşdu və hərdənbir məni teatra dəvət edirdi. Başqa tanış zabitlərim yox idi.

 

– Sovetləşmədən sonra sizin evinizdə sovet orqanlarından gizlənən olubmu?

 

– Sovetləşmədən sonra yaşadığım evdə 10-15 gün ərzində Müsavat firqəsinin və hökumətinin liderlərindən biri Mustafa Vəkilov gizlənirdi.

 

 1938-ci il martın 25-də keçirilən üçüncü dindirmədən:

 

– Müsavat firqəsinin və parlamentinin keçmiş lideri olan Mustafa Vəkilovun gizlənməsi və qaçmasında özünüzü təqsirkar bilirsinizmi?

 

– Mustafa Vəkilovun qaçmağını bilərək heç kəsə xəbər verməməyimdə özümü təqsirkar bilirəm. Lakin bundan mənim heç bir məqsədim olmayıb və bir də bu haqda Azərbaycan inqilabi komitəsinin sədri Mirzə Davud Hüseynov da bilirdi…

 

– Siz doğru danışmırsınız. İstintaq müəyyən edib ki, Türkiyə kəşfiyyatının agentlərindən biri olan Dadaş Bünyadzadə casusluq məqsədi ilə sizə ayrı-ayrı tapşırıqlar verir və sizin şəxsən vasitəçiliyinizlə Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayırdı.

 

– Mən təsdiq edirəm ki, mənim vasitəçiliyimlə Dadaş Bünyadzadə Türkiyə kəşfiyyatı ilə heç bir əlaqə saxlamırdı və o, mənə heç bir tapşırıq vermirdi.

 

Xədicə xanım dindirmədə heç kimim əleyhinə ifadə verməyib. 9 dəfə dindirmənin heç birində  güllələnməyə rəvac verən ifadəsi də yoxdur.

 

Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.

Altı aydan sonra belə qərar çıxarılır:

 

“Qayıbova Xədicə xanım Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!”

Onun dindirilmə prosesində o vaxt dövlətə rəhbərlik edən Mir Cəfər Bağırov da bəzən iştirak edirmiş. Bu barədə heç bir sənəddə və araşdırmalarda yoxdur. Dildən-dilə gəlib çatan məlumatlara görə Xədicə xanımı Mir Cəfər Bağırov sevib. Başına gələn bütün bəlaların səbəbi də onunla evlənməyə razılıq verməməsi olub.

Başqa bir iddiaya görə, həyat yoldaşlarının hər ikisi Bağırovun tapşırığı ilə qətlə yetirilib. Guya cəza kəsiləndən sonra Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov tapançasını çəkib onu vurur və sonra da meyitinin yanında çöküb, göz yaşı tökür.

...1953-cü ildə Mir Cəfər Bağırovun məhkəməsində Qəmər Əlizadə adlı bir qadın şahid ifadəsi verir.

Bu qadın evli ola-ola Mir Cəfər Bağırov ona sevgisini izhar edir, qarşılıq görməyəndə isə qadına əzab verir, təqib edirmiş. Bu qadın zahiri görkəmcə Xədicəyə bənzəyirmiş. Məhkəmənin hakimi Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyət verdiyini soruşanda Bağırov  - Mən onu sevirdim – deyə cavab verib. Qəmər Əlizadənin Xədicə Qayıbovaya çox bənzədiyi deyilir.

Rəsmi sənədlərə görə, X.Qayıbovaya verilmiş cəza 1 həftə sonra Bakıda icra olunur.

1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək, anası haqqında məlumat istəyib. 1955-ci ildə ona verilən məlumatda deyilir:

"Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır."

Xədicə xanım ona qarşı sürülən bütün bu qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi. Amma heç ağlına da gəlməzdi ki, onu güllələyəcəklər. Sonradan bu barədə "Xalq düşməni"nin arvadı kimi tutulmuş Sultan Məcid Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva belə yazacaqdı: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər..."

 

# 77821
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar