32470
10:17
07 İyul 2020

Hansı saç şampunları daha faydalıdır – HƏKİM MƏSLƏHƏTİ

Cəmiyyətdə “saçları hər gün yumaq doğru deyil”, “tez-tez yumaq saçları tökür”, “şampun kimyəvi olduğu üçün saça zərərdir”, “hər yuyanda şampun istifadə etmək ziyandır” kimi fikirlər mövcuddur. Lakin mütəxəssislərin fikrincə bunlar doğru bildiyimiz yanlışlardır. Marketdə şampun seçərkən qarşımıza onlarla fərqli çeşid çıxır. Bəs görəsən saçlarımız üçün ən faydalı şampun hansıdır?

Lent.az mövzu ilə bağlı suallarını mütəxəssisə ünvanladı. Həkim-trixoloq Xatirə Şirəliyevanın sözlərinə görə şampun seçərkən ilk növbədə saçımızı tanımalıyıq və onun nəyə ehtiyacı olduğunu bilməliyik. Bu zaman saç tökülməsi qırılması, baş dərisində kəpək və digər bu kimi faktorlar mütləq şəkildə nəzərə alınmalıdır. Kor-koranə şampun təyini yanlışdır:

“Mən bir mütəxəssis kimi bitki tərkibli şampunlara üstünlük verməyi məsləhət görürəm. Tərkibində aloe vera bitkisi olsa daha yaxşı olar. Hazırda bitki mənşəli şampunlarda da kimyəvi qatqılar mövcuddur. Buna görə də, mən xəstələrimə öz hazırladığım şampunlardan istifadə etməyi tövsiyə edirəm”.

Xatirə xanım söyləyir ki, şampunun müalicə yox təmizlik vasitəsi olduğunu unutmaq olmaz. Əgər hər hansı bir problem varsa bu zaman həkimə müraciət olunmalıdır.

Həkim şampun seçərkən tərkibindəki PH dəyərini əsas götürməyi tövsiyə edir:

“Saçınız zəifdirsə, çətin daranırsa deməli siz doğru şampunu seçməmisiniz. PH dəyəri 7-dən aşağı olanda turş mühit, 7-dən yuxarı olanda isə qələvi mühit olur. Əgər saçınız yağlıdırsa neytral qələvi, PH-ı 6-8 olan şampun seçməlisiniz. Lakin yenə də çalışmaq lazımdır ki, bitki əsaslı şampun seçilsin. Daxilində sulfat, paraben olmasın və “A”, “E” vitaminləri, kollagen ilə zəngin olsun”.

Banu