1669
10:56
02 İyul 2020

Ələtdən İrana yeni yol tikilir

Ələt-Astara-İran ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Lent.az -a verilən məlumata görə, məqsəd qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtomobillərin rahat hərəkətini təmin etməkdir. Yeni yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı da aradan qalxacaq. Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcəklər.

Ələt-Astara-İran ilə dövlət sərhədi yeni avtomobil yolunun 204-cü km-dən İran ilə dövlət sərhədinədək qalan 3.05 km uzunluğa malik hissənin tikintisinə bir müddətdir ki, start verilib. Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.

Yeni magistral yolun 3.2 km-lik hissəsinin keçdiyi bəzi ərazilərində vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunur. Buna görə də buranın əvvəlcə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və ələnmiş çay daşı dörd mərhələ üzrə tökülərək kipləşdirilib.

Ümumilikdə tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi işləri isə 80% yerinə yetirilib. Hal-hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, su ötürücü borularının, tunel tipli yol ötürücüsünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərin 75%-i yerinə yetirilib.

Yeni inşa edilən tunel tipli yol ötürücüsünün uzunluğu 30 metr, eni isə 19.5 metr təşkil edir. Ötürücüdə bünövrə işləri görülüb, dayanıqlığı artırmaq məqsədi ilə 18 m dərinlikdə svaylar vurulub. Ümumilikdə ərazidə 1200 millimetr diametrli 32 belə svay vurulub.

Bundan başqa layihəyə uyğun olara qrunt və atmosfer sularının axıdılması, eləcə də suvarma sularının ötürülməsi üçün də tədbirlər görülür. Bu məqsədlə yol boyunca 12 yerdə diametri 1500 mm olan dairəvi dəmir-beton su ötürücü qurğularının tikintisi nəzərdə tutulub. Qeyd olunan dəmir-beton boruların ümumi uzunluğu 666.8 p/m təşkil edir. Həmçinin yolda mal-qara üçün uzunluğu 44.7 p/m olan 1 dəmir-beton keçidin (3.5x3.5m) tikintisi də nəzərdə tutulub.

Yeni magistralın sərhəddə qədər olan 3.05 km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində inşası nəzərdə tutulan avtomobil körpüsünə birləşəcək. Artıq sərhəddə inşa ediləcək körpünün layihəsi hazırlanıb. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. Burda avtomobillərin hərəkəti üçün 2, əlavə olaraq ehtiyyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər bir istiqamətdə eni 2.5 metr olmaqla üstü örtülü piyada keçidlərinin yaradılması nəzərdə tutulur.