14:49
19 İyun 2020

“Şərq Tərəfdaşlığı” sammiti: Paşinyan növbəti dəfə aciz durumda - TƏHLİL

2020-ci il iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının video konfransında Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm mesajlar verib. Ölkə lideri Avropa İttifaqı ilə münasibətlərdən danışarkən bəyan edib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri bu qurumla əməkdaşlıqdır. Prezident Əliyev onu da açıqlayıb ki, Azərbaycan “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaş ölkəsidir və Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, yaxın zamanda Azərbaycan Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayaraq, enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsini də təmin etmiş olacağıq: “Azərbaycan 3500 kilometrlik boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi tikintisinin təşəbbüskarı olmuş və bu layihənin maliyyələşdirilməsində iştirak etmişdir. Cənub Qaz Dəhlizi həm Azərbaycanı Aİ bazarına bağlayacaq, həm də Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradacaq”.

Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edib və baş nazir Paşinyanın populist çıxışana tutarlı cavab verib: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar".

Sammitin sədri baş nazirə tərcümənin olmadığını və yalnız ingiliscə danışmasını bildirib.

Paşinyan "Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir. Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, “Şərq Tərəfdaşlığı” platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formula qayıtmağı dəvət edirəm ki, bu formula əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır", - deyə fikir bildirib.

İlham Əliyevin cavabı sərt və tutarlı olub: "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".

Prezident İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycan ərazilərinin işğal etdiyini, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib.

“Şərq Tərəfdaşlığı” ölkələrinin video konfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlətdi. Ermənicə çıxışında isə “Artsax” sözünü deyir. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın Sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi.

Azərbaycan Prezidenti isə çıxışında həmçinin vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.

Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.

Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə də toxunub. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunub.

Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın sabiq baş nazir Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzu olunan vəziyyət deyil.

Onu da qeyd edək ki, Nikol Paşinyanın isterik vəziyyətdə həm ingilis, həm də erməni dilində danışması konfrans iştirakçılarının çaşqınlığına səbəb oldu. N. Paşinyan Azərbaycan Prezidentinin çıxışına isterik tərzdə reaksiya verməklə özünü çıxılmaz vəziyyətə saldı. N.Paşinyan həm gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışması medianın diqqətindən qaçmadı. Xüsusilə N. Paşinyanın erməni dilində danışığı video konfrans iştirakçılarında çaşqınlıq yaradı və istehza ilə qarşılandı.

Paşinyanı gülünc vəziyyətə salan başqa fakt isə onun videokonfransa maska ilə qatılması idi. Onun videokonfransda maska taxaraq qatılmasını yalnız koronavirusa qarşı apardığı bərbad siyasətini malalamaq cəhdi kimi qəbul etmək olar. Maraqlıdır, otaqda tək oturaraq videokonfransda iştirak edən N. Paşinyan özünü kimdən qoruyur? Belə çıxır ki, guya koronavirusa yoluxduğunu bildirməklə əslində erməni xalqını aldadıb. Məqsəd

koronavirusa qarşı apardığı bərbad siyasətin erməni xalqının qəzəbinə səbəb olmamasına çalışmaqdır. Onun həmişə olduğu kimi bu dəfə də səmimi olmadığı ortadadır.

Prezident İlham Əliyevin çıxışına cavab verməyə çalışan N. Paşinyan Aşqabadda MDB Zirvə görüşündə və Münhen Təhlükəsizlik Konfransında olduğu kimi tam iflasa uğradı. Prezident İlham Əliyev sammitdə səlis və mükəmməl ingilis dilində faktlara əsaslanaraq N. Paşinyanın yalanlarını ifşa etməsi iki ölkə rəhbərinin müqayisəyə gəlmədiyini sübuta yetirdi. N. Paşinyanın video konfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun “küçə ritorikası”na əsaslandığını nümayiş etdirdi. N. Paşinyan bir daha göstərdi ki, mitinqlərdə çıxış etməklə belə səviyyəli konfranslarda çıxış etmək, dövlət idarəçiliyi tamamilə ayrı-ayrı anlayışlardır.

Azərbaycan Prezidentinin Ermənistan baş nazirini növbəti dəfə siyasi iflasa uğratması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də etiraf etmək məcburiyyətindədir.

APA Analicts

Dİgər xəbərlər