1006
12:24
18 İyun 2020

"Özünü qoru, çevrəni xilas et" - Media Hərəkatı yaradıldı


"Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, məqsəd evlərə bədbəxtlik gəlməsinə yol verməmək, dostları, çevrəni virusdan qorumaq və xilas etməkdir: "Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik. Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.

Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın.

Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək.

Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk! Bütün həmkarlarımı bu hərəkata qoşulmağa çağırıram" - deyə, İ. İbrahimova bildirib.