1270
15:54
12 İyun 2020

Ekspress marşrutlarda sərnişindaşımalar dayandırılır

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, metro stansiyaların fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspres marşrutlara olan sərnişin təlabatı kəskin şəkildə azalıb. Aparılan statistik təhlillər nəticəsində məlum olmuşdur ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayının artıb rentabelliyi azalıb bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır.

Ekspress xətlər üzrə mayın 9-dan öncə orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə metro stansiyaların fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94 %-ə dək enmiş və hal hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilməkdədir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

Həmçinin, bildiririk ki, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.