1162
17:40
09 İyun 2020

Küçələrin zibil qutusu problemi – YAXIN GÜNLƏRDƏ...

Sakinlər Bakının küçələrində kiçiktutumlu zibil qutularının azlığından şikayət edir.

Hətta bununla bağlı Lent.az -ın redaksiyasına yazanlar da var. Yol gedərkən, yaxud metrodan çıxan bir şəxs əlində olan zibili atmaq üçün zibil qabı tapmaqda çətinlik çəkir:” Bəzən metrodan çıxan kimi siqaret çəkməli oluram. Zibil qabı tapa bilmədiyim üçün bəzən yarım saat siqaretin kötüyünü əlimdə saxlamalı oluram”.

Apardığımız müşahidələrdən də aydın olur ki, çox zaman insanlar içdikləri suyun qutusunu, əllərində olan başqa atılacaq əşyaları atmağa yer tapmırlar və nəticədə tullantıların hara gəldi atılması halları baş verə bilir. Düzdür. Qutu olduğu ərazilərdə də zibili yerə atanlar var, bu artıq başqa bir söhbətin mövzusudur.

Xüsxsuilə, pandemiyanın mövcud olduğu bu günlərdə yol kənarlarında kifayət qədər istifadə olunduqdan sonra atılan tibbi maskalara rast gəlmək də adiləşib.

Görəsən, nə üçün şəhərdə, yol kənarlarında kiçiktutumlu zibil qutuları “çıraqla tapılır?"

Lent.az ın mövzu ilə bağlı sualını Mənzil Kommunal Təsərrüfatı Departamenti cavablandırıb. Qurumdan bildirilib ki, iritutumlu tullantı konteynerləri departament tərəfindən qoyulur: “Konteyner meydançaları yaradılır və qutular qoyulur”.

Qurumdan verilən açıqlamaya görə, kiçikhəcmli zibil qutularının çatışmazlığı nəzərə alınıb və artıq alınmasına başlanılıb: “Artıq kiçiktutumlu zibil qutuları alınır. Paslanmayan metaldan olan həmin qutularının qoyulmasına da başlanılıb. Bəzi mərkəzi küçələrdə artıq qoyulub. Məsələn, Xətai rayonundakı Xocalı prospekti boyunca yolun kənarlarında 20 ədəd bu cür balaca zibil qutuları quraşdırılıb. Hazırda kiçiktutumlu zibil qutularının alınması davam edir və departament tərəfindən Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinə paylanılır.

Bu günlərdə artıq metroların çıxış və girişlərində, yaxınlığında kiçiktutumlu tullantı qablarının qoyulmasına başlanılacaq. Koronavirusa görə müəyyən fasilələr, iş prosesində ləngimələr oldu. Artıq hissə-hissə küçələr boyunca paslanmayan dəmirdən kiçiktutumlu zibil qutuları qoyulacaq”.