2956
00:10
04 İyun 2020

Həftə sonlarında küçəyə çıxmağa qadağa qoyulması bir zərurətdir - Deputatdan dəstək

“Azərbaycanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma və yoluxmanın dinamikası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mütəmadi ictimaiyyəti məlumatlandırır. Amma çox təəssüf ki, son günlər yeni yoluxmaların sayı sağalanların sayından nəzərəçarpacaq dərəcədə çoxdur”.

Bunu APA -ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, son günlər yoluxmaların sayında müşahidə olunan artım sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə müəyyən qrup insanların TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etməməsi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaması, sosial məsafəni gözləməməsi və laqeydliyinin nəticəsidir: “Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib. Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunub. Bir sözlə, dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti idi. Nəzərə alınmalıdır ki, bu virus qeyb olmayıb, bizim aramızdadır və insanlar bu virusla yaşamağı öyrənməlidir. Çünki virusla bağlı peyvənd, dərmanın nə zaman hazır olacağı bilinmir və cəmiyyətin də uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Buna görə də bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif sahələrlə bağlı metodiki göstərişlər təsdiqlənib, qaydalar müəyyənləşib. Buna uyğun olaraq da mərhələli sərt karantin rejiminin yumşaldılmasına başlanmışdı. Bu sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Ancaq xüsusən sərt karantin rejiminin yumşaldılması ilə bağlı son qərardan sonra təəssüf ki, maska taxılmaması, sosial məsafəni gözlənilməməsi meylləri artıb. Ramazan bayramı və 28 may Respublika Günü ilə əlaqədar ardıcıl 8 gün qeyri-iş günü elan edildi. Həmin günlərdə bir sıra insanlar karantin rejiminin tələblərinə ciddi riayət etmədilər. Bayram günlərində bu insanların laqeydliyi nəticəsində yoluxmaların sayında nəzərəçarpacaq artım, yoluxanların sayının sağalanların sayından çox olması qeydə alındı. Bu gün isə yoluxanlarla sağalanlar arasında fərq 200 nəfəri ötüb. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi həftə sonları COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda çölə çıxmanın məhdudlaşdırılmasını təklif edib”.

M. İbrahimqızı qeyd edib ki, artıq həftə sonlarında küçəyə çıxmağa qadağa qoyulması, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin həmin günlərdə qadağan edilməsi bir zərurətdir: “Belə sərt tədbirlər tətbiq olunmasa, biz daha çox yoluxmaların şahidi olarıq. Ona görə də Operativ Qərargaha təqdim edilən təklifi dəstəkləyirəm. Cəmiyyətin mütləq əksəriyyəti COVİD-19-la mübarizədə hökumətlə həmrəydir, atılan addımları dəstəkləyir. Ən çox sosial hərəkətlilik həftə sonları olur. Bəzilərinin COVİD-19-un nə dərəcəli təhlükəli olmasının fərqində olmadığını nəzərə alsaq, həftə sonu bu qadağanın tətbiqi vacibdir.

Biz bunu sosial hərəkətliliyin məhdudlaşdırılması kimi qəbul edə bilərik. Türkiyə, İsrail və bir sıra ölkələrdə həftə sonlarında, bayramlarda hərəkətin məhdudlaşdırılması COVİD-19-la mübarizədə böyük səmərə verdi. Qardaş Türkiyənin bütün böyük şəhərlərində həftə sonunda, bayram günlərində küçəyə çıxmaq qadağan edildi. Ramazan bayramında da belə bir qadağa tətbiq olundu. Azərbaycanda yoluxmaların sayının artdığını nəzərə alsaq, ölkəmizdə həftə sonlarında ciddi məhdudiyyətlərin tətbiqi COVİD-19-la mübarizədə ciddi nəticə verə bilər”.