4300
16:20
03 İyun 2020

Jurnalistlərə evlər hansı qaydada verilməlidir? - Yeni ideyalar

“Neçə gündür ki, həmkarlarımızın yeni jurnalist evlərinin verilməsi mövzusundakı statuslarını oxuyuram. Vaxt yaxınlaşdıqca yəqin ki, bu statuslar daha da artacaq. Hamı özünü haqlı hesab edir və hərənin də özünə görə arqumenti var. Mənim təklifim, hətta xahişim bundan ibarətdir ki, bu dəfə bu məsələnin seçimində media orqanları iştirak etməsin".

Bu fikirləri “APA Group”un rəhbəri Vüsalə Mahirqızı sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Vüsalə xanımın fikrincə, jurnalistlərə mənzillərin paylanması üçün online sistem hazırlamaq və müraciət kriteriyalarını müəyyən etmək olar. "Həmin kriteriyalara uyğun, ev almaq istəyən hər bir jurnalist online qaydada sənədlərini təqdim edir. Kriteriyalar dəqiqliklə seçilsə, müraciətlər minlərlə olmayacaq. Daha sonra isə müraciətlərin araşdırılması üçün ekspertlərdən və dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradıb, yekun siyahını Prezidentə təqdim etmək mümkündür. Bu, bir neçə məsələyə görə vacibdir:

1. Jurnalistlərin hansısa media orqanında işləməsi şərtidir. Sabah ev alandan sonra həmin şəxs jurnalistikadan gedə də bilir, amma o ev ondan geri alınmır. Və ya jurnalist başqa media orqanına, dövlət qurumuna transfer oluna bilər.
2. Ev məsələsi bir çox jurnalisti az maaşla illərlə bəzi redaksiyalarda işləməyə və gözləməyə vadar edir, girova çevirir, sonunda da çoxuna vəd olunan evlər verilmir, yəni adları siyahıya daxil edilmir.
3. Ev məsələsi media orqanlarında illərdir ki, əməkdaşları baş redaktorlarla üz-üzə qoyur. Nə qədər ədalətli davransan da, yenə də kimlərsə özünü daha çox haqqı çatan hesab edir və s. Bir halda ki, ev alan şəxs konkret hansısa media orqanına görə yox, jurnalist olduğu üçün ev alır, o zaman bu seçimi niyə redaksiya rəhbəri etməlidir və subyektiv mülahizələr yaranmalıdır?
4. Ev seçiminə media orqanı o vaxt qarışa bilər ki, ev konkret olaraq media qurumuna verilir. Məsələn, APA Agentliyinə 5 ev ayrılır. APA -dan işdən çıxan jurnalist isə evdən məhrum olur, eynilə hərbi strukturlarda olduğu kimi. Jurnalist evlərinin verilməsində qayda bu deyil və belə olmaması da çox yaxşıdır. O zaman çox sadə sual meydana gəlir. Media orqanı ona aid olmayan prosesdə niyə iştirak edir?"

V.Mahirqızı bildirib ki, indiyə qədər bu seçim doğru edilməyib və buna görə də prosesdə qeyri-şəffaf, subyektiv maraqlar çox olub: "Bununla bağlı əvvəllər də dəfələrlə demişəm, amma prosesi aparanların marağında olmayıb. Ümid edirəm ki, KİV DF-nin yeni rəhbərliyi bu məsələnin daha rahat və qalmaqalsız həlli yolunu tapacaq. Bir modeli mən təklif etdim. Şəxsən mənim media rəhbəri olaraq bu prosesdə heç bir marağım yoxdur və bacardıqca uzaq qalmaq istəyirəm”.

Maraqlıdır, bu məsələ ilə bağlı digər media rəhbərləri nə düşünür? Jurnalistlərin mənzillə təminatının obyektiv və daha optimal yolla təşkili istiqamətində başqa ideyalar da varmı?

Millət vəkili Aqil Abbas Lent.az -a açıqlamasında bildirib ki, şəffaflığın qorunması üçün KİVDF-də komissiya yaradılması yaxşı olardı:

“KİVDF-də bunun üçün xüsusi komissiya yaradılmalıdır. Bura Mətbuat Şurasından da kimisə daxil etmək olar. Onlar da ev növbəsinə təqdim olunan adamların həyat şəraiti ilə maraqlanmalıdır. Evlərin verilməsi bu qaydada aparılması şəffaf olar. Kiminsə bir neçə evi, villası var və ona yenidən ev verilirsə, bu jurnalistlər arasında narazılığa səbəb olur. Ev verilən jurnalistlərin də imzaları tanınmalı, jurnalistikanın inkişafında rolu olmalıdır. Bundan əlavə, hansı redaksiyada və nə qədər müddətə işlədiyin də diqqət yetirilməlidir. Məsələn, mənim dünən “Ədalət” qəzetinə işə götürdüyüm adama bu gün ev təqdim etməyim düz deyil. Keçən dəfə tanınmayan qəzetlərə 4, məşhur olanlara isə 2 ev təqdim olunmuşdu. Bəlkə heç redaksiyanın təqdim etdiyi əməkdaşların hamısına ev düşmür? Həm də orada 255 ev var. Ölkədə qəzet və saytların da sayı çoxdur, hamıya ev çatmır. Bir daha deyirəm, ictimaiyyətdə tanınan redaksiyaların əməkdaşlarına ev verilməlidir. Dünən biri sayt yaxud qəzet açıbsa, ona da ev verilməsi narazılığa səbəb olacaq”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid dövlətin jurnalistlərə qarşı bu humanist jestini ləkələmək istəyənləri pisləyib:

“Prosesləri müşahidə edirəm. Mənim elə bir fikrim yoxdur, aidiyyatı orqan özü müəyyənləşdirəcək. Amma müşahidələrimdən belə görürəm ki, cənab prezidentin jurnalistlərə həm 2013, həm də 2017-ci ildəki jestini qaralayırlar. Tutaq ki, hansısa 30-40 jurnalist haqqı çatmadığı halda oradan ev alıb. Amma orada 400 nəfər var ki, onların doğrudan da ehtiyacları var. Onlara qarşı həqarət tonu səslənir. Narazı qalanlar da 20-30 nəfərdir ki, onlara da arzulayırıq yeni binadan alsınlar. Həm o 20-30 nəfərdən, həm də yerdə qalanlardan xahiş edirəm ki, ümumi bu işi ləkələməsinlər. Dövlət başçısı özü də demişdi ki, jurnalistlər öz maaşları ev ala bilmirlər və bu evlər dövlətin jurnalistlərə hədiyyəsidir. Bu cür savab bir işi kimə və nəyə görəsə qaralamaq lazım deyil. Düşünürəm ki, narazı qalanlara yeni binadan ev veriləcək. Çünki yeni 200 ev var, amma Azərbaycanda toplasan heç 200 keyfiyyətli jurnalist yoxdur. İnanıram ki, hansısa problem yaranmayacaq”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə bir sıra təkliflər irəli sürüb. Belə ki, həmsöhbətimiz tələb olunan 10 illik fəaliyət və redaksiyalara təqdim edilən evlərin sayında dəyişiklik edilməsini istəyib:

“Ədalətli və şəffaf bölgü aparılmalıdır. Bunun üçün prinsiplər müəyyənləşdirilməlidir. Məsələn, həmin evlərin verilməsi üçün tələb olunan 10 illik fəaliyyət şərtini doğru qəbul etmirəm. Həmin tələb 5 ilə endirilməlidir. Çünki gənc bir jurnalist 3-4 ilə işləyib formalaşır. Onun da gələcək həyatını qurmaq və fəaliyyətini uğurla davam etdirmək üçün dayanan problemlərin önündə ev gəlir. Bu aradan qaldırılsa daha yaxşı olar. Bundan başqa, gündəlik qəzetlərə 3 ev, həftədə 3 dəfə çıxanlara 1 ev, həftəlik nəşrlərə 1 ev verilir. Bu da doğru deyil. Çünki redaksiyada evə ehtiyacı olan 4 və daha çox adam ola bilər. Həmin insanlar doğrudan da ömrünü-gününü Azərbaycan jurnalistikasının inkişafına həsr ediblər. Evlər ehtiyacı olanlara verilməlidir”.

Akif Aşırlı bundan əlavə, ölkədəki ahıl jurnalistlərə də qayğı göstərilməsini təklif edib:

“Mövzudan kənara çıxaraq demək istəyirəm ki, ölkədə ahıl jurnalistlərə də qayğı göstərilməlidir. Onların dəyərini verməyi bacarmalıyıq. Onlar sovet dönəmində çalışıblar deyə bir anlayış yoxdur. Həmin dönəmdə jurnalistlərə qayğı və ümumi mühit tamam başqa idi. Təklif edirəm ki, ahıl jurnalistlərimiz də müstəqil dövlətimizin nemətlərindən bəhrələnsinlər”.

Demokratik Jurnalistlər Liqasının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli həmin evlərin iki kateqoriya əsasında bölünməsini təklif edib:

“Burada iki kateqoriya var. Əvvəla həmin jurnalistlərin bu peşənin inkişafında müəyyən rolu olmalıdır. İkincisi isə bu mənzillər ehtiyacı olan jurnalistlərə paylanılmalıdır. Düşünürəm ki, bu iki kateqoriya əsas götürülsə, hamı razı qalar. Bununla bağlı xüsusi təklilərim yoxdur, ancaq ümid edirəm ki, KİVDF-nin yeni sədri müəyyən təkliflər hazırlayacaq. Həmin təkliflərin kabinetdə qalmamasını və ictimaiyyət arasında müzakirə olunmasını arzulayıram. Müzakirə zamanı daha da ədalətli təkliflər irəli sürülərsə, onlar da nəzərə alınsın”.

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev isə əvvəllər dəfələrlə bu haqda təkliflər irəli sürdüyünü qeyd edib:

"Bununla bağlı təklif və fikirlərimi publik olaraq dəfələrlə demişəm. Bu haqda bir daha öz fikirlərimi sistemləşdirib yazacam. Fikrimcə, ən başlıcası, meyarlar dəqiq olmalıdır və qoyulan tələblərə cavab verənlər mənzillə təmnin edilməlidr. Hələlik KİVDF bununla bağlı şərtləri elan etməyib deyə, hansı qərar qəbul olunacağını ancaq ehtimal etmək olar. Ümid edirəm, işin xeyrinə olan təkliflərimiz nəzərə alınacaq".