6805
15:07
02 İyun 2020

"Uşaq ona “olmaz” deyilən hər şeyi edir" - Yola gətirməyin QAYDASI

Heç kimə sirr deyil ki, hər bir valideyn ağıllı və tərbiyəli övlad yetişdirməyi arzulayır. Amma uşaqların dəcəlliyi bəzən valideynləri məyus edir. Valideynlər uşaqların bu "yaramazlıqlar"ının qarşısını necə almaq barədə isə düşünməyə məcburdurlar.

Araşdırmalardan bəlli olur ki, uşaqların nadincliyi onların nələrisə öyrənmə, kəşf edə bilmə qabiliyyətlərini inkişaf etdirir. Amma valideynlər bu vəziyyətlə üzləşəndə səbr kasaları daşır. İş o yerə çatır ki, valideynlər uşaqların nadincliyini qoyduqları qadağa ilə aradan qaldıracaqlarını düşünürlər. Amma qadağalar balacaları daha da inadlaşdırır. Beləliklə, uşaq ona “olmaz” deyilən hər şeyi edir. Bəs valideynlər belə hallarda uşaqlarla necə davransınlar? Onları yola gətirməyin qaydası nələrdir? Ümumiyyətlə, uşaqlara qadağa qoymaq olarmı?

Lent.az -ın suallarını cavablandıran psixoloq Fuad Əsədov deyir ki, əslində qadağalar yolverilməzdir:

“Nəinki uşaqlara ümumiyyətlə, sosial münasibətlərin hər birində qadağaların qoyulması mənasızdır. Çünki qadağanın mahiyyəti yoxdur. İstənilən insana “sən bunu etmə” deyilsə, o “görəsən etsəm nə olar, bir dəfə etsəm heç kim bilməz” kimi fikirlərə düşəcək. Yəni qadağa olunan hər hansı bir şey insana daha maraqlı gəlir. Özümüz özümüzə qadağa qoyanda belə onu pozmağa meylli oluruq. Məsələn, çox sadə bir şey deyəcəm: siqareti tərgitmək istəyən insan özünə qadağa qoyur ki, “mən heç vaxt siqaret çəkməyəcəm”. Amma fikri orada qalır. Bir müddət sonra o yenidən siqaret çəkməyə başlayır. İndi belə bir şey deyək. Əgər həmin insan özünə “mən istənilən vaxt siqaret çəkə bilərəm, amma bacardığım qədər təxirə də sala bilərəm” desə, bu zaman istənilən insanın öz zərərli vərdişindən qurtulmağı daha asan olar. Bu misalları görəndən sonra daha yaxşı anlayarıq ki, uşaqlara qadağa qoymaq ümumiyyətlə, mümkünsüzdür. Çünki uşaqlar yetkin insan qədər ətraflı düşünə bilmir. Məsələn, pasient kimi yanıma gətirilən uşağın valideyni deyir ki, mən bilirəm ki, uşağın üstünə şiddətli şəkildə acıqlanmaq olmaz, döymək olmaz, amma sözümə baxmır, buna görə də döyürəm. Sual verirəm ki, sizin döyməyiniz işə yarayır? Deyir yox. Göründüyü kimi şiddət uşağın etmək istədiyi şeyin qarşısını almır.

Qadağaların olmaması iki məsələyə görə lazımdır: birincisi, bu, uşaq üçün əlavə yükdür. İkincisi isə işə yaramır. Ümumiyyətlə, bu cəzalandırma üsulu bizə köhnədən qalan ənənədir. “Qızını döyməyən dizini döyər”, “Uşağını balaca vaxtı döyməyən peşman olar. İndidən döy ki, sonrası yaxşı olsun” kimi fikirlər var. Bir dəfə şahidi olduğum hadisəni danışım sizə. Deməli, küçədə uşaq anasının əlini buraxıb yola qaçdı. Az qaldı ki, maşın vursun. Sonra anası o uşağı çox pis döydü. Böyük ehtimalla, uşağı maşın vursa, daha az zədə alardı. Bəs uşağı boş buraxaq? Xeyr, əlbəttə ki , belə lazım deyil. Uşağı başa salmaq lazımdır. Məsələn, bunu etsən filan şeylər baş verə bilər. Bəzi valideynlər şikayətlənir ki, başa salıram amma o başa düşmür. Bu zaman nə etməliyəm? Deməli, doğru yoldan başa salmamısınız. Onu daha başqa üsullarla başa salmaq, vəziyyəti izah etmək lazımdır. Necə olur ki, uşağı psixoloqa gətirirsiniz və onu başa sala bilir. Demək, yanaşma fərqi var.

Ekspert deyir ki, uşaqlara mükafat vermək onların tərbiyəsinə təsir edir:

“Uşaq etdiyi hər şeyə görə mükafat almalıdır. Burada söhbət təkcə maddi baxımdan olunan mükafatlardan getmir. Yəni ona oyuncaqlar, ya da istədiyi hədiyyələri al deyilmir. Bu, bəzən kiçik tərif ola bilər. Ona özünü önəmli hiss etdirəcək xoş sözlər demək, uşağın xoş motivasiya almasına səbəb ola bilər. Ona güvəndiyini hiss etdirməlisən. O zaman o, güvəninizi qırmamağa çalışacaq. Əgər əksi olsa, onda cəza tətbiq etmək olar. Təbii ki, burada “ənənəvi” cəza üsulundan söhbət getmir. Məsələn, onu sevdiyi hər hansı bir şeydən qısa müddətlik məhrum etmək. Bura misal olaraq oyuncaqlarını, velosipedini, televizoru, telefonu, küçədə dostları ilə oynamağı göstərə bilərik. Bu zaman uşaq anlayacaq ki, bu səhvi etsə, bir həftə küçədə dostları ilə oynaya bilməyəcək. Belə olduğu təqdirdə uşaq davranışlarına diqqət edəcək.

Bütün uşaqlar fərqli xüsusiyyətlərlə dünyaya gəlir. Bəzi uşaqlar həddindən artıq hiperaktiv, digərləri çox sakit xarakterə malikdir. Ancaq nə qədər fərq olmasına baxmayaraq, hər uşağın oxşar tərəfləri də var. Bütün uşaqların ortaq nöqtəsi nədir?

“Valideynin diqqətsizliyini hiss etmək, onlarda aqressiya yaradır. Problemli uşaqlar arasında sorğu aparılıb və alınan nəticə budur. Həmin uşaqlar valideynlərinin onlarla maraqlanmadığından, onlara qarşı diqqətsizlikdən şikayət edir. Valideynlərə buna yaxşı bəhanəsi də var: “Vaxtım yoxdur”. Axı sənin uşaqdan daha vacib nə işin ola bilər? Uşağa qayğı, diqqət göstərmək lazımdır ki, aradakı dostluq əlaqəsi yaransın. Uşaq hansısa pis hərəkət edirsə, bura daha çox yeniyetmə yaşında olanlar aiddir ki, gedib lazım olmayan çevrələrə qoşulur, evə gec gəlir, bu zaman uşağı danlamaq lazım deyil. Çünki belə bir yaşda, məsələn, evə gec gəldiyinə görə danlansa, uşaq özünü təzyiq altında hiss edəcək. Daha sonra təzyiq altında olan hər bir insan kimi özünü müdafiə etməyə başlayacaq. “Hamı belə edir, nə etməliyəm” kimi sözlərlə özünə haqq qazandırmağa başlayacaq. Belə bir halda valideyn uşağa evə gec gəldiyinə görə nə qədər narahat olduğunu, həyəcan keçirdiyini izah etsə, bu zaman yeniyetmə vicdan əzabı çəkəcək, məsuliyyət hiss edəcək. Valideynlərini narahat qoymamağa çalışacaq. Həmin pis hərəkətlərini də düzəltməyə çalışacaq. Hər bir valideyn bu sadaladıqlarıma əməl etməlidir. Heç bir səbəb bunların əksini etməyə zəmin yaratmır”.

Bütün bu fikirlərdən sonra belə nəticəyə gəlmək olar ki, uşaqlar nadincliyi adətən, valideynlərinin diqqətini çəkmə üçün edirlər. Həddindən artıq intizam, ciddi qaydalar və qadağalar uşaqlar üçün çətin və darıxdırıcıdır. Bu məhdudiyyətlər özünə inam, şəxsiyyət və ünsiyyət pozğunluğuna da səbəb ola bilər. Bir də ki, axı uşaqlar valideynlərinə bənzəməyə çalışırlar. Bu halda edəcəyiniz tək şey övladlarınızdan əvvəl özünüzü tərbiyələndirmək olacaq.