20797
14:36
19 May 2020

Boş masalarda bekarçılıqdan yorulan ofisiantlar – Bakı kafeləri bu gün

“Düzü, karantin rejimiylə bağlı yeni yumşalma elan ediləndə sevindik. Amma iş vaxtımız elə saatlardadır ki, həmin müddətdə müştərilərin yarısı oruc tutur, yarısı da işdə olur”.

Bu sözləri bu gündən etibarən karantinlə vidalaşıb işə başlayan kafe sahibi Səyavuş deyir. Əslində onun kafesi Bakıda ortabab sayıla bilər. Keçmiş müştərilərini salamlamaq üçün neçə vaxtdır gözləyir. Amma kafesini açdığından hələ ki müştəri qıtlığındadır.

Yəqin bilirsiniz, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən restoran, kafe, çay evlərində müştərilərə yerində xidmətin saat 08:00-dan 18:00-dək bərpa olunub. Açılış qərarı məkan sahiblərini sevindirsə də, ortaya bir sıra suallar da çıxdı. Axı qeyd olunan saatlar müştərilərin bir qisminin iş saatı ilə üst-üstə düşür. Nəzərə alsaq ki, Ramazan ayıdır, o zaman, suallar daha da çoxalır. Bəs indi bu saatlarda məkana gələn müştərilər kimlər olacaq? İftarını restoranlarda açmaq istəyənlər heç olmasa evə sifariş verə biləcəklər?

Lent.az -ın əməkdaşı suallara cavab almaq üçün şəhərin bir neçə restoran və kafelərinə baş çəkdi. Başladıq şəhərin mərkəzində yerləşən, insanların ən çox üz tutduğu restoranlardan. Bizi boş masalar və bekarçılıqdan yorulan ofisiantlar qarşıladı:

“Açığı, belə olacağını bilməzdik. İşə yeni başladığımızı nəzərə alsaq, gün keçdikcə müştərilərin çoxalacağına ümid edirik. Onları da qınamaq olmaz. Camaatda pul da yoxdur heç”.

Gəzdiyimiz bütün məkanlarda eyni cavabları aldıq və oxşar vəziyyətlə üzləşdik. Yaxşı, gələk digər məsələyə. Oruc tutanlar iftarını açmaq üçün təbii ki, restoranlara üz tuta bilməyəcəklər. Bəs sifariş?

Hə, bu sualımıza məşhur restoranlardan birinin meneceri Elman Əliyev aydınlıq gətirdi:

“Biz, əslində, karantin müddətində də sifarişləri çatdırmışıq. İndi də eyni qaydada davam edirik. İftar üçün sifarişlər bir o qədər olmur. Ümumi sifarişlər olur. Şirniyyat, pizza, dönər və hamburger müştərilər tərəfindən daha çox sifariş olunan yeməklərdir”.

Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, gəzdiyimiz məkanlarda sosial məsafəyə və gigiyenaya düzgün riayət olunur. Məkan sahibləri bildirir ki, gələn müştərilərə bir masanı arada boş qoymaq şərti ilə əyləşmələrini təklif edirlər. Amma hər birimiz öz sağlamlığımızı düşünərək getdiyimiz məkanlarda bu qaydalara riayət etməyi unutmamalıyıq. Əks halda, yenidən geridə qoyduğumuz günləri yaşamalı olarıq.

Lamiyə Məmmədova