19:26
14 May 2020

“Apple”dən audioxəbər servisi: peşəkar aktyorlar cəlb ediləcək

"Apple" şirkəti jurnal və xəbərləri oxumaq üçün "Apple News " servisinin audioversiyasını istifadəyə verməyə hazırlaşır.

Lent.az "ICTnews"a istinadən xəbər verir ki, son aylar şirkət bütün istehsal xərclərini öz üzərinə götürməklə nəşriyyatçılara kontenti səsləndirmək təklifi ilə müraciət edib.

Məlumata görə, "Apple" reklamın nümayişindən əldə olunan mədaxilin 50 faizini tərəfdaşlara köçürməyə hazırdır. Kompensasiya məbləği bu və ya digər materialın dinləyicilər arasında son 30 gündə tələbatından asılı olacaq. Məqalələrin səsləndirilməsi üçün onların müəlliflərinin deyil, peşəkar aktyorların cəlb edilməsi nəzərdə tutulur.

Lakin nəşriyyatçılar yeni ideyanın perspektivliyinə şübhə ilə yanaşırlar. Onların sözlərinə görə, servis auditoriyası tərəfindən məqalələrin audioversiyalarının dinləniləcəyi üçün əsas yoxdur, çünki bu, oxumaqdan daha çox vaxt tələb edir. Bundan başqa, KİV "Apple News " servisinin gəlirlərinin az olmasından narahatlıq keçirir.

2019-cu ilin martında istifadəyə verilən "Apple News " abunəçilərə "Vogue", "National Geographic Magazine", "People", "ELLE", "The Wall Street Journal", "Los Angeles Times" daxil olmaqla 300-dən çox nəşrdən istifadə imkanı yaradıb.

Materialları – həm hazırkı, həm əvvəlki buraxılışları, həm də ayrı-ayrı məqalələri birbaşa "Apple News" əlavəsində oxumaq mümkündür. ABŞ-da servisdən istifadə üçün aylıq abunə haqqı 9,99 dollar təşkil edir.

Şirkət audioservisin işə salınması ilə "Apple News " abunəçi bazasının artacağına ümid edir.

Dİgər xəbərlər