1842
18:05
08 May 2020

Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstututu yaradılsın - Deputatdan TƏKLİF

“Qarabağ həqiqətlərini, Ermənistanın işğalçılıq siyasətini tarixi və elmi əsaslarla daha geniş şəkildə dünyaya çatdırmaq üçün daha sistemli fəaliyyət göstərmək üçün Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstututu yaradılmalıdır”.

APA-nın məlumatına görə, bu təkliflə deputat Fatma Yıldırım çıxış edib.

O bildirib ki, bu gün Ermənistanın Azərbaycanın dilbər guşəsi, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərini işğal etməsindən 28 il ötür: "Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Qədim tarixə malik olan Şuşa yaddaşımızda zəngin tarixi keçmişi və mədəniyyət abidələri, yetişdirdiyi məşhur şəxsiyyətləri ilə tanınan məkan kimi dərin izlər buraxıb. “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli musiqiçilərinin, böyük bəstəkarların və sənətkarların vətənidir. Bu torpaqda olan qədim memarlıq və incəsənət abidələrini sadalamaqla qurtarmaz. Təəssüf ki, işğal nəticəsində ermənilər Şuşada bütün mədəniyyət abidələrini məhv ediblər”.