"Həyata daha düşüncəli yanaşmaq imkanı yaranıb" - Elxan Cəfərov
29 aprel 2020 12:25 (UTC +04:00)

"Həyata daha düşüncəli yanaşmaq imkanı yaranıb" - Elxan Cəfərov

Aprelin 29-u aktyor-rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun doğum günüdür.

Lent.az xəbər verir ki, o, doğum gününü evdə doğmaları ilə birgə qeyd edir.

"Yalnılz doğum gününüzü deyil, karantini necə keçirirsiniz" sualına Elxan Cəfərov cavabında deyib: “Əslində yaradıcılıq üçün münbit dövrdür. Əlbəttə, dünyanı başına almış virusun nəticələri cansıxıcı olsa da, mənə elə gəlir ki, bu bütün insanlıq üçün yeni dövrün başlanğıcıdır. Elə bilirəm, xüsusilə yaradıcı insanlar üçün çətin dövr olmayacaq”.

Rejissor deyir ki, ömrümüzün sürətlə keçməsi səbəbindən hansısa düşüncənin üzərində dayanıb analiz edə bilmirdik: “Buna vaxt çatmırdı. İndi həm keçmişi yada salıb, keçdiyin yolu analiz edirsən, həm də gələcək üçün düşünüb plan cızırsan. Yəni həyata daha düşüncəli yanaşmaq imkanı yarandı”.

Elxan Cəfərov pandemiya vaxtı iş başında olanlara minnətdarığını bildirdi. Dedi ki, dövlətimiz, cəmiyyətimiz bu sınaqdan layiqincə çıxır: “Genetik yaddaş öz sözünü deyir. Biz gözəl qəlbli millətik.

Gözəl insan cəmiyyətində yaşayırıq. Ümidvaram ki, dünya daha gözəl günlərə gedir. İnsanlar daha düşüncəli və daha az reflektor olacaqlar”.

Elxan Pərviz oğlu Cəfərov 1967-ci il aprelin 29-da Bakı şəhərində anadan olub.

Uşaqlıqdan onu uşaq filmlərinin qəhrəmanı kimi tanımışıq. Xüsusən, Dovjenko adına kinostudiyanın ekranlaşdırdığı  “Hazır ol, əlahəzrət” filmində şahzadə rolu ilə yaddaşlarda iz qoyub. “Mən mahnı qoşuram”, “Bağ mövsümü”, “Şir evdən getdi” və digər filmlərdə aktyor kimi çəkilib.

“Dolu”, “Əlavə təsir”, “Yarımçıq xatirələr”, “Cümhuriyyətin 9 şəkli” kimi filmlərin rejissorudur. “Dolu” filminə görə 2015-ci ildə “Ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatı alıb.  

Lent.az sənətkarı doğum günü münasibəti ilə təbrik edir.

# 4039
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar