19:52
16 Aprel 2020

Pelenin həmvətənlərinin AZƏRBAYCAN MACƏRALARI

Futbol sehrbazları...

Apasport.az saytının məlumatına görə, bu ad braziliyalı futbolçulara əbəs yerə verilməyib. Onilliklər boyu bu ölkədən olan oyunçular öz sehrləri ilə dünyanın gözünü oxşayıb. Uzun illər planetin ən yaxşıları arasında, ən yaxşı adına namizədlər sırasında “sambaçılar” da yer alıb. Bu ad da onlara topla sanki samba oynamaqlarına görə verilib. Futbol kralı - Pele, Ademir, Leonidas, Qarrinça, Ağ Pele – Ziko, Ronaldo, Rovaldinyo, Rivaldo, Kaka kimi ulduzlar dünyanın ən yaxşılarından olub. Düzdür, son 10 ildən artıq müddətdə Kriştianu Ronaldo və Lionel Messi elə bir səviyyə ortaya qoyub ki, digərləri, o cümlədən braziliyalılar yalnız ikinci kateqoriyaya düşə bilib. Çünki ən yüksək kateqoriyada yalnız bu cütlük yer alır. Braziliyalıların ümid etdiyi Neymar da onlarla müqayisəyə gəlmir.

Lakin ən yaxşı mövqeyinə iddialar belə qalmasa da, braziliyalıların dünya transfer bazarında hegemonluğu davam edir. Dünyanın az qala hər yerində sambaçı olduğunu görmək olar. İndi braziliyalının olmadığı hər hansı liqa tapmaq belə çətindir. Təkcə Avropa deyil, Asiya, Şimali Amerika, hətta uzaq Avstraliyada da futbol sehrbazlarına rast gəlmək mümkündür. Özü də təkcə liqalar deyil, yığmalar da milliləşən braziliyalılarla gücünə-güc qatır. Düzdür, bu sözlər legioner almağa gücü çatmayan kasıb liqalara şamil olunmur. Təbii ki, braziliyalıların oynadığı çempionatlardan danışarkən Azərbaycan Premyer Liqası da istisna təşkil etmir.

Hərəyə bir qol vuraq
Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün arxada qalan 20 turuna nəzər salsaq, çempionatımızda cəmi 4 braziliyalı oynayıb. Bu, son illərlə müqayisədə çox aşağı göstəricidir. Ölkəmizdə klubların, maddi baxımdan imkanlı və müvafiq olaraq iddialı komandaların sayında müşahidə olunan kəskin azalma braziliyalılarda da əksini tapıb. Vaxtilə bu ölkədən olan legionerlərə qucaq açmış bir çox komanda artıq tarixin yaddaşına köçüb.

Cari mövsümdə daha bir sambaçı – “Qarabağ”ın qapıçısı Vaqner da Silva isə gününü ehtiyat oyunçular skamyasında keçirib. O, iki həmyerlisi ilə klubda da komanda yoldaşıdır. Aylton Silva və qış fasiləsində klubdan ayrılan Riçard Almeyda cari mövsümdə hərəyə 1 qol da vurub. 14 matça çıxan sonuncu buna penalti zərbəsi ilə nail olub. Aylton isə 15 oyunda bir dəfə fərqlənib.
Heyətində üç braziliyalısı olan son çempion, həm də indiki liderdən fərqi olaraq, digər iki klubun hərəsində bir futbolçu bu ölkədəndir. Dario Federiko “Neftçi”də 17, çempionatımızda debüt edən Eriko da Silva “Səbail” 8 dəfə şans qazanıb. Maraqlıdır ki, onlar da digər iki həmyerlisi kimi hərəyə bir qolun sevincini yaşayıb.

Uçmayan qaranquş
Azərbaycanda braziliyalıların ümumi sayındakı rəqəm o anlama gəlmir ki, əvvəllər ölkəmiz sambaçılarla aşıb-daşıb. Stadionlarımıza uzun illər bu ölkədən olan futbolçular qədəm basmayıb. Azərbaycanda “ilk qaranquş”a isə hələ ötən minilliyin, ötən əsrin sonlarında rast gəlinib. “Xəzər Universiteti” hələ iddiaları seçilmədiyi 2000/01 mövsümünün ilk yarısında cənubi amerikalı futbolçunu heyətinə qatıb. Adlı-sanlı “Kruzeyro”nun neçənci isə komandasının üzvü olan Adriano Oliveyra Bakı təmsilçisinin sıralarına qoşuldu. Lakin bu “qaranquş” Azərbaycanı “uçmadan” tərk edib. Çempionatda debüt şansı əldə etməyən braziliyalı yalnız kubokun bir matçında şans qazanıb. 2000-ci il dekabrın 2-də Qusarda “Şahdağ”la oyunda debüt edən Adrianonu Azərbaycan stadionlarında bir daha görən olmayıb.

Cığıraçan əfsanə
Ölkəmizə braziliyalıların axını isə AFFA rəhbərliyindəki dəyişikliklərdən sonra yaşanıb. Fuad Musayevin prezident postundan ayrılması və bu vəzifəyə Ramiz Mirzəyevin gəlişi ilə futbolda canlanma yaşandı. Yeni-yeni klublar yarandı, əvvəlkilər yeniləndi, maliyyə dayaqlarının böyüməsi legionerlərin kəskin artımına təkan verdi. Braziliya da bu mənada kənarda qalmadı. Lakin klublardan əvvəl AFFA-nın özü bu ölkədən əfsanə gətirdi. Azərbaycan millisinin baş məşqçisi postuna dünya çempionu, Pelenin sabiq komanda yoldaşı olan əfsanəvi Karlos Alberto Torres gətirildi. Onun yığmadakı fəaliyyəti uğursuz alınsa da, ölkəmizin Braziliyada, xüsusilə də futbolunda tanınmasında böyük rol oynadı. Bu ölkədən olan legionerlər də Torresin çalışdığı ölkədən gələn təklifə ekzotika deyil, reallıq kimi yanaşdı.

“Zolaqlılar”ın zəfəri
Çempionatımızda ilk braziliyalılar isə 2004/05 mövsümündə peyda oldu. İlk 12 birinciliyin həsrətində olduğu sambaçılar 2004-cü ildə özləri üçün Azərbaycanı kəşf etdi. Avqustun 11-də keçirilən “Qarabağ” – “Bakı” qarşılaşması bu baxımdan siftə kimi tarixə düşdü. Elxan Abdullayev II turun bu matçında birdən-birə üç braziliyalıya şans verdi. Lakin Leandro Qomeş, Andre Ladaqa və Krstiano dos Santosun meydanda olması da bakılıları məğlubiyyətdən xilas etmədi – 0:2. 11 gün sonra keçirilən III turun oyununda “Xəzər Lənkəran”a eyni hesabla qalib gələn “Bakı”nın qollarından birinə Leandro Qomeş imza atdı. Bu, braziliyalıların Azərbaycan çempionatında ilk qolu kimi tarixə düşdü. Ümumiyyətlə, 2004/05 mövsümündə yalnız üç komanda – “MKT-Araz”, “Kəpəz” və “Bakı” sambaçılara ehtiyac duydu. Bu ölkənin 10 təmsilçisi 27 qola imza atdı. Onlardan yeddisi “zolaqlılar”ın şərəfini qoruyurdu. Bu, paytaxtın eyniadlı təmsilçisinə çempionatda faydalı olmasa da, mövsümün sonunda kubokun qazanılması ilə başa çatdı. “Zolaqlı” braziliyalıların zəfəri növbəti mövsümdəki çempionluqla davam etdi. Bu ölkədən olan, amma ölkəmizə gələn 2-3-cü dərəcəli legionerlərin özünü doğrutması digər klubların da eyni transfer bazarına üz tutmasına səbəb oldu. Nəticədə braziliyalıların sayı ildən-ilə artmağa başladı.

Diniyevin kəşf etdiyi Amerika
Pelenin həmvətənlərinin Azərbaycan stadionlarında söz sahibinə çevrilməsi onların milli komandaya da yolunu açdır. Düzdür, Karlos Alberto Torres yığmada uğur qazana bilməsə də, yalnız yerli futbolçulara güvənib, onlarla nəyəsə nail olmağa çalışaraq həmyerlilərinin milliləşməsi barədə düşünmədi də. Amma onun xələfləri bu mənada daha “uzaqgörən” oldu. 2005-ci ilin sonunda millinin baş məşqçisi təyin olunan Şahin Diniyev uğur qazana bilməyəcəyini görüncə, bir sıra yerli futbolçuları komandadan kənarlaşdırdı. Legionerlərə güvənməyə başlayan mütəxəssis Cənubi Amerikanı da “kəşf etdi”. Hələ Fuad Musayevin dövründə millidə postsovet məkanından olan futbolçular yer alırdı. Lakin digər ölkələrin təmsilçilərinin milliləşməsi məhz Diniyevin baş məşqçiliyi dövrünə təsadüf etdi. Bəzi ölkələrin tək-tük braziliyalı milliləşdirməsindən ilhamlanan mütəxəssis bu prosesi kütləviləşdirdi. Qısa zamanda müxtəlif ölkələrdən toplaşmış dünya yığmasına (təbii ki, 3-4-cü dərəcəli) bənzəyən millimizdə Andre Ladaqa, Leandro Qomeş, Ernani Pereyra və Markus Ferreyra az qala bir neçə günün içində Azərbaycan pasportuna sahib çıxdı. Onların indi bu sənədlə necə rəftar etdiyini isə heç kim bilmir. Diniyev milliləşmə estafetini “etibarlı əllərə” verdi. Ondan sonra da geniş vüsət alan bu proses daha iki braziliyalını azərbaycanlılaşdırdı. Fabio Luis Ramim və Riçard Almeyda özü üçün yad ölkənin vətəndaşına çevrildi.

Çempionluq iksiri
Azərbaycan çempionu olan ilk braziliyalılar Leandro Qomeşlə Andre Ladaqa 2005/06 mövsümündə “Bakı”da bu uğura imza atdı. Növbəti mövsümdə Rodriqo Sales “Xəzər Lənkəran”ın uğurunda az-çox rol oynayıb. 2007/08 mövsümü isə Azərbaycan futbolu tarixinə sambaçılarsız son çempionluq kimi düşdü. İl boyu braziliyalıya güvənməyən “İnter” ilk titulunu qazandı. Növbəti çempionatda “Bakı” yenə iki futbolçu ilə - Vilyam Batista və Fabio Luis Ramimlə qızıl medallara sahib çıxdı.

2009/10 mövsümündən başlayaraq, çempionluq ikisinin bu ölkə təmsilçiləri ilə hazırlanması zəruri xarakter aldı. “İnter”in ikinci zəfərində 4 sambaçı pay sahibi oldu. Ardınca isə hegemonluq başladı. Söhbət çempionluğun qazanılmasında braziliyalıların rolundan gedir. Üç il dalbadal çempion olmaqla həmin vaxt üçün rekord vuran, həm də 6 illik həsrətə son qoyan “Neftçi” də bunun sayəsində uğur qazandı. Digər oyunçular və məşqçilərin də rolunu azaltmamaq şərtilə başda Flavinyo olmaqla legionerlərin, xüsusilə braziliyalıların bunda əməyi danılmazdır. Hətta “Neftçi”ni “Flavinyo çempion etdi” ifadəsi də həmin dövrdə dəbdə idi.

Çempionluq estafetini “ağ-qaralar”dan alan “Qarabağ” da iksiri braziliyalılarda gördü. Qurban Qurbanovun müstəsna xidmətlərinə baxmayaraq, neçə illər yerli oyunçulara güvənən Ağdan klubu qızıl medallara həsrət qalırdı. Bundan çıxış yolu isə Riçard Almeyda və Reynaldo Silva da daxil olmaqla, legionerlərin gəlməsi ilə tapıldı. Bu cütlüyün əvəzolunmaz xidmətləri “Qarabağ” ölkə futbolunun hegemonuna çevirdi. Son 9 ildə Flavinyo, Reynaldo və Almeyda ilə komanda yoldaşı olan xeyli sayda braziliyalı da qızıl medal sevinci yaşadı. Onlar arasında Braziliya U-20 millisi ilə dünya çempionatının vitse-çempionu Bruno Bertuççini keçmiş uğurlarına görə qeyd etmək yerinə düşər. Əksər braziliyalılar vətənində tanınmayıb, Azərbaycanda ulduz olsa da, müdafiəçi parlaq gələcək vəd edib sonradan ümidləri tam doğrultmayanlardan sayılır.

Dəyişən tendensiya
Yuxarıda qeyd etdiyimiz kimi, braziliyalılar mövqelərini nisbətən əldən verib. Bu da qapıçılarla bağlı tendensiyaya təsirsiz ötüşməyib. Onilliklər boyu arxa xətti deyil, hücumu düşünən Braziliyada daim ən zəif mövqe qapı olurdu. Çünki müdafiəçilərin də hücuma atıldığı, ən yaxşı ön xətt oyunçularının olduğu komandada bu mövqeyə ehtiyac da böyük olmurdu. Düzdür, Braziliyada tanınmış böyük qolkiperlər də yetişirdi. Amma belələri barmaqla sayılacaq sayda idi. Ön xətdəki hegemonluğun nisbətən əldən verilməsi ilə qapıçılar da daha səviyyəli olmağa başladı. Artıq dünyanın bir çox ölkələrinə qapıçılar da ixrac olunur. Planetin ən yaxşı qapıçılar sırasında Alisson və Edersonun mübarizəsi də buna bariz nümunədir.

Braziliyalı qapıçıların Azərbaycana da yolu düşüb. Müxtəlif illərdə dörd sambaçı Premyer Liqada forma geyinib. 2008/09 mövsümündə “İnter”lə çempionluq yaşayan Raymundo Vilson ilk belə oyunçudur. O, keçirdiyi oyun sayında həmyerli-həmkarları arasında rekordçudur – 34 (-24 top buraxıb). Dieqo Kosta “Qəbələ”də 25 (-27), Vaqner da Silva “Qarabağ”da 15 (-5), Duqlas Leyte “Xəzər Lənkəran”da 5 (-8) matçda forma geyinib. Ümumilikdə, sambaçı qapıçılar 64 top buraxıb.

Bizim Denis
2004-cü ildən indiyədək Azərbaycan çempionatlarında 106 braziliyalı futbolçu çıxış edib. Onlar arasında rekordçu Denis Silvadır. “Xəzər Lənkəran”ın Azərbaycana gətirdiyi, “Neftçi”nin qaytardığı, “İnter”in (sonradan “Keşlə”) xidmətindən yararlandığı müdafiəçi Premyer Liqada nə az-nə çox 12 mövsüm keçirib. Bu göstəricidə mütləq rekordçu olan braziliyalı 271 oyunda iştirak edib. Azərbaycan dilini də öyrənib, milliləşən legionerlərdən fərqli, əsl bizimkiləşən Denis bu göstəricidə izləyicilərini böyük fərqlə qabaqlayır.

Milliləşən Riçard Almeyda və Fabior Luis Ramim hərəyə 8 mövsüm oynadıqları çempionatdakı oyun sayında müvafiq olaraq, 2-3-cü yerləri tutur. Ümumilikdə, yalnız 9 braziliyalı çempionatımızdakı matç sayında 100-ü fəth edib.

1

Denis Silva

271

2

Riçard Almeyda

189

3

Fabio Luis Ramim

149

4

Junivan Suares

139

5

Flavinyo

133

6

Dodo

131

7

Leandro Qomeş

119

8

Ernani Pereyra

101

9

Junior Osvaldo

100

565 qol və ikihakimiyyətlilik
Ölkə çempionatında meydanda çıxmış 102 braziliyalı sahə oyunçusundan (digər dördü qapıçıdır) 70-i qol vurmağa müyəssər olub. Cari çempionatadək bu rəqəm 69 idisə, “Səbail”in futbolçusu Eriko da Silva “Zirə”yə vurduğu topla siyahıya yubiley – 70-ci kimi daxil olub.

Braziliyalı bombardirlər cədvəlində ikihakimiyyətlilikdir. “Qarabağ”ın son illərdəki uğurlarında pay sahibi olan Reynaldo Silva və Riçard Almeyda hərəyə 44 dəfə fərqlənib. Qazaxıstanın “Astana” klubuna keçən sonuncu cari mövsüm geri qayıdıb bir dəfə rəqib qapısına yol tapmaqla həmyerlisinə şərik çıxıb. Riçard sanki rekord üçün geriyə qayıdıbmış və qışda yenidən ölkəmizi tərk etdi.

Braziliyalıların ilk qolunun müəllifi olan Leandro Qomeş 41 topla 3-cüdür. O, Junivan Suaresi bir top qabaqlayır. Ümumilikdə, yalnız 9 futbolçu 20 və ya daha çox qola imza atıb.

1-2

Reynaldo Silva

44

Riçard Almeyda

44

3

Leandro Qomeş

41

4

Junivan Suares

40

5

Junior Nildo

37

6

Flavinyo

31

7

Fabio Luis Ramim

27

8

Dodo

23

9

Mario Souza

22

Bombardir və penalti ustası
Ən məhsuldar braziliyalıların personasına qısaca da olsa toxunmaq yerinə düşər. 44 qolu keçirdiyi 93 matçda vuran Reynaldo həmyerlisi ilə müqayisədə daha yüksək orta məhsuldarlığa malikdir. O, ölkə çempionatları tarixinə bombardir tituluna yiyələnən yeganə sambaçı kimi düşüb. 2013/14 mövsümündə “Qarabağ”ın 21 illik çempionluq həsrətinə son qoymasında bombardirin 22 qolunun xüsusi çəkisi var. Reynaldo həm də Azərbaycan klublarının avrokuboklardakı ən məhsuldar oyunçusudur – 11 qol. O, Ağdam klubunun prinsipial rəqibi “Neftçi” ilə Azərbaycan derbiləri tarixinin də ən yaxşı bombardiridir. Braziliyalı “ağ-qaralar”ın qapısından ümumilikdə 9 top keçirib.

Onunla müqayisədə daha çox oyun keçirən Almeyda isə sırf yarımmüdafiəçi olmasına rəğmən 44 dəfə fərqlənib. Penalti ifaçısı kimi ad çıxaran futbolçu qollarının az qala yarısını 11 metrlik nöqtədən vurub. O, ölkə futbolunda canlanmanın başladığı 2004-cü ildən sonrakı dövrdə rekord sayda – 23 penalti zərbəsi vurmaqla da diqqət çəkib. Yarımmüdafiəçi bunların 21-dən dəqiq istifadə edib.

16 ildə 14 avtoqol
Çempionatımıza rəng qatan braziliyalılar təkcə müsbət mənada fərqlənməyib. Sambaçılar avtoqollarla antiqəhrəman obrazına da düşüb. Cari mövsümdə belə halla Eriko da Silva üzləşib. O, Premyer Liqada qapıları səhv salan yubiley – 10-cu Braziliya təmsilçisidir. Ona qədər 9 həmyerlisi 13 uğursuzluq yaşamışdı. Eriko bu mənada 14-cü avtoqolun müəllifidir.

Jairo Rodriges və Denis Silva isə Azərbaycan çempionatları tarixinin antirekorduna şərikdir. Onlar hərəyə üç qolu öz qapısına vuran futbolçular sırasında yer alıblar. Denis uzun müddət keçirdiyi çempionatda 3 dəfə belə hala üzülübsə, “Neftçi”də avtoqollar üzrə mütəxəssisə çevrilən Jairo qısa müddətdə bunu gerçəkləşdirib. Avtoqol müəllifi olan digər yeddi braziliyalı isə bunlardır: Karlos Kardoso, Klaudiano Alveş, Tieqo de Xesus, Vanderson Skarduelli, Aylton Junior, Araujo Santos, Renan Silva.

İntizamsız istedad
Azərbaycana gəlib-getmiş ən istedadlı braziliyalının kim olması barədə uzun-uzadı müzakirə, hətta mübahisə aparmaq olar. Subyektiv fikrimizi ortaya qoysaq, bu ada Leonardo Roşanı layiq görmək olar. Lakin həddən artıq intizamsız olan bu futbolçu parlaq istedadının cüzi hissəsini də nümayiş etdirə bilmədi. “Standard”, “İnter” və “Bakı”da oynamış legionerdəki istedad nizam-intizam sevməsi ilə fərqlənən Qurban Qurbanov “Qarabağ”da da ram edə bilmədi. Bu üzdən də gözlənilənlərin və potensialının bir qismini vermədən ölkəmizdən ayrılan Leonardo yalnız rekordu ilə tarixdə qaldı. Roşa ən çox Azərbaycan klubunda – 4 komandada forma geyinən tək oyunçudur.

Rekordçu “Xəzər Lənkəran”, başı qarışıq “Sumqayıt”
Azərbaycanın 18 klubu müxtəlif illərdə braziliyalı futbolçuların xidmətindən yararlanıb. Bu rəqəm indiki durumda qeyri-adi səslənir. Çünki hazırda ölkəmizdə vur-tut 14 klub var. Bunlardan 8-i Premyer Liqa, 6-sı I divizionda mübarizə aparır. Onlardan da biri – “Ağsu” artıq tarixin yaddaşına köçüb.

Sambaçıların sayındakı rekord da indi Premyer Liqada olmayan klubların hesabındadır. “Xəzər Lənkəran” tarixində 19 braziliyalıya güvənməklə rekordçudur. “Bakı” keçmiş rəqibindən bir oyunçu geridədir. “Neftçi” və “Keşlə” hərəyə 14, “Qəbələ” 12 sambaçıya bel bağlayıb. Digər komandalarda isə bu rəqəm 10-dan aşağıdır. Amma braziliyalılar hansı komandada olmayıb ki – “Qarabağ”, “Saban”, “Səbail”, “Zirə”, “Kəpəz”, adları nostalji hissləri yaşadan, özləri tarixin yaddaşından boylanan AZAL, “Standard”, “Karvan”, “Masallı”, “Rəvan”, “Turan”, “MKT-Araz”, “Simurq”, “Muğan”.

Hələlik Premyer Liqada yalnız “Sumqayıt”ın yolu Braziliyaya düşməyib. Buna da həm ehtiyac, həm vaxt yoxdur. Bu klub Rusiyanın Dağıstan və digər cənub bölgələrindəki futbolçuları milliləşdirməkdən vaxt tapsa, okeanın o tayına da üz tutar.

Dİgər xəbərlər