Millət vəkili hökumətə 4 problemlə bağlı müraciət etdi
09 aprel 2020 18:52 (UTC +04:00)

Millət vəkili hökumətə 4 problemlə bağlı müraciət etdi

“Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatından a göründüyü kimi, Azərbaycan Hökuməti ötən il ərzində çox səmərəli fəaliyyət göstərib, qarşıda duran vəzifələri yüksək səviyyədə yerinə yetirib”.

APA-nın məlumatına görə, bunu millət vəkili Fatma Yıldırım bildirib. 

F.Yıldırım deyib ki, Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Bu baxımdan, 2019-cu il Azərbaycanın bütün sahələrdə əldə etdiyi böyük nailiyyətlərlə yadda qalıb. Xüsusilə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar ötən il ərzində də ölkəmizin hərtərəfli inkişafına böyük təkan verib. Bu prosesdə Nazirlər Kabineti də üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirib.

Millət vəkili qeyd edib ki, ötən illər ərzində ölkəmizin regionlarında da böyük quruculuq işləri həyata keçirilib: “Təmsil etdiyim Bərdə rayonunda da böyük abadlıq və quruculuq işləri gerçəkləşib. Bütün bunlara görə, ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə Bərdə sakinləri və şəxsən öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm. Amma bununla belə görüləsi işlər hələ də var. Mən Bərdə seçicilərini təmsil edən millət vəkili kimi rayonun həllini gözləyən bəzi problemlərlə bağlı təkliflərimi Nazirlər Kabinetinə yazılı surətdə təqdim etdim”. 

F.Yıldırım nəzərə çatdırıb ki, məişət tullantıları infeksiya mənbəyidir, ekologiya və ətraf mühiti çirkləndirən əsas mənbələrdən biridir: “Bu gün bütün dünya, o cümlədən ölkəmiz koronovirus infeksiyasına qarşı mübarizə aparır. Gələcəkdə də yeni infeksiyaların yaranmaması, ekologiyanın daha güclü şəkildə qorunması üçün bu kimi problemlərin həlli çox vacibdir. Təmsil etdiyim Bərdə rayonunda seçicilərim tərəfindən ən çox qaldırılan məsələlərdən biri də məişət tullantıları ilə bağlıdır. Araşdırmalarımıza əsasən, həqiqətən rayonda belə bir ciddi problem var. Bərdə həmin zonada ən böyük rayondur, burada 200 minə yaxın insan yaşayır. Yerli sakinlərlə yanaşı, Bərdədə xeyli sayda məcburi köçkünlər də məskunlaşıb, onlar üçün müasir yaşayış komleksləri tikilib istifadəyə verilib. Demək olar ki, hər gün rayonda 80-100 maşın məişət tullantısı daşınır. Ona görə də, böyük bir rayonda bu problemin həlli çox aktualdır. Hesab edirəm ki, Bərdədə tullantılar üçün poliqonların yaradılması vacibdir. Eyni zamanda, tullantıların yandırılması, idarə edilməsi üçün kiçik də olsa bir müəssisə yaradılsın. Həmin müəssisənin imkanlarından qonşu rayonlar da istifadə edə bilər”.

Deputat vurğulayıb ki, digər problem Bərdə şəhərində kanalizasiya sisteminin olmamasıdır:

“Biz bilirik ki, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində bır sıra rayon mərkəzlərində kanalizasiya sistemləri qurulur və bu işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Kanalizasiya sisteminin mövcud olmaması Bərdə sakinlərini çox narahat edir. İnsanlar mənə müraciət edirlər ki, bu problemi həm parlamentdə, həm də müvafiq dövlət qurumlarının qarşısında qaldırım. Mənim vəzifə borcumdur ki, seçicilərimin narahat edən məsələlərin həllinə çalışım. Bildiyiniz kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Bərdə cəbhə xəttinə yaxın olan bölgə kimi öz doğma torpaqlarından didərgin düşmüş insanlara ən çox qucaq açan rayonlardan biri olmuşdur. Məcburi köçkünlərin bir hissəsi rayonun məktəblərində məskunlaşmışdılar. Hazırda da 34 000-dən çox öz yurdlarından didərgün düşmüş vətəndaşımız, həmvətənimiz bu rayonun ərazisində yaşamaqdadır. Lakin artıq həmin köçkünlər dövlət tərəfindən tikilib istifadəyə verilən qəsəbə və şəhərciklərdə müasir evlərlə təmin olunublar. Onların vaxtilə məskunlaşdığı məktəblər isə şagirdlərin istifadəsinə verilsə də, tədris şəraiti muasir standartlara qətiyyən uyğun deyil. Bu səbəbdən, bir neçə məktəbin təcili əsaslı təmirə böyük ehtiyacı vardır. Ona görə də, xahiş etdim ki, Bərdə rayonunun 200 000-ə yaxın əhalisini nəzərə alaraq gələcəkdə investisiya proqramları hazırlanarkən rayonda daha çox məktəblərin yenidən qurulması və ya əsaslı təmiri, həmçinin yeni uşaq baxçalarının açılması nəzərə alınsın.

4. Bərdə rayonunda müasir standartlara cavab verən mərkəzi Rayon Xəstəxanası fəaliyyət göstərir. Amma Bərdə şəhər poliklinikası, kəndlərdə bir çox tibb məntəqələrinin də bu standartlara uyğun qurulmasına böyük ehtiyac var.

Hökumət üzvlərindən xahiş edirəm ki, gələcəkdə bu məsələləri nəzərə alaraq onların həlli istiqamətində müvafiq köməklik göstərsinlər. Həmçinin, Azərbaycan Hökumətinə dünyanı bürümüş koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmaması ilə bağlı həyata keçirdiyi tədbirlərə görə təşəkkürümü bildirdim. İnanıram ki, Azərbaycan hökümətinin sistemli, mütəşəkkil fəaliyyəti öz bəhrəsini verəcək və respublikamız bu sınaqdanda ən az itkilərlə çıxan ölkələrdən biri olacaq”.

# 3098
avatar

Oxşar yazılar