1580
22:27
25 Mart 2020

Ana südü COVID-19 zamanı təhlükəsizdirmi?

COVID-19 xəstəliyinin ana südü ilə ötürüldüyü dəqiq bilinmir. Lakin COVID-19, eləcə də SARS-CoV olan qadınlar üzərində aparılan məhdud tədqiqatlarda ana südündə virus aşkarlanmayıb.

e-tibb.az xəbər verir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Qripin də ana südü ilə yayılmadığını xatırladan mütəxəssis deyib ki, ana südü bir çox xəstəlikdən qorunmanı təmin edir və körpələrin əksəriyyəti üçün ən yaxşı qidalanma mənbəyidir: “Əgər anada COVID-19 testi müsbətdirsə, yəni anada daşıyıcılıq aşkarlanıbsa və ya simptomlarınız varsa, ana südü ilə əmizdirmənin başlanması və ya davam etdirilməsi barədə həkiminiz qərar verməlidir.

Əgər COVID-19 yoluxmusunuzsa, virusun körpənizə tənəffüs və əllərlə yayılmaması üçün mümkün olan bütün tədbirləri görün, o cümlədən uşağınıza toxunmadan əvvəl əllərinizi yuyun və ana südü verərkən üz maskası geyinin.

Əgər südünüzü süd sağan aparatla sağıb verirsinizsə, aparatın hissələrinə toxunmadan əllərinizi yuyun və hər istifadədən sonra süd sağanın düzgün təmizlənməsi üçün tövsiyələrə əməl edin. Mümkünsə, başqasının körpənizi bəsləməsini düşünün.