35287
15:10
13 Fevral 2020

“Robin Qud” Türkiyədə: hər kəsin borcunu sildi - VİDEO

Türkiyənin Diyarbəkr əyalətində naməlum şəxsin bu addımı hər kəsi təəccübləndirib. Qəsəbə sakinləri qəhərlənərək həmin şəxsin xeyirxah əməlini alqışlarla qarşılayıb.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, adını açıqlamayan bir şəxs zəlzələnin baş verdiyi ərazidəki bir neçə ərzaq mağazalarına gələrək “nisiyə dəftəri”də adları yazılmış bütün qəsəbə sakinlərinin borcunu ödəyib.

Təkcə bir mağazada 12 min 500 lirəlik (təxminən 2 min ABŞ dollarından çox) borcu silən şəxs özü barədə heç bir məlumat verməyib.

Mağazanın satıcısı Mehmet Kızılhan xeyriyyəçi barədə belə deyib:

“Biri gəldi, bizə dedi ki, məhəllədəki bütün borcları silmək istəyir. Şahid kimi qonşuluqda işləyən bərbəri çağırdım. Birinin 500 lirə, o birinin 1000, digərinin 200 lirə borcu vardı. Borc dəftərini istədi və 12 min 500 lirə pul verdi. Sonra “nisyə dəftəri”ni yandırdı”.

Satıcı əlavə edib ki, borclu olanların hamısı “Allah ondan razı olsun”, deyərək sevinclərini gizlədə bilmirlər.

Borcu olan qəsəbə sakinlərindən biri İrfan Yapan əvvəlcə buna inanmadığını deyib:

“Bu barədə məsciddə eşitdim. İbadətə gələnlər danışırdı ki, kimsə gəlib qonşuların bütün borclarını silib, inanmadım. Mağazaya gələrək satıcıdan soruşdum. Şəkər, yağ, şorba və s. ərzaq almışdım, hamısının pulu ödənilmişdi. Həmin şəxsə hədsiz təşəkkürümü bildirirəm”.

Qəsəbədə bərbər işləyən Adnan Katmer naməlum şəxsin uzun boylu, qaragözlü, tünd dərili bir insan olduğunu söyləyib.

Artıq həmin şəxsin “adı” məlumdur - bütün qəsəbə sakinləri onu “Robin Qud” adlandırır.