1967
19:42
12 Fevral 2020

Prezident mükafatına layiq görülən şagird LENT.AZ-a danışdı

Ötən gün Prezident İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra gənc mükafata layiq görülüb.

Len.az Prezident mükafatına layiq görülən gənclərdən birinin təəssüratlarını öyrənib.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Ağazadə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub.

İlk təhsilinə 2009-cu ildə 220 saylı məktəbdə başlayıb.

2016-cı ildən təhsilini liseydə davam etdirir.

M.Ağazadənin sözlərinə görə, riyaziyyata olan marağı bu fənn üzrə çox və intizamlı çalışmasına səbəb olub. O, əvvəlcə respublika fənn olimpiadalarına qatılıb: “Riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarında 5 qızıl medal qazanmışam. Qatıldığım 13 beynəlxalq olimpiadanın 11-dən medal qazandım - 5 gümüş, 6 bürünc. Ümumillikdə iştirak etdiyim olimpiadalardan 16 medal əldə etmişəm”.

Murad bu uğurlu nəticələrə nail olmaq üçün nə cür çalışmasından da danışıb: “Təhsil Nazirliyinin Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yarışlara hazırlaşıram. Olimpiadalarda uğur qazana bilmək üçün gün ərzində 8 saatdan az olmayaraq çalışmaq lazım gəlir. Olimpiadalara bir-iki ay qalmış isə çalışma saatlarını 10-12 saata çatdırıram. Digər dərslərə o qədər çox vaxt ayıra bilmirəm”.

Murad bu uğurlarına görə Prezident mükafatına layiq görüldüyünü deyir: “Namizədlərin təqdim olunan siyahısında adımın olduğunu bilirdim. Çünki lazım olan sənədləri istəmişdilər. Amma mütləq qalib olacağımı düşünmürdüm. Qalib olduğumu sərəncamla öyrəndim və çox böyük sevinc hissi keçirdim. Qazandığım uğurlar mükafata gedən yolumu açdı. Bu mükafat mənə daha da əzmlə çalımaq üçün stimul olacaq”.

Murad ali təhsilini xaricdə almaq arzusundadır. Riyaziyyat və ya kompüter elmləri üzrə təhsil alaraq yaxşı mütəxəssis olmaq arzusunu da vurğulayıb.

İstedadlı şagirdimizi təbrik edirik.