1194
19:25
08 Fevral 2020

“Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirildi

Fevralın 8-də "Yüksəliş" müsabiqəsinin Ümumi biliklər üzrə Onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib.

Lent.az -a verilən məlumata görə, imtahan saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil edilib. İştirakçılar əvvəldən şəxsi kabinetlərinə göndərilən müvafiq vaxta uyğun imtahana qatılıblar. Suallar tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılıb.

84 sual üçün 2 saat vaxt ayrılıb. Sınaq imtahanında 6944 namizəd iştirak edib.

İmtahan müddəti müsabiqənin işçi qrupu tərəfindən xüsusi nəzarətdə saxlanılıb.

"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi və sosial şəbəkələr üzərindən 1793, elektron poçt vasitəsilə ünvanlanmış 2500-dən çox müraciət cavablandırılaraq, iştirakçılara dəstək göstərilib. Sınaq imtahanının nəticələri növbəti mərhələlərdə iştirakçıların nəticələrinə təsir etmir. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı fevralın 16-da keçiriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.