Gəncədə saxlanılan avtoxuliqanların sürücülük vəsiqəsi əllərindən alınıb.
Lent.az-ın məlumatına görə, məhkəmə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud pozduğu üçün saxlanılan avtoxuliqanlar barədə qərar verib. Qərara əsasən, onlara 15 günlük həbs cəzası kəsilib və 1 illik sürücülük hüququndan məhrum ediliblər.
***
Saat: 13:19
Gəncədə avtoxuliqanlıq edən gənclər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Belə ki, onların şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaratdıqları və bunula da cəmiyyətə açıqca hörmətsizlik etdikləri bildirilir.
Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Mercedes”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.