Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənin ifadəsi ilə davam edib.
Zərərçəkən Ağamir Quliyev təqsirləndirilən Röyal İbrahimovun iş yoldaşı olduğunu deyib:
"İş başında idik, söhbət əsnasında mübahisəmiz düşdü. Mənə adam kişi olar, sən işverənsən deyib təhqir etdi. Məsələ böyüməsin deyə, ona baş qoşmadım. Qardaşım uşağının ad gününə gedəcəkdim. İşdən çıxan vaxt məni səslədi. Nə deyəcəyini bilmək üçün ona yaxınlaşanda heç gözləmədiyim halda bıçaqla məni vurdu. O halda taksi ilə evə necə qayıtdım Allah bilir. Atam təcili yardım çağırdı. 12 gün xəstəxanada yatdım. Allah şeytana lənət eləsin. İki uşağı var, onu bağışlayıram, heç bir şikayət və tələbim yoxdur".
Təqsirləndirilən Röyal İbrahimov bildirib ki, əsas Ağamir Quliyev onu vurub, o da sadəcə olaraq, özünü müdafiə edib.
Şahid Q.S. Ağamir Quliyevin atası olduğunu bildirib:
"Həmin gün axşam evdə idim. Ağamir qan içində gəldi evə. Niyə bu halda olduğunu soruşanda iş yoldaşının onu bıçaqladığını dedi. Xəstəxanada olduğumuz müddətdə bunlar bir dəfə də olsun oğlumun durumu ilə maraqlanmadılar".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçib.
Növbəti proses 11 mart saat 10:45-ə təyin olunub.
Xatırladaq ki, hadisə ötən il Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Ağamir Quliyevi bıçaqlayıb. O, hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.