İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib
21 yanvar 2020 02:16 (UTC +04:00)

İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib

 

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

***

 

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.

APA xəbər verir ki, görüşdə “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.

 

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

 

***

 

Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb.

APA xəbər verir ki, görüşdə “CISCO” şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirildi. Qeyd olundu ki, “CISCO” şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

“CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirdi. Xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan “CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.

# 987
avatar

Oxşar yazılar