Xaçmazda iki evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları evdən oğurluq edilməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə 2019-cu il dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq oradan zərərçəkənlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən Cavid Xanbabayev avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını da bildirib. Bir ədəd televizor isə C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.