Rusiyada meyiti tapılan Səlimlə bağlı şok yenilik: Eksqumasiya ediləcək və...  - YENİLƏNİB
13 yanvar 2020 16:46 (UTC +04:00)

Rusiyada meyiti tapılan Səlimlə bağlı şok yenilik: Eksqumasiya ediləcək və... - YENİLƏNİB

Moskvada kimsəsizlər qəbiristanlığında dəfn edilən Səlimlə bağlı yeni xəbər var.

Kirov şəhər Azərbaycan icmasının sədri Elnur Hüseynovun Lent.az-a verdiyi məlumata görə, diaspora Hacalıyev Səlim Arif oğlunun (1986-cı il təvəllüdlü) qətli ilə bağlı cinayət işinin davam etdirilməsində israrlıdır: “Biz artıq müxtəlif səviyyələrdə hüquqşünaslarla danışıqlar aparırıq. Baş verən dəhşətli cinayətin üstünün açılmasını istəyirik. Bu işə bir sıra hüquqşünasın qoşulacağına çalışacağıq”.

Rusiyadakı Azərbaycan diasporundan daxil olan məlumata görə, mərhumun Sülyeman adlı qaynı bu gün Moskvaya gələcək. Bundan sonra Səlimin meyitinin eksqumasiya edilib, nəşinin Bakıya göndərilməsi planlaşdırılır. Səlimin anası eksqumasiya və digər prosedurların həyata keçirilməsi üçün onun qaynına etibarnamə verib.

***

12.50

Moskva çayından tapılan azərbaycanlının meyiti paytaxtda kimsəsizlər qəbiristanlığında basdırılıb. Bu barədə Lent.az-a Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyev bildirib.

Şamil bəyin dediyinə görə, hadisədən xəbər tutan kimi baş verənlərlə bağlı araşdırmaya başlayıblar.

“Biz, habelə Kirov şəhər Azərbaycanlıları İcmasının sədri Elnur Hüseynov, müstəqil jurnalist Elmar Elminur və digər aktiv diaspora nümayəndələri həmin şəxsin kimliyini müəyyən edə bildik. Onun adı Səlim, atasının adı Arifdir. Bakıdandılar. Səlim təxminən sentyabr ayında qətlə yetirilib, meyiti Moskva çayına atılıb. Bir qədər əvvəl isə demək olar ki, tanınmaz halda tapılaraq, morqa təhvil verilib.

 

Məlumata görə, Səlimin itməyi barədə polisə ilk olaraq onun Olqa adlı sevgilisi bildirib. Olqa israrla polisdən onun tapılmasını tələb edirmiş. Axtarış uzun müddət diqqətdə olub, amma meyit təsadüf nəticəsində Moskva çayından tapılıb.

 

Bundan sonra Səlimin valideynlərini, yaxın qohumlarının axtarışına başlanılıb. Nəhayət, diaspor üzvləri Səlimin Tula şəhərində yaşayan atası Arifi tapa biliblər. Arif isə onlara bildirib ki, o, Səlimin anasından boşanıb, oğlu və onun taleyi onu maraqlandırmır.

Bu arada morqdan bildirilib ki, Səlimin birinci dərəcəli ailə üzvləri tapılmasa, onu kimsəsizlər qəbiristanlığında dəfn edəcəklər. Amma onun atasından başqa bir kimsəsini tapmaq mümkün olmayıb, Səlim həmin qəbiristanlıqda da dəfn olunub, qəbri xüsusi qaydada nömrələnib.

Məhz dəfndən sonra mərhumun anasının Bakıda yaşadığı bəlli olub.

Şamil bəyin dediyinə görə, Azərbaycan icması olaraq, onlar meyitin Bakıya göndərilməsini təşkil etmək istəyirmişlər.

“Elnur bəy də, mən də, digər azərbaycanlı dostlarımız da buna hazır idik. Amma çox təəssüf ki Rusiyada olan mövcud qaydalara görə, meyit ancaq ailə üzvlərindən birinə verilməlidi. Hətta əmisi və ya dayısı oğlu belə onun meyitini morqdan ala bilməzdi” - deyə İcma sədri bildirib.

 

 

# 73180
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar