571
07:38
12 Yanvar 2020

Ukrayna hökuməti təyyarə faciəsində ölənlərin ailələrinə 8300 dollar ödəyəcək

Ukrayna hökuməti İranda baş vermiş təyyarə faciəsi nəticəsində ölənlərin ailələrinə 200 min qrivni (təxminən 8,3 min dollar) ödəyəcək.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bildirib.

“Hökumət İranda təyyarə faciəsi zamanı həlak olanların ailələrinə 200 min qrivni yardım ödəyəcək və Monreal Konvensiyasına uyğun olaraq sığorta ödənişlərinin düzgün həyata keçirilməsinə nəzarət edəcək”, - deyə Qonçaruk özünün rəsmi “Telegram” kanalında deyib.

Qonçaruk, həmçinin dövlətin zərərçəkmiş ailələrə hərtərəfli dəstək və yardım, o cümlədən hüquqi yardım göstərəcəyini qeyd edib. Bundan əlavə, Baş Nazir bildirib ki, “Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti, kollektiv müqaviləsinə əsasən, ekipaj üzvlərinin yaxınlarına kompensasiya ödəyəcək. Ölənlərin yaxınları İrandan da təzminat ala biləcəklər: “Diplomatlarımız İran tərəfindən təzminat almaq üçün artıq işləyirlər. Mən başa düşürəm ki, heç bir kompensasiya bu ağrıları aradan qaldıra bilməz, ancaq Ukrayna ədaləti dəstəkləyir”.