Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələrinin sayının artmasından narahatdır.
Lent.az-a DYP-dən verilən açıqlamada qeyd olunur ki, müşahidələr son günlər vətəndaşların avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi hallarının artdığını göstərir: “Vətəndaşlarımıza bir daha xatırladırıq ki, yolun hərəkət hissəsini yalnız yeraltı və yerüstü keçidlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmək lazımdır.
Bununla yanaşı, piyadalar yolu keçərkən mütləq sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq günün qaranlıq vaxtı üzərlərində işıqqaytaran elementlər olan geyimlərdən istifadə etməlidirlər.
Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqlıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti yolverilməzdir. Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır.
Eyni zamanda, sürücülərə müraciət edirik ki, piyada keçidlərində diqqətli olsunlar, tələsməsinlər, keçiddəki piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar.
Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə riayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtomobili minimum sürət həddi ilə idarə etməyi tövsiyə edirik”.