558
13:40
30 Dekabr 2019

"LİBRAFF"da media-tur keçirilib - FOTO

Dekabrın 30-da "LİBRAFF" Mağazalar Şəbəkəsinin "Park Akademiya" filialında mətbuat nümayəndələri üçün media-tur, həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

APA-nın məlumatına görə, "LIBRAFF" Mağazalar Şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu çıxış edərək bildirib ki, 2017-ci ilin əvvəlində fəaliyyətə başlayan "LIBRAFF"ın hazırda Bakıda 6 filialı, Gəncədə isə 1 filialı kitabsevərlərin xidmətindədir: "LİBRAFF" hazırda Azərbaycanın ən böyük modern kitab mağazasıdır. Biz gələcəkdə də bu istiqamətdə çalışacağıq. 2020-ci ildə filialların sayının artırılması, bu istiqamətdə əsasən regionlarda mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulub".

C.Nəzəroğlu əlavə edib ki, "LİBRAFF" Azərbaycanda yeni bir kitab mədəniyyətinin təkan olub. Bu mədəniyyəti qoruyub sonrakı nəsillərə ötürmək bizim əsas missiyalarımızdan biridir".

Sonra "LİBRAFF" Mağazalar Şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Nadirli 2020-ci ildə görüləcək işlər barədə daha ətraflı məlumat verib: "Uşaqlarımız üçün çox böyük layihələrimiz olacaq. Bizim artıq "Nağılbaz" adlı layihəmiz var. Hər şənbə günü uşaqların fərdi inkişafını təmin etmək üçün onlarla bu layihəni həyata keçiririk. 2020-ci ildə "LIBRAFF"ın mətbu orqanı olan jurnalımız nəşrə başlayacaq. Fəaliyyətimizdə müxtəlif istiqamətli və səpkili kitablar əsas yer tutduğuna görə, oxucularımız jurnalımız daim Azərbaycan, ingilis və rus dillərində olan bestsellerlər, peşəyönümlü kitablar və mağazalarımıza daxil olan yeni kitablar haqqında məlumat əldə edəcəklər".

Daha sonra Kilis.az saytının baş redaktoru, yazıçı Şərif Ağayar, yazıçı-jurnalist Vüsalə Məmmədova, tanınmış aparıcı İradə İsaq və başqaları çıxış ediblər.