Metronun Yeni il sürprizləri: retro qatar, hədiyyələr...
26 dekabr 2019 12:12 (UTC +04:00)

Metronun Yeni il sürprizləri: retro qatar, hədiyyələr...

"Bakı Metropoliteni" QSC tərəfindən bayram ərəfəsində sərnişinlər üçün xüsusi sürprizlər nəzərdə tutulub". 

Bu barədə Lent.az-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, sərnişin axınının sıx olduğu “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Koroğlu” və “Avtovağzal” stansiyalarının vestibüllərində artıq bəzədilmiş şam ağacları quraşdırılıb:

“Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. 4 gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar "İçərişəhər" stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək”.

Metro rəsmisi qeyd edib ki, Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək:

“Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcək. “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək. Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.

Yeni il şənliyi iki gün – dekabrın 29 və 30-da keçiriləcək. Bu iki gün ərzində “İçərişəhər” stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar".

B.Məmmədov əlavə edib ki, bu il "Bakı Metropoliteni" QSC bütün sərnişinlərinə daha bir yeni il sürprizi edəcək:

“Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndirəcəklər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər”.

# 2335
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar