516
18:24
25 Dekabr 2019

“Tərlan Əhmədov zehnimi dəyişdi” - İqnasio Errera

"Azərbaycan Premyer Liqasını izləyirəm. Vaxt tapdıqca oyunlara baxıram".

Bunu apasport.az saytına "Palestino"nun yarımmüdafiəçisi İqnasio Errera deyib.

“Neftçi”nin sabiq futbolçusu “ağ-qaralar”ın hazırkı durumu barədə danışıb. O bildirib ki, bu mövsüm Bakı təmsilçisinin "Qarabağ"ın çempionluq seriyasını qırması heç də asan olmayacaq: "Bilirəm ki, "Qarabağ" hazırda "Neftçi"ni altı xal qabaqlayır. Məncə, bu da Ağdam klubu üçün böyük üstünlükdür. Təbii ki, çətin olacaq. Həqiqətən də "Qarabağ" çox güclü komandadır. Amma futbolda gərək sona qədər mübarizə aparasan. Sonda necə olacağını əvvəlcədən görmək mümkün deyil".

Çilili son altı ildə "Qarabağ"ın çempion olmasına və "Neftçi"nin nəyə görə bu hegemonluğa son qoya bilməməsinə də aydınlıq gətirib: "Neftçi"də çox dəyişikliklər oldu. Bu da hər zaman yaxşı alınmır. Bəzən gərək gedişata hörmətlə yanaşıb, gözləyəsən. Necə ki, "Qarabağ" bunu etdi. Onlar uzun illərdir ki, bir yerdə oynayır. Ağdamlıların həqiqətən də çox yaxşı baş məşqçisi var".

O, “Neftçi”nin hazırkı baş məşqçisi haqda da xoş sözlər deyib: "Düzdür, italiyalı mütəxəssislə işləmək şansım olmadı. Amma oyunlara baxıram, komandada olan dostlarımla danışıram. Onlar Bordinin yaxşı məşqçi olduğunu bildirir. "Neftçi" həqiqətən yaxşı futbol oynayır. Məncə, komanda oyununu daha da yaxşılaşdırmağa davam edəcək və vəziyyəti dəyişəcək".

“Neftçi”də Tərlan Əhmədovun baş məşqçiliyi altında oynayan 32 yaşlı yarımmüdafiəçi yenidən ölkəmizdə çıxış etməyin əleyhinə deyil. O, hazırda “Keşlə”ni çalışdıran mütəxəssisin dəvətinə müsbət yanaşacağını da açıqlayıb: "Tərlan Əhmədovla çalışmaq hər zaman xoşdur. O, mənim zehnimi dəyişdi. O, əsl qalibdir. Görək də necə olacaq".

Qeyd edək ki, İqnasio Errera 2017/2018 mövsümümdə "Neftçi"də oynayıb və Premyer Liqanın bürünc medalını qazanıb.