Qazaxıstanın “Dil-Kazına” Mərkəzinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda olublar.
AMEA-dan Lent.az-a verilən məlumata görə, görüş zamanı alimlər latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təqdim ediblər.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qonaqlara rəhbərlik etdiyi elmi müəssisə barədə məlumat verib.
“Dil-Kazına” Mərkəzinin əməkdaşı Gülfar Majitova bildirib ki, latın qrafikalı qazax əlifbasının yeni versiyası türkdilli ölkələrin yaxınlaşmasında böyük rol oynayacaq və artıq Qazaxıstan 2025-ci ilədək latın qrafikalı yeni əlifbaya keçməklə bağlı hazırlıqlar aparır.
Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası 42 hərfdən ibarətdir.