Baş həkim 5 ildən çox yaşayan onkoloji xəstələrin sayını açıqladı
19 dekabr 2019 15:51 (UTC +04:00)

Baş həkim 5 ildən çox yaşayan onkoloji xəstələrin sayını açıqladı

"Dünyada onkoloji xəstələrin sayı artmaqdadır. Hər il 14 milyon yeni onkoloji xəstə qeydə alınır".

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda keçirdiyi konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimli deyib.

O bildirib ki, hər il 8, 8 milyon onkoloji xəstə dünyasını dəyişir: "Bu, nəzəri deyilən bir rəqəmdir. 2030-cu ilə qədər yeni xəstə sayının 24 milyona çatacağı bildirilir. Bu göstəricilər Avropadan da yan keçməyib. Avropa ölkələrində 3 milyon 700 min onkoloji yeni xəstə qeydə alınıb. Onlardan hər il 2 milyona yaxın onkoloji xəstə dünyasını dəyişir".

A. Kərimli bildirib ki, onkoloji xəstəliklərə düçar olanların sayı ölkəmizdə də ilbəil artır: "Bu cür xəstəliklər səhiyyə xərclərinin mühüm hissəsini tutur. Onların sosial-psixoloji və emosional yükü digər xəstəliklərdən daha ağır və mürəkkəbdir. Ölkədə onkoloji xəstələrin sayının artdığını deyib, insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu, insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada demoqrafik göstəricilər nəzərə alınmalıdır. 2014-cü ildə əhalinin sayı 9 milyondan çox, onkoloji xəstələrin sayı 38 minə yaxın idi. İllər ərzində əhalinin sayı artdıqca, xəstə sayı da artır. 2018-ci ildə 9 milyon 960 minə yaxın əhali var idisə, qeydiyyata alınan onkoloji xəstələrin sayı 49 mindən çox idi. Bu, elə də böyük rəqəm deyil".

Baş həkim qeyd edib ki, müasir dərman preparatlarının, diaqnostikanın tətbiqi onkoloji xəstələrə müsbət mənada öz təsiri göstərir: "Bunlar xəstələrin uzunömürlülüyünə gətirib çıxarır. 5 il və daha çox yaşayan onkoloji xəstələrin sayı 2018-ci ildə 18641 nəfər olub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809

Oxşar yazılar