762
02:52
19 Dekabr 2019

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub

Böyük miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

Qeyd olunur ki, Ermənistanın Xüsusi İstintaq Xidməti S.Sarkisyanı 1 milyon dollardan çox dövlət vəsaitinin mənimsənilməsini təşkil etməkdə ittiham etmişdi. Keçmiş dövlət başçısı səsləndirilən ittihamı siyasi təqib adlandıraraq əməli etiraf etməkdən boyun qaçırıb.

“Sarkisyanın əmlakına və cinayət işində adı keçən “Fleş” kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması qərarı verilib”, - Ohancanyan belə deyib.

İstintaq materiallarına görə, qanun pozuntuları kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağının satılmasını nəzərdə tutan hökumət proqramı çərçivəsində törədilib. Bildirilir ki, Sarkisyan öz tabeliyində olanlara dizel yanacağı tədarükçüsü kimi “Fleş” kompaniyasını seçməyi tapşırıbmış, halbuki, “Masxur” adlı digər bir şirkət daha aşağı qiymətlərlə öz xidmətlərini irəli sürübmüş.