Xaricdə oxumaq istəyən tələbələrin DİQQƏTİNƏ: ekspertdən MÜRACİƏT
16 dekabr 2019 11:45 (UTC +04:00)

Xaricdə oxumaq istəyən tələbələrin DİQQƏTİNƏ: ekspertdən MÜRACİƏT

“Təəssüf ki, son illər Azərbaycandan xarici ölkələrdə təhsil almağa gedənləri bir qrup şəxsin aldatdığı müşahidə edilir”.

Lent.az-a bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, xarici ölkələrdə qəbul adı altında fəaliyyət göstərən bu cinayətkar dəstə müxtəlif bəhanələrlə insanları aldadırlar:

“Bu müxtəlif formalarda həyata keçirilir. Cinayətkar dəstənin insanları aldatdığı məsələlərdən biri də Türkiyədə qiyabi təhsil vədi ilə bağlıdır. Türkiyənin heç bir universitetində qiyabi təhsil yoxdur. Orada olan “Açıq öyrətim” və “Distant təhsil”dir ki, onlar da ölkəmizdə birmənalı şəkildə tanınmır.

Bildirim ki, “Təhsil haqqında” qanunun 13-cü maddəsinə əsasən respublikamızda aşağıdakı təhsilalma formaları müəyyən edilir:

1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat).

Amma yalnız xarici ölkələrdə əyani və qiyabi təhsil alan tələbələrin diplomları tanınır. Onun da müəyyən prosedur qaydaları var ki, əsası da, əyani təhsil alan o ölkədə semestr ərzində azı 90, qiyabi təhsil alanlar üçün 15 gün olmalıdır. Bu müddət olmasa, diplomun tanınmasından imtina olunur”.

Ekspert bildirib ki, ölkədə bir qrup şəxs valideyn və tələbələri aldadaraq onları Türkiyə universitetlərinin qiyabi təhsilinə qəbul aldığı vədini verir, sonra da Türkiyədən bir neçə müəllim gətirib burada müəyyən dərslər verirlər:

“Bu, insanların etibarından sui-istifadə etməkdir. Birmənalı şəkildə deyim ki, bu tipli dərslərə cəlb olunanların diplomları nə indi, nə də yaxın 4-5 il ərzində tanınması ilə bağlı bir məsələ müzakirə olunmur.

Təəssüf ki, bəzi universitet və məktəblər binalarını, otaqlarını bu Türkiyənin “Açıq öyrətim” və “Distant təhsil” adı altında xidmət göstərən qruplaşmalara icarəyə verirlər. Bəli, onlar ilk baxışdan sadəcə olaraq, binalarını icarəyə verirlər. Əslində isə orada insanlarımızın, gənclərimizin aldadılmasına göz yumur, şərait yaradırlar.

Əlavə edim ki, ölkədə insanlarla belə xidmətin göstərilməsi qanunsuzluqdur. İnsanlar inanır ki, onların diplomu sonda tanınacaq, amma bu baş vermir. Maraqlıdır ki, bu qruplaşmalar hər sezon başqa bir yerdə başqa ad altında fəaliyyət göstərirlər”.

K.Əsədov məsələ ilə bağlı təhsil müəssisələrinə, eləcə də hüquq-mühafizə orqanlarına da müraciət edib:

“Xaricdə təhsil fəaliyyəti göstərən şirkətlər daha ciddi nəzarətə götürülməlidir. İndiyə qədər xarici ölkələrdə təhsil almağa gedənlərin sənədləri yenidən yoxlanılsın. Xüsusilə Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sənədləri ciddi yoxlanılmalıdır.

Bundan başqa, son illərdə daha çox tələbə ölümləri də bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin payına düşür, ən çox aldadılma Türkiyədə təhsil almağa gedənlərin başına gətirilir.

Məsələnin pis tərəfi isə odur ki, bir çox hallarda ölkəmizdən Türkiyəyə təhsil almağa gedən gənclərimizə qarşı törədilən qanunsuzluqlarda həmin universitetlərin əməkdaşları da iştirak edirlər. 

Son olaraq qeyd edim ki, qonşu ölkədə ən çox aldadılmalar tibb təhsili ilə bağlı olur”.

# 2884
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar