Günahsız olduğu 6 il sonra üzə çıxan ateist... - SİRLİ ULDUZLAR
10 dekabr 2019 17:12 (UTC +04:00)

Günahsız olduğu 6 il sonra üzə çıxan ateist... - SİRLİ ULDUZLAR

Onu idman camiəsi illərdir tanıyır. Hələ futbol oynadığı dövrdə adından söz etdirməyi bacarmışdı. Ancaq həmin vaxt heç kimin ağlına gəlməzdi ki, vaxt gələcək, dahi məşqçilərdən sayılacaq. Bəli, o, bunu bacardı. Məşqçi kimi daha böyük nailiyyətlər qazandı, bundan sonra da qazanacağına şübhə yoxdur - cari mövsümdə işləri tam istədiyi kimi getməsə belə...

Çalışdırdığı komanda - son 2 ilin İngiltərə çempionu hazırda Premyer Liqada 3-cüdür və liderdən 14 xal geri qalır. Buna görə azarkeşlər və media tərəfindən tənqidlər eşitməkdədir. Ancaq bu, onu işindən soyutmur. Mövsümün sonuna qədər vəziyyəti dəyişəcəyinə inamlıdır. Axı o, Pepdir - bir mövsümdə mümkün olan bütün titulları qazanmış, futbolu dəyişdirən Pep...

Zəhmətsevər atanın oğlu

1971-ci il, yanvarın 18-də Barselonanın Sanpedor əyalətində anadan olub Xosep Qvardiola. Atası Valentin daş karxanasında işləyirdi. Anası Dolores isə ev işləri və uşaqlarını böyütməklə məşğul idi. Ailədə 4 uşaq olublar. Pepin özündən böyük 2 bacısı (Françeska və Olqa), özündən kiçik 1 qardaşı (Pere) var. Yeri gəlmişkən, qardaşı da onun kimi futbola bağlıdır. Menecerliklə məşğul olan Pere hazırda “Barselona”nın uruqvaylı hücumçusu Luis Suaresin agentidir.

Atası çox zəhmətsevər olub. 14 yaşından pul qazanan Valentin Qvardiola işin çətinliyindən qorxmaz, ailəsini yaxşı dolandırmaq üçün əlindən gələni edərdi. Həmin vaxtdan illər keçsə də, Pepin valideynləri yenə Sanpedorda yaşayır.

Kumirinin portretini yatağının üstündən asıb

Qvardiolada futbola sevgi topla ilk tanışlığından yaranıb. “İdmanın şahı”nın sirlərini “Manresa" futbol məktəbində öyrənməyə başlayıb. Məhz orda Qvardiolanın oyununu "Barselona"nın seleksioneri görüb və ona “La Masiya”dakı yoxlanışa qatılmağı təklif edib. Çəlimsiz Pep "Barsa"nın akademiyasında çalışan məşqçiləri heyrətləndirməsə də, rəhbərlik 13 yaşlı Qvardiolanı akademiyaya qəbul edib.

"Barselona"nın aşağı yaş qrupunda oynayan Pep əsas komandanın oyunları zamanı "Nou Kamp"da topdaşıyan funksiyasını yerinə yetirirdi. Həmin vaxtlardan kumirinə oxşamaq istəyir, xəyallar qururdu. Kumiri isə fransalı Mişel Platini idi. Onun portretini yatağının üstündən asmışdı.

Yohan Kroyffun kəşfi

Vaxt keçdikdə topla daha yaxşı davranan Pepin bir gün bəxt üzünə gülür. “Barselona”nın B komandasında keçirdiyi oyunlardan birini əsas komandanın baş məşqçisi Yohan Kroyff canlı izləyir. O, fasilədə sağ cinahda çıxış edən oğlanın adını soruşur və B komandasının çalışdırıcısından ikinci hissədə onu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmağı istəyir. Pep həmin mövqedə də özünü yaxşı tərəfdən göstərir. Nəticədə 1990-cı ildə Kroyff onu əsas komandaya cəlb edir. Pepin debütü həmin il, dekabrın 16-da “Kadiz”lə oyunda baş tutur. Mövsüm ərzində 4 oyun keçirən Qvardiola məhsuldarlığı zəif olduğuna görə B komandasına qaytarılır. 1992-ci ildən isə əsas komandanın aparıcı üzvlərindən birinə çevrilir. O, artıq “Barsa”nın dirijoru sayılırdı. Həmin il Barselonada keçirilən Yay Olimpiya Oyunlarında İspaniya olimpiya yığmasının heyətində çempion olur və əsas milliyə dəvət almağa başlayır. 1992-2001-ci illərdə İspaniya yığmasında 47 oyun keçirir, 5 qol vurur.

4 ay müddətinə futboldan uzaqlaşdırılır

1997-ci ildə “Barselona”nın kapitanlıq sarğısı Pepə verilir. Doğma klubunda 6 dəfə La Liqa, 2 dəfə İspaniya Kuboku, 4 dəfə İspaniya Superkuboku, Çempionlar Kuboku, UEFA Kuboku və 2 dəfə UEFA Superkubokunun qalibi olur. 2001-ci ildə isə "Barselona"nı tərk edir.

Futbolçu karyerası ərzində İtaliyanın "Breşiya" və "Roma", Qətərin "Əl-Əhli" klublarında da çıxış edir. "Roma"da cəmi 4 oyun keçirir. Qanında nandrolon preparatının olması iddia edildiyi üçün 4 ay müddətinə futboldan uzaqlaşdırılır. Bu ittihamın əsassız olduğu isə çox gec - 6 il sonra üzə çıxır. Karyerasını 35 yaşında Meksikanın "Dorados" klubunda bitirir.

“Mənə dedi ki, fransızca danışmayın”

Butslarını mismardan assa da, futboldan birdəfəlik ayrılmır Pep. 36 yaşında “Barselona” rəhbərliyi onu B komandasının baş məşqçisi təyin edir. İspaniyanın 3-cü divizionunda çempionluq sevinci yaşayan Qvardiola komandasını ikinci liqaya çıxarır. Pepin məşqçi kimi də böyük perspektiv vəd etdiyini anlayan “Barsa” rəhbərliyi 2008-ci ildə ona daha böyük vəzifə verir. Əsas komandanın baş məşqçisi postundan göndərilən Frank Raykardı klub prezidenti Joan Laportanın istəyi ilə məhz Qvardiola əvəzləyir. Qarşısına böyük hədəflər qoyan Pep ilk gündən islahatlara başlayır. Ronaldinyo, Deku kimi ulduzlar komandadan göndərilir, onların yerini gənc futbolçular tutur. Pep ilk gündən sözünü futbolçulara yeritməyə başlayır. “Barselona”nın sabiq müdafiəçisi Erik Abidal həmin dövrü belə xatırlayır: “Təzə-təzə onunla münasibət qurmaq çox çətin idi. Bir dəfə mənə yaxınlaşıb dedi ki, Tyerri Anri ilə aranızda fransızca danışmayın. Ona cavab verdim: “Mənimlə bu cür danışma, uşaq deyiləm. Anri ilə fransızca danışmağıma icazə vermirsənsə, onda niyə katalon futbolçular öz aralarında katalonca danışırlar?” Bundan sonra vəziyyət daha da mürəkkəbləşdi. Sonda məsələ ilə bağlı klub prezidentinin yanına getmək, olanları ona danışmaq məcburiyyətində qaldım”.

"Tiki-taka"ya nifrət edirəm”

İlk turlarda uğursuzluq yaşayan Pep sonra ardıcıl 22 oyun məğlubiyyətin nə olduğunu bilmir. Çox keçmir ki, öz fəlsəfəsini komandaya tam aşılaya bilir. Onun gəlişindən sonra “Barselona” daha çox qısa və sürətli ötürmələrlə oynamağa başlayır. Rəqiblərini topsuz qoyan “Barsa” getdikcə böyük hesablı qələbələrin sayını artırırdı. “Tiki-taka” adlandırılırdı Pepin oyun fəlsəfəsi. Halbuki özü illər sonra verdiyi açıqlamada bunu təkzib etmişdi: "Tiki-taka" sisteminə nifrət edirəm. "Barselona"da "tiki-taka" futbolu oynatmırdım. Bunu insanlar özlərindən uydururdular”.

“Nə edəcəyimizi bilmirdik, donub qalmışdıq”

2009-cu ildə “El Klasiko”ya hazırlaşan Pepin ağlına yeni ideya gəlir: Lionel Messini “gizli 9” mövqeyində oynatmaq. Gecəyarısı argentinalı futbolçuya zəng edən Qvardiola çox önəmli şey deyəcəyini bildirərək, onu yanına çağırır. Pep Messiyə yeni mövqeyini izah edir. Ertəsigün baş tutan görüşdə “Barselona” “Real”ı 6:2 hesabı ilə məğlub edir. Madridlilərin müdafiəçisi Kristof Metzelderin oyun sonrası açıqlaması Pepin dahi məşqçi olduğunu isbatlayır: “Fabio Kannavaro ilə nə edəcəyimizi bilmirdik. Geridə qalmalıydıq, yoxsa Messini orta xətdə qarşılamalıydıq? Buna heç cür qərar verə bilmədik. Donub qalmışdıq”.

Düzdür, Pepin Messini mərkəz hücumçusu mövqeyində oynatmasından narazı qalanlar da var idi. Bu dəyişiklikdən sonra “Barselona”da həmin mövqenin futbolçuları məcburən ehtiyatda qalır və ya cinahda oynamalı olurdular. Çox keçmir ki, dünya ulduzu Zlatan İbrahimoviçlə Pep arasında problem yaşanır. İsveçli forvard özü qala-qala Messinin mərkəz hücumçusu mövqeyində yer almasını qəbul edə bilmirdi. Bu səbəbdən onun “Barsa” karyerası çox çəkmir.

4 mövsümə 14 kubok və “Barselona”dan 2-ci ayrılıq

Qvardiola “Barselona”nı çalışdırdığı 4 mövsüm ərzində nə az, nə çox, düz 14 kubok qazanır - 3 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Superkubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə də Klublararası dünya çempionatının qalibi olur.

2012-ci ildə "Barselona" La Liqada öz meydanında "Real"a uduzur və həmin mövsüm İspaniya çempionu ola bilmir. Çempionlar Liqasında isə komanda yarımfinalda "Çelsi"yə məğlub olur. Nəticədə Qvardiolanın “Barselona” erası başa çatır. O, öz istəyi ilə postundan ayrılır. Məşqçilik fəaliyyətinə 1 illik fasilə verən Pep həmin müddətdə ailəsi ilə birlikdə Nyu-Yorkda yaşayır.

Pepdən əl çəkməyən “Çempionlar Liqası lənəti”

2013-cü ildə Pepin məşqçilik karyerasında yeni səhifə açılır: o, Almaniya nəhəngi “Bavariya”nın “sükanı arxası”na keçir. Özü də bu postda son mövsümdə Bundesliqa, ölkə kuboku və Çempionlar Liqasının qalibi olan Yupp Haynkesi əvəzləyir. “Bavariya”nın futbolçuları Pepin oyun fəlsəfəsinə alışa bilsə də, alman mediası onun dövründə komandanın sərgilədiyi futboldan çox da razı qalmır. Qvardiola Münhen klubunda işlədiyi müddətdə 3 dəfə Almaniya çempionatı, 2 dəfə ölkə kuboku, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi adını qazanır. Lakin heç cür Çempionlar Liqasının kubokunu “Bavariya”da başı üzərinə qaldıra bilmir. Bu səbəbdən 2016-cı ildə Almaniya nəhəngi ilə vidalaşır.

Elə həmin il İngiltərənin iddialı klublarından olan "Mançester Siti" onunla 3 illik müqavilə imzalayır. “Şəhərlilər”i ilk mövsümündə İngiltərə çempionu edə bilməyən Qvardiola sonrakı 2 mövsümdə bu missiyanın öhdəsindən gəlməyi bacarır. Lakin “Barsa”dan ayrıldıqdan sonra onu izləyən “Çempionlar Liqası lənəti” hələ ki Pepdən əl çəkməyib. “Mançester Siti”dəki ilk 3 mövsümündə ÇL-də uğur qazana bilməyən ispan çalışdırıcı bu mövsüm tilsimi qıracağına ümidlidir. Qrupda 1-ci yerdə qərarlaşan “Mançester Siti”, əvəzində, yuxarıda da qeyd etdiyimiz kimi, Premyer Liqada liderlik kürsüsündən uzaq düşüb.

Xanımı ilə 25 ildən sonra evlənib

Qvardiola həyat yoldaşı Kristina Serra ilə ilk dəfə geyim mağazasında qarşılaşıb. Həmin vaxt Pepin 18 yaşı olub. Tanışlıq qısa zamanda sevgiyə çevrilib. Cütlüyün 3 övladı - 2 qızı, 1 oğlu var. Xanımı ilə uzun müddət - 25 il birgə yaşadıqdan sonra 2014-cü ildə münasibətləri rəsmiləşdirib.

Qvardiolanın ən böyük hobbisi qolf oynamaqdır. Bu bacarığı futbolçu karyerasını Qətərdə davam etdirərkən üzə çıxıb. Pep həyatı boyu ateist olub.

Joze Mourinyo və ya Yurgen Klopp qədər manşetləri bəzəyəcək açıqlamaları olmasa da, Qvardiolanın da maraqlı sitatları az deyil.

“Məşqçi olacağıma 25 yaşımda qərar vermişdim”

- Mən dünyanın ən yaxşı məşqçisi deyiləm.

- İnstinktimə məntiqi düşüncədən daha çox güvənirəm. Bəzən qələbədən çox məğlubiyyətdən məmnunluq hissi keçirirəm.

- Məşqçi olacağıma 25 yaşımda qərar vermişdim.

- Həmişə yaxşı fiziki kondisiyaya sahib olmadığımı qəbul etmişəm. Bu halda necə uzun müddət futbol oynadığımı anlaya bilmirəm.

- Bizi ancaq qələbədən-qələbəyə yada salırlar. Qalib gələ bilmirsənsə, ən yaxşı halda lətifə personajı olaraq yaddaşlarda qalacaqsan.

“Messi mələk üzlü yırtıcıdır”

- Mənim futbol fəlsəfəm sadədir: top yoxdursa, ötürmə də yoxdur, ötürmə yoxdursa, oyuna nəzarət də yoxdur, nəzarət yoxdursa, deməli, futbol da yoxdur. Topdan sürətli qaça bilməzsən.

- Deyirlər ki, futbol komandası ilə müqayisədə qadını dəyişdirmək daha asandır. Həqiqətən, elədir!

- Messi yaxşı formadadırsa, onu heç bir müdafiəçi dayandıra bilməz. Leonun qarşısını kəsəcək taktiki sxem yoxdur!

- Messi mələk üzlü yırtıcıdır.

- Messinin nailiyyətləri heyrətamizdir. Başqalarının onun rekordlarını qırması üçün 600 il vaxt lazımdır.

“O, ana bətnində olandan yaxşı futbolçudur”

- Gənc oyunçulara həmişə Andres İnyestanı misal çəkirəm. O, əla futbolçudur və bunun üçün nə tatuaja ehtiyacı var, nə də saçını boyamasına. İnyesta ana bətnində olandan yaxşı futbolçudur.

- Geniş heyəti o qədər də sevmirəm. Az futbolçu az problem deməkdir.

- Həyat yoldaşım arada taktikamdan narazı qalır. O düşünür ki, son oyunda qalib gələn heyətə növbəti görüşdə də şans verməlisən. Rotasiya anlayışını ona izah etmək çətindir, nəinki Aryen Robbenə ehtiyatda qalacağını söyləmək.

- Məşqçilik karyeramda çalışdırdığım ən ağıllı futbolçu Filipp Lam olub.

“Qayıtdığımı görsəniz, başıma çəkiclə vurarsınız”

- Bir dəfə Aleks Ferqyuson məni restorana dəvət etdi. Çox yaxşı vaxt keçirdik. Onda ingilis dilini əla bilmirdim. Ser Aleks sürətli danışanda nə dediyini başa düşmürdüm. Kim bilir, bəlkə də, həmin vaxt mənə nəsə təklif edirmiş.

- "Barselona"ya qayıtdığımı görsəniz, başıma çəkiclə vurarsınız.

- Bir klubda uzun müddət çalışanda vaxt gəlir, futbolçular səndən bezirlər, sən isə onlardan. Səhər tezdən oyanırsan və başa düşürsən ki, artıq getmək vaxtıdır.

- Mən Messini dünyanın ən yaxşı futbolçusu etmək istədim, amma sonunda o məni dünyanın ən yaxşı məşqçisi etdi.

 

# 5923
avatar

Rizvan Babayev

Oxşar yazılar