Bakıda bağırsağı çöldə körpə doğuldu - FOTO
09 dekabr 2019 11:31 (UTC +04:00)

Bakıda bağırsağı çöldə körpə doğuldu - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezinden doğulmuş körpənin müalicəsi uğurla nəticələnib.

Bu barədə Lent.az-a klinikanın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib ki, uşaq qeysəriyyə yolu ilə vaxtından əvvəl – 32-33 həftəliyində 1,8 kq çəki ilə dünyaya gəlib:

“Hamiləlik zamanı başqa klinikada dəfələrlə müayinələrdə olmasına baxmayaraq, dölün bətndaxili diaqnozu elə bizim TCK-da qoyulub. Belə ki, hamiləliyin 30-cu həftəsində qastroşizis diaqnozu qeydə alınıb. Qastroşizis - inkişaf qüsurudur. Qarının ön divarında, göbək ətrafında əzəli qatı bətn daxilindən defektiv olduğundan, bağırsaqlar qarın boşluğunda deyil, xaricdə olur".

A.Rüstəmxanlı bildirir ki, bu cərrahiyyə əməliyyatı çox mürəkkəbdir.

“Qarındaxili sahə kiçik qalır, orqanların yenidən yerinə yerləşdirilməsi cərrah ücün çətinlik təşkil edə bilər. Eyni zamanda, bu xəstələrə əməliyyatdan sonrakı dövrdə peşəkar neonatal xidmət tələb olunur. Belə ki, xəstələrdə bu dövrdə bağırsaq nekrozu - Nekrotik enterokolit xəstəliyi, erkən neonatal sepsis, böyrək çatışmazlığı yaranma ehtimalı yüksəkdir.

Hamiləliyin 3 ayından etibarən qastroşizin bətndaxili diaqnoztikası mümkündür və erkən diaqnostika vacibdir. Bu zaman hamilələrdə polihidroamnioz - dölyanı suyun çoxluğu olur, bətndaxili inkişafdan qalma, bətndaxili ölüm risqi, erkən doğum riski gözlənilir”.

Doğumdan dərhal sonra ilk növbədə qarının defektiv nahiyəsinin, orqanların sterilliyi qorunaraq vəziyyəti stabilləşdirilir, əməliyyata hazırlanaraq cərrahi müdaxilə aparılır - bağırsaqlar qarın içinə yerləşdirilir və qarın örtülür”.

Həkim bildirir ki, dölyanı suyun çox olması, dölün bətndaxili inkişafının zəifləməsi ilə yanaşı, ürək döyüntülərinin və hərəkətlərinin zəifləməsi müşahidə olunduğundan, körpənin sağ qalması üçün hamiləliyin 32-33-cü həftəsində sonlandırılması qərara alınıb:

"Körpə noyabrın 20-də dünyaya gəlib. Cərrahi əməliyyatdan sonra balaca ATU TCK-nın neonatologiya şöbəsində müalicə alıb".

Aygün Rüstəmxanlı qeyd edir ki, əməliyyatdan sonra həm qarındaxili təzyiqin artması və bunun diafraqmanı sıxması nəticəsində yaranan tənəffüs çatışmazlığıyla yanaşı, vaxtından erkən doğulmuş körpələrdə görünən “Respirator Distress Sindromu” səbəbindən yenidoğulmuş 3 gün ağciyərlərin süni ventilyasiyası aparatında tənəffüsün məcburi dəstəklənməsi, 1 gün CPAP - köməkçi tənəffüs dəstəyi aparatında tənəffüs terapiyası aparılıb:

“Antibakterial, infuzion terapiya aparılmış, hissəvi parenteral qidalanma 9-cu günündən etibarən ana südü olmaqla tam enteral qidalanmaya keçirilib. Göründüyü kimi körpəmizdə gözlənilən heç bir fəsad olmayıb. Dekabrın 2-də körpə çəkisini artıraraq sağlam vəziyyətdə evə yazılıb”.

A.Rüstəmxanlı deyir ki, körpənin doğulması və sonrakı müalicəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasının peşəkar həkimlərinin rolu böyükdür:

“Başda uşaq cərrahı, professor Dr. Ramiz Poluxov olmaqla uşaq cərrahiyyəsi komandasına ailənin adından da, öz adımdan da dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, əsl uğur - müsbət nəticənin ən qısa müddətdə, ən zərərsiz və ən fəsadsız əldə olunmasıdır!

Qastroşizis diaqnozlu, həm də vaxtından erkən doğulmuş körpəni 12 gün sonra evinə sağlam şəkildə yola salmaq qürurvericidir. Bu, ATU TCK-nın işinin dünya standartlarına uyğun aparılmasının göstəricisidir.

Körpənin müalicəsində yanımda olan, xidmətimizin qüsursuz olması üçün çalışan hər kəsə - neonatologiya şöbəsinin əməyi keçən bütün həkim-tibb personalına təşəkkürlərimi ünvanlayıram”.

# 1277
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar