10:18
07 Dekabr 2019

Heyvan bazarlarından gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Həyat üçün vacib amillərdən sayılan qida faydalı olduğu kimi, təhlükəyə də çevrilə bilir. Demək olar ki, yediyimiz hər qidada heyvan mənşəli nələrsə olur. Bu baxımdan, sağlam qidalanmaq üçün heyvanların sağlamlığı da vacibdir.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin fikrincə, heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil: “Bizim birinci məqsədimiz Azərbaycanda zoonoz-heyvan mənşəli xəstəliklərin qarşısını almaq, heyvanların identifikasiyasını həyata keçirməkdir".

Görəsən, Azərbaycanda identifikasiyasını həyata keçirmək üçün hansı çətinliklər var və prosesi aparmaq nə dərəcədə mümkün olacaq?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Lent.az -a bildirib ki, dünya ölkələri heyvandalıqda identifikasiya sistemini çoxdan tətbiq ediblər: “Bu, çox vacib məsələlərdən biridir. Son illər aparılan elmi araşdırmalar göstərir ki, insanların yoluxduğu xəstəliklərin təxminən 75 faizi zoonoz-heyvan mənşəlidir. Brüselyoz 100 faiz zoonoz mənşəli xəstəlikdir. Dünyada xəstəliyin əlacını tapa bilmirlər. “Qarayara”, “Dabaq” və digər heyvan mənşəli xəstəliklər insana keçə bilər. Zoonoz xəstəliklər iki cür olur: Heyvanla birbaşa təmas vasitəsilə insana keçə bilən və heyvani məhsullarından keçənlər. Dünya Epizootik Təşkilatının ən böyük məqsədi zoonoz xəstəlikləri nəzarətdə saxlamaqdır. Bu xəstəliklərin də insana keşməsinin qarşısnı almaq üçün identifikasiya sistemi tətbiq olunur. İdentifikasiya hər bir heyvanın nömrələnməsi, “birka”lanmasıdır. Həmin “birka” cip xarakteri daşıyır. Heyvanın sağlamlığı, südünün yağlılığı və digər məlumatlar həmin cipdə əks olunur. Heyvanlar bu yolla nəzarətdə saxlanılır”.

N.Nəsirlinin sözlərinə görə, bu, vacib sistem olsa da, qurmaq üçün ilk növbədə ölkədə heyvandarlıq sahəsində damazlıq sistemi tətbiq olunmalıdır: "Heyvandarlıqda yarımqapalı və qapalı rejimə də keçilməlidir. Heyvan təsərrüfatları dağınıq olarsa, identifikasiya sistemini qurmaq mümkün deyil. Bizdə heyvandarlıq 100 faiz köçəri, yəni otarma mədəniyyətinə əsaslandığı üçün hansı bölgələrdə, hansı dərələrdə heyvan sürülərin olması, sürülərin hərəkəti, onalara kimin nəzarət etdiyi aydınlaşdırılmalıdır. Dünyada iribuynuzlu heyvandarlıqda 100 faiz qapalı rejimə keçilib. Azərbaycanda 30 milyon quş, 8 milyon xırdabuynuzlu, 2 milyon 800 baş iribuynuzlu mal-qara var. Bizdə yarımqapalı və qapalı rejim təəssüf ki, hələ indi başlayır. Onlar da iri aqroparklardadır. Amma naxır sürülərinin demək olar ki, 90 faizi açıq sahələrdədir. Ən ciddi problem isə odur ki, naxır sürüsünün 97 faizi xırda ailə təsərrüfatlarına mənsubdur. İki başdan on başa qədər heyvan xırda fermer təsərrüfatlarına aiddir və ailə təsərrüfatlarının identifikasiyasını qurmaq mürəkkəbdir, amma olmalıdır”.

Ekspert bildirib ki, identifikasiya evdə saxlanılan heyvanlara da şamil olunur, eləcə də balıqçılıq təsərrüfatlarında da həyata keçirilir: “Balıqçılıq təsərrüfatlarında bir az fərqli olsa da, orada bu sistemi qurmaq mümkün olur və bu dünya təcrübəsində var”.

Heyvan bazarlarından gələn təhlükə

N.Nəsirlinin sözlərinə görə, ən ciddi problemimiz heyvan bazarları ilə bağlıdır: “Heyvan bazarlarında satılan heyvanların 99 faizi xəstəliklərə yoluxmuş və ya sirayətlənmə dərəcəsində olandır. Dünyada heyvanı satanda bazara çıxarmırlar. Fərdi qaydada təsərrüfatlardan alınır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, digər icra qurumları regionlarda fəaliyyət göstərən heyvan bazarlarında epizootik vəziyyəti nəzarətə götürməlidir. Yoluxucu xəstəliyi olan heyvanlar satılır. Əgər xəstə heyvan satılarsa, belə xəstəliklər sürətlə digər bölgələrdə də yayılır. Bundan başqa, fermer təsərrüfatlarında vaksinasiya ya unudulur, ya da gecikdirilir. Bu da heyvanların xəstəliyə tutulmasına yol aça bilər”.

Dİgər xəbərlər