Qeybə çəkilən qurd, Bozqurdun gizli emissarları... – Azərbaycanda sensasion tapıntı – Səbuhi Məmmədli yazır – SON
03 dekabr 2019 16:46 (UTC +04:00)

Qeybə çəkilən qurd, Bozqurdun gizli emissarları... – Azərbaycanda sensasion tapıntı – Səbuhi Məmmədli yazır SON

Gecənin zil qaranlığında qapı taqqıltıyla elə döyüldü ki, böyüklü-kiçikli hamı yerindən dik atıldı. Kim idi, görəsən, belə bivaxt gələn? Həyətin darvazasını açanda iki nəfər tanımadıqları şəxslə qarşılaşdı evin böyüyü.

- Gecəniz xeyir... Ənvər babanın evidir?

Tanımadıqları vaxtsız qonaqlara “elədir ki, var” dedilər. Bir qədər də duruxandan sonra içəri dəvət etdilər onları. Hə, təkcə o iki nəfəri də yox, sən demə maşında daha üç nəfər varmış. Evə girənədək, gecənin bu zülmət qaranlığında, soyuğun iliyə qədər işlədiyi saatda samovar qaynayanadək o 3 nəfər susacaqdı. Bir də süfrəyə çay veriləndə tanışlıq başlayacaqdı. Və... Və məlum olacaqdı çox uzaqdan gəliblər bu dinməz qonaqlar. Həm də elə bir iş üçün gəliblər ki…

 

***

 

...Hər şey 1905-ci il avqustun 8-də gecə saat 2 radələrində Şuşada küçə fənərlərini yandıran Kərbəlayı Məmmədhüseyn adlı şəxsin vəhşicəsinə öldürülməsindən sonra başladı. Bundan bir neçə gün sonra isə ermənilər Cəbrayıl qəzasının Veysəlli, Qacar, Çəmən, Arış, Qışlaq kəndlərinə basqın edirlər. Sağ qalan əhali ev-eşiyindən didərgin salınır. Kəndlər qarət olunur, evlər yandırılır. Çar üsul-idarəsi isə sanki heç nə olmayıbmış kimi, susur, qırğınlara müdaxilə etmir. Ermənilərə, yarıtmaz çar idarəçiliyinə ilk etiraz isə qurdlardan gəlir. Xüsusən, Cəbrayıl, onun qardaşları Cəfər, Cəbi ermənilərin qabağına ilk çıxanlar olurlar. Amma çar, xüsusən də Yelizavetpol qubernatoru bunu onlara bağışlamır. Az müddətdən sonra qurdlar Kürdəmirə sürgün edilirlər. Və taleyin işinə baxın, onlar çox yox, 13 il sonra yenidən Kürdəmirdə də ermənilərlə üz-üzə gələcəkdilər.

 

Otuza yaxın ailə köçürülür Kürdəmirə. İndiki Qurd Bayram kəndi ərazisinə. Amma qısa müddətdə qurdların sayı artır. Ağsunun Ərəbmehdibəyli kəndinə qədər böyük bir arealda yayılırlar. Təsadüfi deyil ki, adı gedən kənd də daxil olmaqla, Ağsu rayonu ərazisində indi də qurd tayfasından olan xeyli insan yaşayır.

 

***

 

Sürgündən sonra Cəbrayıl və qohumları, öyrəşmədikləri iqlim şəraitinə baxmayaraq, böyük təsərrüfat yarada bilirlər. Qısa müddətdə tayfanın ixtiyarında artıq minlərlə qoyun-quzu, mal-qara, at ilxıları vardı. Amma hər şeyin onlar üçün yaxşı getdiyi bir vaxtda, necə deyərlər, aləm dəyir bir-birinə. Çarın devrilməsinə nə qədər sevinsələr də, alınlarına yenidən ermənilərlə döyüşmək yazılmışdı qurdların.

 

1918-ci ilin martından başlayaraq ermənilər Bakıda, Azərbaycanın hər yerində qırğınlar törədirdilər. Kürdəmir də daxil olmaqla, ətraf kəndlərdə, xüsusən də Sığırlı, Qarabucaqda vəziyyət gərgin idi. Bir tərəfdən də bolşevik-daşnak ordusu Azərbaycana köməyə gələn Osmanlı ordusunun qarşısını kəsmək üçünü Kürdəmir istiqamətində hücuma keçmişdilər.

Fazil danışır ki, həmin ərəfədə babası Cəbrayıl qısa zamanda böyük bir silahlı dəstə yaradır. Təkcə qurdlar yox, ətraf  ərazilərdən olan könüllülər də o dəstədə birləşir.

 

- Babama xəbər çatıbmış ki, artıq türklər gəlir. Onlar gələnə kimi qırğına da yol vermək olmazmış. Deyib, türklər gələnə kimi dözməliyik. Elə də olur. Babamgil təkcə müdafiə olunmurlar. Onlar ermənilərin Kürdəmir yaxınlığındakı düşərgəsinə basqın edib, xeyli düşməni məhv edirlər. Qadınları, qocaları, uşaqları xüsusi yerdə gizlədirlər ki, zərər çəkən olmasın. Amma gecə-gündüz postlardan çəkilmirlər. Məhz bu səbəbdən Kürdəmirin, indiki Ucar rayonunun Müsüslü, Bərgüşad kəndləri ərazisində tələfat olmur.

Hə, türklər, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri bir də iyunun əvvəllərində adıgedən əraziyə gəlib çıxırlar.

 

Ən ağır döyüşlər indiki Müsüslü ərazisində gedib. Elə ermənilərin qərargahı da məhz bu ərazidə olub. Təsadüfi deyil ki, Qarabucaq kəndiylə Müsüslünün arasında olan əraziyə yerli camaat indiyədək “erməni batan” deyir.

 

***

 

Qurdlar üçün iki il sakit keçir. Cümhuriyyət dövründə onlar yenidən təsərrüfatları ilə məşğul olurmuşlar Elə Cəbrayıl və tayfası da...

Mən Fazildən Qurd Cəbrayılın təvəllüdü barədə soruşuram.

“Bu barədə dəqiq heç nə deyə bilməyəcəm. Amma bircə dəqiq fakt odur ki, Kamran babamız, yəni Cəbrayılın oğlu 1892-ci ildə anadan olub. Belə deyək də, təxminən 1868-1870-ci il təvəllüdlü ola bilər. O ki qaldı ölüm tarixinə, onu deyə bilməyəcəm. Çünki öldü-qaldısı da bəlli deyil”.

Bu necə ola bilər axı? Hə, sən demə eləymiş. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra əksər varlı insanlar kimi, Cəbrayıl və qurdlara da qənim kəsilirlər. Fazil deyir ki, təkcə onun İmran babasının 5 mindən çox qoyununu, mal-qarasını müsadirə edirlər.

- Qarabucaqdan tutmuş, Ərəbmehdibəyliyə kimi torpaqlar onun imiş. Onlarla qul-qaravaş, çoban saxlayırmış yanında. Amma bir günün içində alırlar əlindən. Eləcə də Cəbrayıl babanın, digərlərinin.

Cəbrayıl isə baş verənlərlə barışmaq istəmir. Çünki çar zülmündən xilas olub, bu dəfə bolşeviklərin əsarətinə düşməyə istəmirmiş. Müqavimət göstərmək üçünsə əməlli güc lazımmış. Bir yandan da yaş öz sözünü deyirmiş. Əslində Fazil üçün babaları haqda danışmaq çox çətindir.

 

- Çünki günlərin bir günü yox olub. Bilmirik, qeybə çəkilib, nədi. Türkiyəyə keçib, İrana keçib, bilmirik. Amma belə olsaydı, mütləq səsi çıxardı, sorağı gələrdi. Oğlanları Kamran baba, Alıcı baba heç nə bilmirlər, bu barədə. Eləcə də Feyruz baba. Hə, nəslin, qurdların yeganə ağsaqqalıdı Feyruz babamız. Dünən yenə bir qurdu dəfn etdik. Feyruz baba da gəlmişdi 90 yaşında dəfnə. Hər dəfə bir qurd köç edəndə gəlir qəbiristanlığa. Çox vaxt özü qazır qəbirləri, özü dəfn edir. Bəlkə də yüzə yaxın qurdu dəfn edib. Çox ağırdır. Hər dünyadan köçən bir qurd, böyük bir nəslin itkisi deməkdir.

 

***

Zaman 1993-cü ilin oktyabrı. Qurdların qapısı döyülür. Hə, Ənvər babanın. Gələnlər Türkiyədən idilər. Onları bura göndərən isə türk dünyasının “baş qurdu” Alparslan Türkeş. Məqsəd isə qurd dilini öyrənmək olub, bizim qurdlardan. Bu qurd dili mərhum başbuğun nəyinə lazım imiş, bax, bu da bir sirri-xuda kimi olub indiyəcən. Elə Cəbrayıl kimi. Qurd Cəbrayıl kimi…

# 6910
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar